Bir neçə gündən sonra Avropa Kosmos Agentliyinin “Juice” planetlərarası stansiyasının Yupiterin peyklərində 8 illik kosmik missiyası başlayacaq.
Teleqraf.com İngiltərənin “The Guardian” qəzetinə istinadla xəbər verir ki. bu, xüsusi olaraq uzaq planetlərin və ya göy cisimlərinin tədqiqi üçün başladılan ilk missiyadır, məqsəd həyat tapmaqdır.
“Yupiter ətrafında həyatın yarana biləcəyi yerlərin olub-olmadığını görmək istəyirik. Bunun üçün daxili enerjisi və suyu olan bir yer tapmaq lazımdır. Yupiterin buzlu peyklərinə gəlincə, Yerdəkindən daha çox su olduğuna inanmaq üçün yaxşı əsaslarımız var”, - projenin müəlliflərindən biri Olivye Vitasse deyib.
“Juice”nin aprelin 13-də Avropa Kosmos Agentliyinin Fransa Qvianasının Kuru şəhərindəki kosmodromundan buraxılması planlaşdırılır.
“Juice”nin 2031-ci ilin iyulunda Yupiterin orbitinə çıxacağı, 2034-cü ildə Kallisto, Avropa və digər peyklərə uçacağı gözlənilir. Bundan sonra aparatın Yupiterin və ümumilikdə Günəş sisteminin ən böyük peyki olan Qanimed ətrafında daimi orbitə çıxacağı bildirilir.
Əvvəllər ABŞ zondları Yupiterin üç əsas peyki - Qanimed, Kallisto və Avropada vaxtilə həyatın mövcudluğu üçün ilkin şərtləri yaradan maye sudan ibarət böyük buzlu okeanlarda həyat əlamətinin olduğunu aşkar ediblər. 2005-ci ildə Saturnun kiçik peyki Enseladdakı yeraltı okeandan kosmosa su və üzvi maddələr səpildiyini üzə çıxarıblar. Bunları nəzərə alaraq bəzi elm adamları Yupiter və peyklərinin Yerdən kənarda həyat axtarmaq üçün ən yaxşı yerlərdən biri olduğuna inanırlar.
“Juice” ilə eyni vaxtda NASA-nın (ABŞ) “Europa Clipper” planetlərarası missiyası da Yupiterə göndərilir. Bu kosmik gəminin Avropa peykini araşdıracağı gözlənilir. Buraxılış 2024-cü ilin oktyabr ayına planlaşdırılır.