Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunub.
Teleqraf.com xəbər verir ki, Ay Yerə ən yaxın məsafədə - orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olub və bu gün saat 05:37-də Dolu (Tam) Ay fazasına keçib.
Bu hadisələr arasındakı fərq 9 saat 45 dəqiqə olub. Perigeydə Aya qədər məsafə 357181 km təşkil edib. Buna görə də 2023-cü il avqustun 31-də müşahidə olunan Super Ayı ilin ən böyük Super Ayı adlandırmaq olar.
Super Ay hadisəsini Azərbaycan ərazisində avqust ayının 30-dan 31-nə keçən gecə saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə etmək mümkün olub. Bu hadisə adi Super Ay hadisələrindən biri hesab olunur. Sadəcə Dolu (Tam) Ay fazası bir ayda iki dəfə baş verirsə (birinci Super Ay hadisəsi avqust ayının 1-dən 2-nə keçən gecə baş vermişdi), ikinci Dolu Ay Mavi Ay adlandırılır.
Ay Yer ətrafında çevrə üzrə deyil, elliptik orbit üzrə hərəkət etdiyindən Ayın Yerdən məsafəsi daim dəyişir. Orbitdə ən yaxın nöqtə perigey, ən uzaq isə apogey adlanır. Lakin Günəşin və planetlərin cazibə sahələrinin təsiri nəticəsində perigey və apogey məsafələri stabil qalmır, periodik olaraq dəyişir. Perigey məsafəsi 356 420 km-dən 369 960 km-ə, apogey məsafəsi isə 404 180 km-dən 406 740 km-ə qədər dəyişə bilir. Son 100 ildə Ayın Yerə maksimal yaxınlaşması 1948-ci il yanvar ayının 26-da baş vermişdi. Bu zaman Aya qədər məsafə 356 462 km olmuşdu. Növbəti belə maksimal yaxınlaşma 2034-cü il noyabr ayının 25-də baş verəcək, bu zaman Aya qədər məsafə 356 447 km (indikindən 734 km daha yaxın) olacaq. Ümumiyyətlə, XXI əsrdə Ayın Yerə ən çox yaxınlaşması 2052-ci il dekabrın 6-da baş verəcək. Bu zaman Aya qədər məsafə 356 424 km olacaq.
Qeyd edək ki, super Ay insanların sağlamlığına təsir göstərmir və daşqınlar, zəlzələlər, vulkan püskürmələri və sunamilər kimi təbiət hadisələrinə səbəb olmur. Onlar yalnız adi Tam Aydakı qabarmalardan bir neçə santimetr yüksək qabarmalara səbəb olur. Super Tam (Dolu) Ay adi Tam Aydan bir qədər böyük və parlaq göründüyünə üçün insanları gecə səmasını öyrənməyə ruhlandırır və astronomiyanı daha da maraqlı edir.