28 Oktyabr 2021 09:32
3 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlcə Ötükəndə - indiki Monqolustan, daha sonra Uluq Türküstan adlanan Orta Asiyanın müxtəlif bölgələrində dövlətlər quran uyğurlar bu gün Şərqi Türküstanda yaşayırlar. Mahmud Kaşğarinin bu adla bağlı verdiyi məlumatlar daha çox xalq etimologiyasına əsaslanır. Uyğurların adını çəkən Çin mənbələri onların hunların soyundan gəldiklərini bildirir və “xixo” (uçan şahin) adlandırırlar. Qohum boylarla birlikdə onlara “Doqquz Oğuz”, “On Uyğur” deyirlər.

IV-V əsrlərdə Toba dövləti dövründə Töles adını götürdülər. Çinlilərlə müqayisədə uyğurlar sayca çox olmasalar da, istedadlı və cəsur idilər; onların iri təkərləri olan arabaları vardı. Bu arabalardan həm köçlərdə, həm də müharibələrdə istifadə edirdilər. Selenqa və Orxon çaylarının sahillərində yerləşən Töles tayfaları Göytürk dövləti qurulanda onların suverenliklərini tanıdılar. Baykal gölünün cənubundakı bozqırlarda azad yaşayırdılar. VII əsrdə göytürklər çinlilərə məğlub olduqdan sonra Töles qoşunları dağıldı.

Uyğurların dövrü

Orxon çayı sahilində paytaxt Ordu-Balıq şəhərini quran ilk Uyğur xaqanı Qutluq Bilgı Kül bir illik hakimiyyətdən sonra – 746-cı-ildə vəfat etdi. Ondan sonra taxta oğlu Bayan Çur xaqan (747-759) çıxdı. Bayan Çurun fəaliyyətləri haqda Orxon və Selenqa çaylarının ortasındakı Şine-usu gölünün yaxınlığında ucaltdığı “Bəngü daşı”nda məlumatlar yer alıb. Buna görə də o, əvvəlcə Doqquz Oğuz boylarını özünə tabe edib. Bundan sonra Orxon-Ötükən bölgəsi ətrafında məskunlaşmış köçəri və türk dilində danışan boyları idarə etmək siyasəti yürütməyə başlayıb. Bu məqsədlə şimalda Yenisey çayı yaxınlığındakı qırğızlara, Altay və İlah dağlarının arasındakı qarluqlara, qərbdə onlara kömək edən türgişlər, Yenisey, Obi və İrtış çaylarının arasındakı basmıl, doqquz tatar və çiklərə qarşı döyüşərək, onların hamısını öz xaqanlığına tabe edib.

Həmin vaxt vuruşduqları boyların arasında adı çəkilən səkkiz oğuzların dağılmağa başlayan göytürklərin əsas boyları olduğu deyilir. Beləliklə, türk əyan və tayfalarını öz hakimiyyətinə tabe edən Bayan Çur Uyğur Xaqanlığını möhkəm təməllər üzərində gücləndirdi.

İlk türk şəhərləri

Uyğurlar hunlar və göytürklərdən fərqli olaraq, oturaq həyat tərzini mənimsəmişdilər. Oturaq həyat tərzinə keçmələri ilə əlaqədar olaraq təsərrüfat, sənət və ticarətdə uğurlar əldə etmişdilər. Kanallar salaraq, təsərrüfat işlərində yeniliklərə imza atmışdılar. Ticarətlə məşğul olan uyğurların Hindistan, Tibet və Mavəraünnəhrlə geniş əlaqələri vardı.

Uyğurlar siyasi uğurlarından çox mədəni və sivil fəaliyyətləri ilə tanınırdılar. Bilgə Xaqanın öz adına ucaltdığı Qarabalqasun adlı abidələr indi də qalır. Eyni zamanda, kitab çapı və kağız istehsalı texnikasını bilən uyğurların dünya mədəniyyəti tarixində dəyərli yeri mövcuddur.

Uyğur ziyalıları ərəb və hind dillərindən tərcümələr ediblər. Uyğurlardan qalan ən mühüm əsər Yusif Xas Hacibin “Kutadqu Bilig” əsəridir.

Türk tarixində ilk dəfə şəhər və qəsəbələr salaraq ilk türk memarlıq əsərlərini yaradıblar. Çinlilərlə yaxın münasibətlər qurduqdan sonra kağız və çapdan istifadə etməyə başlayıblar.

Dini dəyişiklik

Uyğurlar ilk din dəyişən türk qoludur. Bögü xaqan kömək üçün getdiyi Çindən ölkəsinə qayıdarkən özü ilə dörd mani rahibi gətirmişdi. Bundan sonra türklərin arasında mani dini yayılmağa başladı.

