19 İyun 09:23
2 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onu Roma imperiyasının kabusu adlandırırlar. Dünya hərb tarixinin ən böyük strateqlərindən biri, adı Makedoniyalı İsgəndər və Yuli Sezar kimi böyük sərkərdələrlə birlikdə çəkilən, Atatürk, Napaleon kimi komandanların ən çox sevdiyi və döyüş strategiyalarını öyrəndiyi dahi şəxsiyyət, romalıları 21 döyüşdə ağır məğlubiyyətə uğradan istedadlı əsgər, hərb tarixçilərinin “Strategiyanın atası” adlandırdığı böyük general - Karfagenli Hannibal Barka

Karfagen Aralıq dənizi sahilində qədim ticarət şəhəri idi. Əlverişli coğrafi mövqedə yerləşən şəhər-dövlət Şimali Afrikanın bir hissəsi, İspaniyanın cənubu, Aralıq dənizinin bir sıra adalarını özünə tabe etmişdi. Burada məskən salan əhali qədimdən ticarətlə məşğul olub, Cənubi İtaliya, Siciliya və ümumiyyətlə, Aralıq dənizi sahili ölkələri ilə sıx əlaqə saxlayırdı. Əvvəllər onların rəqibləri yox idi. Amma sonralar eramızdan əvvəl III əsrdən başlayaraq Apennin yarımadasında getdikcə böyüyən və güclənən Roma onların əsas rəqibinə çevrildi. Yeni ərazilər və ticarət yolları üstündə toqquşan maraqlar müharibəni qaçılmaz etdi.

Eramızdan əvvəl 264-cü ildə regionun 2 ən böyük gücü olan Roma və Karfagenin Siciliya adasını ələ keçirmək cəhdi böyük müharibəyə səbəb oldu. Romalılar karfagenliləri “pun” adlandırdıqlarına görə tarixə I Pun müharibəsi adı ilə düşən qanlı savaş 23 il davam etdi. Hər iki tərəf böyük itkilər versə də müharibə Romanın qələbəsi ilə başa çatdı. Karfagen Siciliyanı Romaya güzəştə getməli oldu və təzminat verməyi öhdəsinə götürdü. Çox keçmədi ki, Roma Sardiniya və Korsika adalarını da ələ keçirdi.

Hannibal eramızdan əvvəl 247-ci ildə Karfagen şəhərində doğulub. Onun atası dövrünün ən nüfuzlu sərkərdəsi sayılan Haminkar Barka bütün həyatını Karfagenin azadlığına və Romaya qarşı mübarizəyə həsr etmişdi. Haminkar Barka İspaniya və başqa ərazilər uğrunda Roma ilə mübarizə apararkən 9 yaşlı oğlu Hannibalı məbədə aparıb orada mehrab önündə qatı düşmənləri olan Roma ilə ömrü boyu düşmən olacağına and içdirmişdi. Hannibal doğrudan da öz andına sadiq qaldı. Son nəfəsinə kimi düşmənlə mübarizə apardı. Hannibalın atası öləndən sonra hakimiyyətə gələn əmisi Hasdrubal romalılarla sülh sazişi bağlayıb İspaniyadakı Sagunt şəhərini iki dövlət arasında sərhəd kimi qəbul etdi. Amma qısa müddət sonra Hasdrubal sui-qəsd nəticəsində öldürüldü.


Hakimiyyətə gələn Hannibal qısa müddət ərzində Saqunt şəhəri ətrafındakı qəbilə və tayfaları məğlub etdi. Bu, o qədər də asan deyildi. Çünki qarşı tərəfin 100 mindən çox əsgəri vardı. Hannibal isə sürətli həmlələrlə düşmənlərini pərən-pərən sala bilmişdi. Qorxuya düşən Saqunt şəhəri əhalisi müdafiə üçün Romaya elçi göndərdi. Amma Roma senatı qərar çıxarana kimi Hannibal bu böyük və zəngin ispan şəhərini almaq qərarına gəldi. Döyüş zamanı ön cərgələrdə vuruşan Hannibal ayağından ağır yara aldı.

