Marsda vaxtilə okeanların olduğu məlum idi. Bunun səbəblərindən biri Marsın Yerdəkinə bənzər qoruyucu maqnit sahəsinə malik olmasıydı. Amma bu maqnit sahəsi yoxa çıxıb. Yeni araşdırma, nəhayət, bunun səbəbini izah edə bilər.
Teleqraf.com xəbər verir ki, Marsın nüvəsində milyardlarla il əvvəlki şərtləri yenidən canlandıran tədqiqatçılar mövcud olduğu düşünülən ərimiş metalın sonradan itirilən qısamüddətli maqnit sahəsinə səbəb ola biləcəyini aşkar ediblər.
Tokio Universitetinin professoru Key Xiroseni məşğul edən xüsusi bir sual var: Əgər keçmişdə Marsın ətrafında maqnit sahəsi vardısa, bu sahə niyə var idi və belə qısa müddət qaldı?
“Yerin maqnit sahəsi onun nüvəsindəki ərimiş metalların anlaşılmaz konveksiya cərəyanları ilə idarə olunur. Digər planetlərdəki maqnit cərəyanlarının da eyni şəkildə işlədiyi güman edilir”, - Xirose deyib.
Amma onun sözlərinə görə, Marsın daxili tərkibi hələ məlum deyil:
“Meteoritlərdəki tapıntıları onun kükürdlə zənginləşdirilmiş ərimiş dəmir olduğunu göstərir. Bundan əlavə, NASA-nın “InSight” kosmik gəmisinin səthindən əldə etdiyi seysmik məlumatlar göstərir ki, Marsın nüvəsi əvvəllər düşünüldüyündən daha böyük və daha az sıxdır. Bu tapıntılar hidrogen kimi əlavə yüngül elementlərin mövcudluğuna işarə edir”.
Elm adamları almazlar və lazerlərin istifadə olunduğu sınaqda sürpriz nəticələrlə qarşılaşıblar. Tədqiqatçılar Marsın nüvəsinin vaxtilə dəmir, kükürd və hidrogen (Fe-S-H) kimi elementlərdən ibarət olduğunu düşünürlər. Marsdan götürülmüş nümunəni iki almaz arasında yerləşdirən elm adamları onu infraqırmızı lazerlə qızdırıb və sıxıblar. Onların bunu etməkdə məqsədi nüvədə olduğu güman edilən temperatur və təzyiqi simulyasiya etmək idi. Nümunənin rentgen və elektron şüaları ilə müşahidələri təzyiq altında ərimə zamanı baş verənləri vizuallaşdırmağa imkan verib. Hətta bu müddət ərzində nümunənin tərkibinin necə dəyişdiyi də görülüb.
Xirose deyib: “Biz çox şeyi izah edən reaksiya görəndə şoka düşdük. Başlanğıcda homogen Fe-S-H birləşməsi bu cür təzyiqlər altında heç vaxt görünməyən mürəkkəbliklə iki ayrı mayeyə ayrıldı. Dəmir mayelərindən biri kükürdlə, digəri isə oksigenlə zəngin idi. Bu, Mars ətrafındakı maqnit sahəsinin əmələ gəlməsini və nəticədə yoxa çıxmasını izah etmək üçün açardır”.
Elm adamlarına görə, hidrogenlə zəngin və zəif kükürdlü bu aşağı sıxlıqlı maye kükürdlə zəngin və hidrogenlə zəif maye dəmirdən yuxarı qalxaraq konveksiya cərəyanlarına səbəb olub. Yerdəki cərəyanlara bənzər şəkildə, bu cərəyanlar da Mars ətrafındakı atmosferdə hidrogeni saxlaya bilən maqnit sahəsi yaradıb. Bundan sonra maqnit sahəsi suyun maye şəklində mövcud olmasına imkan verib. Amma bu uzun müddət davam etməyib. Yerin inanılmaz dərəcədə uzunömürlü daxili konveksiya cərəyanlarından fərqli olaraq, bu iki maye tamamilə ayrıldıqda maqnit sahəsini təmin edəcək heç bir cərəyan qalmır. Nəticədə Günəş küləklərinin kosmosa sovurduğu hidrogen, su buxarının parçalanmasına və nəticədə Marsda okeanların buxarlanmasına səbəb olub. Bütün bunlar təxminən 4 milyard il əvvəl baş verib.