Manixeyizm heyvan mənşəli qidaların yeyilməsini qadağan etmiş, döyüşçülük hislərini zəiflətmiş və uyğurların həyat anlayışında böyük dəyişikliklərə səbəb olmuşdu. Amma bundan sonra mani və buddizmlə əlaqəli məbədlər tikdilər, memarlıqda inkişaf etdilər.

Uyğurlar monqolların hakimiyyəti altında yaşayarkən - 751-ci ildə ərəblərlə çinlilər arasında baş vermiş Talas döyüşündən sonra müsəlman olublar. Eyni zamanda, uyğurlar monqolların türkləşməsində ciddi rol oynayıblar.

Mədəni tərbiyə

Uyğur Xaqanlığı dövrün ən qabaqcıl və maarifçi ölkəsi idi. Hüquqi dövlət qurmuşdular. Xarici ölkələrdə yaşayan uyğurlar üçün müdafiə əsaslı qanunlar hazırlamışdılar. Ölkə sakinlərinin qorunması üçün vəkillər yetişdirmişdilər.

Uyğur saraylarındakı yerli və əcnəbi tarixçilər, alimlər, şairlər, rəssamlar, elm adamları dövlət tərəfindən qorunurdu. Çinli səyyahlar bildirirlər ki, uyğurlar öz ölkələrində kitabxanalar qurmuşdular.

Uyğurlar XII əsrdən etibarən Orta Asiyada türk-monqol xalqlarının mədəni tərbiyəsində mühüm rol oynayıblar.

Şərqi Türküstandakı qədim xarabalıqlarda aparılan qazıntılarda uyğurlara dair çox sayda tarixi material əldə edilib. Bunlar qədim uyğur dili və ədəbiyyatının nə qədər əzəmətli olduğunu göstərir. Əksəriyyəti müxtəlif dinlər, astrnomiya, təbiət və ədəbiyyata dair tərcümələrdir. Burada uyğur hökmdarlarından birinin ətraf ölkələrdən məlumat almaq üçün səfərə göndərdiyi şəxslərin qeydləri də var.

Uyğur hərfləri ilə ilk tanış olan XI əsrdə Mahmud Kaşğari olub.

Uyğur əlifbası

Uyğurların 14 hərfdən ibarət əlifbaları olub.

Uyğurlar yunan, brahma, tibet, süryani, soqa, uyğur, mani əlifbalarından istifadə ediblər. Buddizm dininə aid hind hərfləri ilə türkcə mətnlər avropalı araşdırmaçılar tərəfindən tapılıb. 629-cu ildə soqa əlifbası buddist uyğurlar tərəfindən istifadə olunub. Sonralar mani dininə mənsub olanlar mani əlifbasından, xristian uyğurlar isə süryani əlifbasından istifadə ediblər.

Soqa əlifbası ilə ilk dəfə Qarabalqasun abidəsində yazıblar. Bu hərflərin əvəlcə uyğurlara aid olduğu düşünülsə də, almaniyalı tədqiqatçı Fridrix Vilhelm Karl Müller bunun soqa əlifbası olduğunu üzə çıxardı. Amma soqa hərfləri uyğur hərflərinin qarşılığıdır. Uyğur əlifbası soqa əlifbasının inkişafında müstəsna rol oynayıb.

Xaqanlığın süqutu

Uyğurlar türk tarixində oturaq həyata keçərək şəhər-dövlət qurma, elm və sənət sahələrində uğurlu cəhdləri ilə tanınsalar da, manixeyizm dinini qəbul edərək döyüşçü kimliklərini itirmişdilər. Bu da onları kənardan gələn təhlükələrə qarşı müdafiəsiz qoymuşdu. Son hökmdarının – Öge xaqanın ölümündən sonra zəifləyən və və başsız qalan Uyğur dövləti qırğızların hücumları nəticəsində 840-cı ildə daha zəiflədi və süqut etdi.

Xaqanlığın süqutunun başlıca səbəblərindən biri 839-cu ildə başlayan aclıq, quraqlıq, şiddətli soyuq, epidemiya və qırğızların artan hücumları idi. Qırğızlar bundan istifadə edərək hücuma keçmişdilər.

Tibetlilərin və qırğızların hücumu ilə dağıdılan Uyğur Xaqanlığı yox olduqdan sonra uyğurlar Qərbə köç edərək kiçik, dağınıq dövlətlər qurdular. Nəhayət Çingiz Xanın dövründə bütün uyğurlar monqolların hakimiyyəti altına keçdilər. Beləliklə, son uyğur dövləti də 1212-ci ildə tarix səhnəsindən silindi. Bu gün də müstəqil ola bilməyən uyğurlar indi Çinin şimal-qərbində yaşayırlar.


Müəllif: Mənsur Rəğbətoğlu