Hücumdan qəzəblənən romalılar Karfagen senatına elçi göndərib müqaviləni pozduqlarına görə Hannibalın onlara verilməsini tələb etdilər. Amma Karfagen Romaya rədd cavabı verdi. Hannibal Saquntu 8 aylıq mühasirədən sonra işğal edə bildi. Bu xəbər Romada şok effekti yaratdı. Rəqibindən böyük və güclü olan Roma Karfagenə müharibə elan etdi. Konsul Publi Korneli Ssipion və Tiberi Semproninin hər birinə İspaniya və Afrikanı müdafiə etmək üçün 6 legion verildi. Elə bununla da ikinci Pun müharibəsi başlandı.

Gənc Hannibal romalıları qabaqlamaq və sarsıtmaq üçün ağlasığmaz bir yürüşə - Alp dağlarını aşıb İtaliyaya hücum etmək qərarına gəldi. O, 90 minlik piyada, 12 minlik süvari ordusu və 37 fillə keçilməz dağları aşıb 5 aylıq çətin yürüşdən sonra 2 min kilometrdən çox yol qət edərək oktyabr ayında Şimali İtaliyada peyda oldu.

Hannibalın Alp dağlarını keçməsi dünya hərb tarixinin unikal hadisələrindən hesab olunur. Onun bu addımı həm cəsarət həm də risk tələb edirdi. Romalılar birdən-birə müharibənin öz torpaqlarında aparıldığının şahidi oldu. Alp yürüşü mütəxəssislər tərəfindən tarixin ən böyük və təkrarolunmaz nailiyyətlərindən biri kimi qiymətləndirilir.

Qarlı aşırımlarda və ağır döyüşlərdə ordusunun yarısını itirsə belə, Hannibəl qələbə əhval-ruhiyyəsində idi. Onun oddan-alovdan çıxmış, cəsarəti və sədaqəti ilə seçilən 50 min (6 mini süvari olmaqla) əsgəri vardı. Hannibal Roma legionları ilə Po çayının sol sahilində üz-üzə gəlməli oldu. Romalılar ard-arda iki dəfə məğlub oldu. Bu hadisə də ona görə heyrət doğurur ki, Hannibalın arxasında nə imperiya, nə də ölkə vardı. O, cəmi bir şəhərin - Karfagenin qüvvəsinə və köməyinə bağlı idi. Ardıcıl məğlubiyyətlərdən sonra Roma senatı qorxuya düşüb ona qarşı daha böyük qüvvə - 8 legion göndərdi.

Hannibal artıq romalılarla onların torpaqlarında döyüşürdü. O dəfələrlə özündən böyük və yaxşı silahlanmış ordunu məğlubiyyətə uğradırdı.
Hannibalın romalılara qarşı ən parlaq qələbəsi Kanna döyüşü hesab olunur. Qüvvələrini bir yerə toplayan və müttəfiqlərindən yardımlar alan Roma Respublikası 86 minlik qoşunla 30 minlik Karfagen ordusunun qarşısına çıxır. Roma legionlarına başçılıq edən konsul Qay Terrensi Varron say üstünlüyünə görə qələbə qazanacağına arxayın idi. O, qoşunu sıx cərgələrlə kvadrat şəklində, Hannibal isə qoşunlarını aypara şəklində düzmüşdü. Ortada nisbətən zəif və təcrübəsiz, uclarda isə sınanmış, təcrübəli, döyüşkən süvarilərini və piyadalarını yerləşdirdi.
E.ə. 216-cı il avqustun 2-də başlanan döyüşdə əvvəlcə Hannibalın 8 minlik seçmə süvariləri sol cinahdan hücuma keçərək romalıların sağ cinahını əzdi və legionların arxasına keçib rəqib süvarilərini pərən-pərən salıb tədricən ayparanın o biri ucunda qovuşdu. Mərkəzdə güclü olan Roma piyadaları da sanki karfagenlilərin işini yüngülləşdirib irəli getdilər. Bayaqkı “aypara” əvvəl “nal” şəklini aldı və az sonra dairəyə döndü. Beləliklə, dünya hərb tarixində ilk dəfə olaraq mühasirə taktikası tətbiq olundu. Təşvişə düşən romalılar bir-birilərini əzməyə başladılar.
Bir gündən çox davam edən döyüşdə 70 minə qədər döyüşçü məhv edildi. Bu, qədim dünya tarixində görünməmiş bir hadisə idi.
Amma bu parlaq qələbədən sonra Hannibal birbaşa Romaya getmək əvəzinə dayanmağa qərar verdi. O hesab edirdi ki, bu artıq Roma Respublikasının sonudur. Hannibal Romaya elçi göndərərək kapitulyasiya imzalamağı təklif etdi, lakin ona imtina cavabı verildi. Bu cavabı onu hiddətləndirsə də o təkrar olaraq Romaya hücum etmək fikrində deyildi. Karfagenlilərin süvari ordusunun komandanı Maharbal ona “Sən qələbəni necə qazanılacağını bilirsən, amma onu necə istifadə edəcəyini bilmirsən” demişdi.

Əslində Hannibal haqlı idi. O özündən bir neçə dəfə böyük olan orduları ardıcıl məğlubiyyətlərə uğratmışdı. Amma Karfagen ordusu da tükənmişdi. Onların nə filləri nə də mühasirə alətləri qalmışdı. Hannibal Karfagen senatına əlavə güc və silah yardımı üçün elçi göndərdi, lakin onun istəyi qəbul olunmamışdı.

İtaliyada qalan Hannibal burada yerli tayfaları öz tərəfinə çəkməklə ordusunu gücləndirməyə çalışırdı. O, 14 il Roma torpaqlarında qaldı və bir çox İtaliya şəhərlərini və ətraf əraziləri ələ keçirə bildi. Amma təşəbbüs əldən verildi. Bu müddət Roma Respublikasının xeyrinə oldu. Onlar özlərinə yeni qüvvələr toplamağa başladılar. Romalılar Hannibal kimi strategiya dahisi ilə açıq savaşa girməyin ölümə bərabər olduğunu dərk edirdilər. Ona görə də illər ərzində karfagenlilərin hərbi düşərgələrinə, möhkəmləndikləri şəhərlərə basqınlar edib güclərini tükətməyə başladılar. Vaxt keçdikcə köməksiz qalan Hannibal daha da zəifləməyə başladı.

Gənc konsul Publi Korneli Ssipion illər əvvəl atasının etdiyi səhvlərdən nəticə çıxararaq Hannibala qarşı başqa taktika ilə döyüşürdü. O illər ərzində Hannibalın bütün döyüş strategiyalarını analiz edib, öyrənmişdi. Ssipion rəqibini öz silahı ilə vurmaq qərarı aldı. Onun təklifi ilə e.ə. 210-cı ildə Roma İspaniyaya hücum etdi və ardıcıl qələbələr qazanaraq şəhərləri işğal etdi. Hannibal isə qardaşı Hasdrubaldan kömək istəyərək İtaliyaya yeni qüvvələr gətirməyi tapşırdı. Amma e.ə. 207-ci ildə köməyə gələn Hasdrubal Roma ordusu ilə qarşılaşdı və məğlub edilərək öldürüldü. Qardaşının ölümü Hannibalı tamam ruhdan saldı. Roma isə artıq Afrika torpaqlarına girərək Karfagenə hücum edərək əraziləri işğal etməyə başladı. Çarəsiz qalan Karfagen senatı Hannibalı şəhərin müdafiəsinə çağırdı. Beləliklə, İtaliyada bütün qələbələri faydasız olan Hannibal Afrikaya qayıtdı. Doğrudur, o, yeni qüvvələr toplaya bildi, lakin nədənsə qəlbinə şübhə və tərəddüdlər vardı. Son illərin uğursuzluqlarına baxmayaraq, Hannibal apardığı 16 illik hərbi kampaniyada hələ heç bir döyüşdə məğlub olmamışdı.

