2 Noyabr 2015 13:25
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yeni deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.


- Parlament seçkilərini necə qiymətləndirirsiz?
- Bizm partiya bu seçkilərdə fəali iştirak edib. 5 üzvümüz namizədliyini irəli sürüb. Əvvəlki seçkilərdə isə cəmi bir namizədimiz olmuşdu. Seçki təcrübə deməkdir. Proseslərdə iştirak etdikcə təcrübə, bacarıq əldə olunur. Mən keçirilən seçkiləri müsbət qiymətləndirirəm.

- Amma seçkini boykot edən partiyalar fərqli mövqe ortaya qoyurlar...
- Seçkidə iştirak etməyən partiyaların danışmağa haqları yoxdur. Yemədiyin xörəyin dadından necə danışmaq olar? Müsavat Partiyası 27 namizədlə seçkilərə qatılmışdı, son anda seçkiləri boykot etdilər. Bunu necə anlamaq olar? El arasında belə bir söz var: "Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb".

- MSK-ın açıqlanan nəticələrinə görə, dairə üzrə ən çox səs toplayan namizədsiz. Qələbəniz barədə nə deyə bilərsiz?
- Məşhur bir döyüşdə hökmdar Roma sərkərdəsinə deyir ki, sən nəyə arxayın olub döyüşə girişirsən. O da cavab verir ki, sən heç vaxt bu qədər zəif, mən isə bu qədər güclü olmamışam. Mən heç vaxt İqbal Ağazadədən gözləməzdim ki, özündən bu qədər müştəbeh olsun, insanlara yuxarıdan aşağı baxsın. Bunun nəticəsində seçicilər ondan üz döndərdilər. Əgər o, məndən şikayət etməyə, "razborka"ya çıxmağa başlasa, mən də onun karusel əməllərini, avtobusların nömrələrini, məntəqədəki qanunsuz fəaliyyətlərini açıb ortaya qoyacam. Məndə foto və video sübutlar var. Bütün bu cəhdlərinə baxmayaraq, o məğlub oldu. Kişi məğlubiyyətini boynuna alar. Əgər kişidirsə. Onun qardaşı mənim 26 yaşlı nümayəndəmin evinə 2 erkək göndərmişdi. Deməli, ortada kişilik məhfumundan söhbət gedə bilməz.

- Qələbənizin kökündə, qeyd etdiyiniz kimi, İqbal Ağzadənin deputat kimi təkəbbürlülüyü durur, yoxsa sizin hansısa üstünlüyünüz?
- Seçkilərdə İqbal Ağazadə məğlub oldu, mən qalib gəldim.

- Nəyin müqabilində qalib gəldiniz?
- Seçicilərlə aktiv işləməyin nəticəsində qalib gəldim.

- Bu gün səhər MSK-ın saytında 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə bütün göstəricilər ləğv edilib. Bu nə ilə bağlı idi?

- Bu, texniki məsələdir. MSK-nın saytında mənim səslərim 34.6 faiz göstərilirdi. Dairə müraciət edib ki, bu, səhvdir. Reallıqda isə mən 37.4 faiz səs almışam. Ona görə də MSK-nın saytında yenilənmə gedib. Həmin vaxt əleyhdarlarım sevinmişdilər, amma onların sevinci qısa çəkdi.

- Partiyanızın fəaliyyətində dəyişiklik olacaqmı?
- Partiyamız öz fəaliyyətini davam etdirəcək. Qələbəmdə partiya üzvlərinin rolu böyük oldu. Bizdə heç kəs maaşla işləməyib. Könüllü fəaliyyət göstəriblər. Partiyalarda olanlar 80-ci illərin sonunda siyasətə gələn insanlardır. Gəncləşmə olmalıdır. Əsas məqsədim yeni siyasi nəsilin hazırlanması, partiyada önə çıxmasıdır.

- Parlamentdə daha çox hansı məsələləri qabardacaqsız?
- Anaların, övladların, müəllimlərin, hərbçilərin hüquqlarının müdafiəsi fəaliyyətimizdə prioritet olacaq. Analar dünyaya övlad gətirəndən sonra dövlətin qayğısı ilə əhatələnməli idi. İki övlad dövlət tərəfindən tam təmin edilməlidir. Ana aşağı işlərdə, qulluqçu işləməməlidir. Ordu da peşəkarlar tərəfindən təşkil olunmalıdır.

Ruslan


Müəllif: