ABŞ-nin Vaşinqton ştatında polis şikayət əsasında bir evin qarajında köhnə və paslanmış nüvə raketi tapıb.
Teleqraf.com xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Ohayodakı Milli Muzeyi qeyri-adi təklif barədə məlumat vermək üçün polisə zəng etdikdən sonra tədbir görülüb.
Polis raketi muzeyə bağışlamaq istəyən şəxsin evinə bomba zərərsizləşdirmə qrupu göndərdikdən sonra bunun nüvə raketi olduğu üzə çıxıb.
Polis bunun MB-1 kimi tanınan “Douglas AIR-2 Genie” tipli, nüvə başlığı daşımaq üçün nəzərdə tutulmuş raket olduğunu açıqlayıb.
Üzərində döyüş başlığı olmadığı üçün raketin təhlükə yaratmadığı bildirilib.
Raketin sahibi polisə deyib ki, bunu mərhum qonşusundan alıb.
“Seattle Times”ın yazdığına görə, raket “soyuq müharibə” dövründə ABŞ və Kanada tərəfindən istifadə edilib. İlk və yeganə atışı 1957-ci ildə həyata keçirilən raketin istehsalı 1962-ci ildə dayandırılıb.