O Ssipiona danışıqlara başlamağı təklif etdi. Amma Ssipion ondan danışıqsız təslim olmağı tələb etdi. Əlacsız qalan Hannibal döyüşə girməli oldu. E.ə. 202-ci il sentyabrın 19-də Zama adlanan yerdə həlledici döyüş oldu. Hannibal ilk dəfə bu döyüşdə məğlubiyyətə uğradıldı.
Zama döyüşündən sonra Karfagen aristokratiyası Hannibala düşmən kəsildi. Əlacsız qalan Hannibal Suriya hökmdarı Antioxun yanına qaçdı. Bir müddət sonra Antioxun ordusu Romaya məğlub oldu. Romalıların əsas şərtlərindən biri Hannibalın onlara təhvil verilməsi idi. Bunu öyrənən sərkərdə Krit adasına daha sonra Anadolu yarımadasında yerləşən Vifiniya krallığına qaçdı. Roma ordusunun burada da onun izinə düşdüyünü görən Hannibal e.ə. 183-cü ildə 65 yaşında “Yaşlı bir adamın ölümünü gözləyən Romanı çox gözlətməyim” deyərək zəhər içib intihar etdi.

İkinci Pun müharibəsindəki qələbədən sonra Publi Korneli Ssipionun Roma senatı ilə problemləri başladı. Onu Zama döyüşündən sonra Hannibalı rüşvət alaraq buraxdığı, orduya ayrılan vəsaiti mənimsədiyi iddia olunurdu. Roma senatı həmçinin onu Hannibala olan simpatiyasına görə günahlandırırdı. General Ssipion həqiqətən də Hannibala rəğbət bəsləyirdi. O illər ərzində təcrübəli rəqibindən hərb sənətinə aid çox şey öyrənmişdi və karyerasındakı bütün uğurlara görə ona çox şey borclu idi. Ən vacibi Ssipion Hannibalı məğlub edən yeganə ordu komandanı kimi adını tarixə yazdırmışdı.

Publi Ssipion Hannibalın həbs olunması üçün göndərilən heyətin qarşısını aldığı iddia edilir. Bundan sonra senatın təzyiqlərindən bezən general şəhər kənarındakı mülkünə köçərək həyatının sonuna qədər orada yaşayıb. Ssipion da Hanniballa eyni tarixdə - e.ə. 183-cü ildə 53 yaşında vəfat edib.

Böyük sərkərdə Hannibal Barka ölümündən sonra da romalılara rahatlıq vermirdi. İllər keçsə də onun adı gələndə hamı qorxuya düşürdü. Uzun illər Romada analar övladlarını yatırmaq üçün “Hannibal ad Portas” - yəni Hannibal qapıdadır deyərək qorxudurdular.
Karfagenli Hannibal dünya tarixinin ən parlaq simalarından sayılır. Hərb tarixçiləri onu “Strategiyanın atası” adlandırırlar. Hannibaldan sonra Roma generalları onun strategiyalarından istifadə edərək Respublikanı antik dünyanın ən böyük imperiyasına çevirdilər. Onun misilsiz hərbi zəkası müasir dövrdə belə qibtə və heyrət doğurur. Napoleon və Atatürk kimi böyük şəxsiyyətlər Hannibal Barkaya böyük rəğbət bəsləyərək öz dövrlərində onun hərbi taktikalarından istifadə ediblər.

1934-cü ildə Türkiyə Prezidenti Mustafa Kamal Atatürk Hannibalın öldüyü və dəfn olunduğu Gəbzə rayonunda onun məzarının tapılması üçün göstəriş versə də axtarışlar heç bir nəticə verməyib. 1981-ci ildə Atatürkün anadan olmasının 100 illiyi münasibətilə onun vəsiyyətinə uyğun olaraq, Gəbzədə Hannibal Barkaya abidə qoyulub.

Tarixçilər Atatürkün bu addımının iki şəxsiyyət arasındakı ortaq xüsusiyyətlərlə əlaqələndirir. Həm Hannibal həm Atatürk imperialist güclərə qarşı çıxaraq böyük zəfərlər qazanıb. Həmçinin Atatürk Qurtuluş savaşında Hannibalın hərbi strategiyalarından istifadə edərək yunanları məğlub edə bilmişdi.

O, həyatı boyu xalqı üçün savaşan qorxusuz sərkərdə idi. Uşaq ikən atasının hüzurunda ölənə qədər Roma ilə düşmən olacağına and içən və andına sadiq qalaraq etdikləri tarixin gedişatına təsir edən böyük şəxsiyyət - Karfagenli Hannibal Barka idi.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər