Azərbaycanlı fotoqraf Rza Diqqəti əfqanların əfsanəvi komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsudla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün Feysbuk səhifəsində yazıb.
Rza Diqqəti Əhməd Məsudla ötən aylarda Fransanın paytaxtı Parisdə görüşdüyünü bildirib və onunla birgə çəkdirdiyi fotosunu paylaşıb:
“Taliban onu Kabildəki Prezident Sarayına aparan şəhərləri bir-biri ələ keçirdikdən sonra Əfqanıstan qaranlıq dövrə qədəm qoydu. Dünya narahatdır və hərəkətə keçmək istəyir. Bu durum nə vaxta davam edəcək? Dünyanın başqa bir məsələyə diqqət kəsilməsinə və əfqan xalqını unutmasına nə qədər qalıb?
Əhməd Şah Məsudun ruhunun rəhbərlik etdiyi bir qrup əfqanıstanlı Pəncşir vadisində onun müqavimətçi oğlunun ardınca gedir. O, Əfqanıstan, sülh və demokratiya üçün yeganə ümiddir.
Mən atasının yaxın dostu olmuşam, dünya onun öldürüldüyü gündən bəri ağrı içindədir. Oğlumun çəkdiyi şəkildən də gördüyünüz kimi, Əhməd Məsudu sonuncu dəfə bir neçə ay əvvəl Parisdə gördüm və Əfqanıstanı heç vaxt unutmayacağıma söz verdim. Artıq qaranlıq və dini fanatizmə qarşı müqavimətdən əl çəkə bilmərik”.
Taliban Əfqanıstanı ələ keçirdikdən sonra minlərlə vətəndaş ölkədən qaçmaq üçün yol axtardığı vaxtda müavimət hərəkatından parçalanmış xalqda ümid yaradacaq addım atıldı. Talibanla mübarizəsi ilə yadda qalan və “əfsanəvi komandir” kimi tanınan Əhməd Şah Məsudun oğlu Əhməd Məsud müqaviməti alovlandırdı. Prezident Əşrəf Qani ölkədən qaçdıqdan sonra özünü müvəqqəti prezident elan edən Məsud Kabildən təxminən 160 kilometr uzaqlıqdakı Pəncşir əyalətindən xalqı mübarizəyə çağırmağa başladı. O, taliblərə təslim olmayacağını və döyüşəcəyinə söz verib.
“Məni dinləyən milyonları məyus etməyəcəyəm. Mən heç vaxt Talibanla eyni dam altında olmayacağam. Heç vaxt...”, - Şahın oğlu bildirib.
Sözügedən bölgə 1990-cı illərdəki vətəndaş müharibəsi zamanı da uzun müddət Talibana qarşı mübarizəsi ilə ad qazanmışdı. Pəncşir bu gün də Əfqanıstanda Talibana təslim olmayan yeganə əyalətdir.
Qeyd edək ki, Əhməd Şah Məsud 1979-1989-cu illər arasında sovet işğalına qarşı müqavimət göstərərən partizan hərəkatının komandanı olub. O, 1990-cı illərdəki vətəndaş müharibəsindəki mübarizəsi ilə də diqqət çəkib. 1995-ci ildə hakimiyyəti ələ keçirən Talibana qarşı mübarizəsini davam etdirən Şah Məsud 2001-ci ilədək döyüş cəbhəsindən geri çəkilməyib. Həmin il sui-qəsd nəticəsində həyatını itirib.