3 Oktyabr 2023 15:28
8 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları qarşıdakı 5 ildə kainatda həyat axtarışı ilə bağlı mühüm məlumatların toplanacağını və yadplanetlilərlə qarşılaşmağımızın an məsələsi olduğunu iddia edirlər.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “Ceyms Uebb” kosmik teleskopu (JWST) bu yaxınlarda Günəş sistemindən kənardakı planetdə həyat haqda ümidverici ipucları aşkarlayıb.

Davam edən və ya başlamaq üzrə olan çoxsaylı kosmik missiyalar bütün zamanların ən böyük elmi kəşfi üçün yeni bir kosmik yarışın başladığını göstərir.

Şotlandiya Kral Rəsədxanasının rəhbəri, professor Ketrin Heymans yeni tədqiqatlarla bağlı deyib:

“Sonsuz ulduzlar və planetlərlə dolu sonsuz bir kainatda yaşayırıq. Bir çoxumuz əminik ki, orada yeganə ağıllı həyat biz olmaya bilərik. İndi kainatda tək olub-olmadığımız sualına cavab vermək üçün texnologiyamız və bacarığımız var”.

Teleskoplar uzaq ulduzların ətrafında fırlanan planetlərin atmosferini təhlil edərək, yalnız Yerdəki canlı orqanizmlərlə əlaqəli kimyəvi maddələri axtara bilir.

Yer üzündə sadə dəniz orqanizmlərlə əlaqəli qazın ilk əlaməti 120 işıq ili uzaqlıqdakı K2-18b planetinin atmosferində aşkar edilib. Planet astronomların “Qızıl kilid” adlandırdıqları yerdə yerləşir.

Planet öz ulduzundan kifayət qədər uzaqdadır ki, bu səbəbdən onun səthinin temperaturu nə çox isti, nə də çox soyuqdur və həyatı dəstəkləmək üçün lazım olan suyun maye şəklində mövcud ola biləcəyi qədər uzaqdır. Tədqiqatı davam etdirən elmi komanda bir il ərzində maraqlı ipuclarının təsdiq edilib-edilməyəcəyini öyrənməyə çalışır.

Araşdırmaya rəhbərlik edən Kembric Universitetinin Astronomiya İnstitutunun professoru Nikku Madusudxan ipuclarının təsdiqlənməsinin həyat axtarışı haqqında bildiklərimizi kökündən dəyişdirəcəyini söyləyir.

“Tədqiq etdiyimiz ilk planetdə həyatın izlərini tapsaq, bu, kainatda həyatın ümumi olması ehtimalını artıracaq”.

Professor qarşıdakı beş il ərzində kainat haqda bildiklərimizdə böyük dəyişikliklərin olacağını proqnozlaşdırır. Əgər onun komandası K2-18b-də həyat əlamətləri tapa bilməsə, axtarışlarını əvvəlcə “Qızıl kilid” zonasındakı 10 planetlə, bəlkə də digər planetlərlə davam etdirəcək. Bu, kainatda həyat əlamətləri axtaran bir çox projedən yalnız biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər