25 Dekabr 2015 16:41
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təəssüflə deyim ki, bu il Dağlıq Qarabağ münaqişəsi arzu etdiyimiz kimi, beynəlxalq hüququn tələb etdiyi formada həll edilmədi. Ermənilər bilərəkdən bu məsələləri uzatdılar, kompromisə gəlmədilər, ağıllı mövqe sərgiləmədilər. Tez-tez atəşkəs rejimini pozmaqla, danışıq masalarından qaçmaqla münaqişənin konstruktiv şəkildə həll edilməsinə qarşı olduqlarına göstərdilər. Eyni zamanda münaqişənin sülh və danışıqlar vasitəsilə həll edilməsi məqsədilə yaradılan ATƏT-in Minsk qrupu özünün yararsızlığını bir daha ortaya qoydu”.

Bunu qəzetimizə müsahibəsində millət vəkili Musa Quliyev bildirib. Müsahibəni təqdim edirik:

- Konqresmen, Helsinki komissiyasının üzvü Kristofer Smitin “Azərbaycanda demokratiya aktı” adlı layihəsi hansı maraqlara xidmət edir?
- Ümumiyyətlə, Smitin qətnaməsinə münasibətim mənfidir. Hər bir azərbaycanlının da münasibəti mənfi olmalıdır. Birincisi, bu layihə obyektiv deyil, əksinə, orada Azərbaycana qarşı qərəz açıq-aşkar özünü göstərir. Layihədə yazılanlar istər Azərbaycanda insan haqları, istər demokratiya, istər sosial, iqtisadi, siyasi münasibətlərin adekvat cavabı deyil. Başqa sözlə, Smitin qətnaməsinə baxanda görünür ki, Azərbaycana qarşı qərəz mövcuddur. Həm də, burada düşmən barmağının olmasından söhbət aça bilərik. Sözsüz ki, bu yanaşma həm də ermənilərə dəstəyin ifadəsi hesab olunmalıdır. Amerika kimi bir dövlətdə gərək konqresmen, gərək də başqa siyasi xadim olsun, ilk olaraq ədalət hissini qorumalıdır. Eyni zamanda bilmədiyi şeydən danışmamalıdır. Həmçinin başqa təsirlərdən, xüsusilə, lobbi sayəsində maliyyə təsirlərindən ilhamlanaraq belə sənədlər hazırlamamalıdır. Odur ki, Kristofer Smitin sənədini qərəzli, ədalətsiz hesab edirəm və həm də, bunu Azərbaycan xalqına qarşı bir təhqir nümunəsi sayıram. Sözsüz ki, belə hallara layiqli cavab verilməlidir.

- Bu layihənin qəbul edilməsi imkanlarını nə dərəcədə real sayırsınız?
- Hesab etmirəm ki, Amerikada bütün siyasətçilər-konqresmenlər, senatorlar, Dövlət Departamentinin nümayəndələri Smit ağıldadırlar. Yəni Konqresdə, Dövlət Departamentində tamam başqa cür düşünən insanlar var və onların sayı çoxdur. Milli Məclisin son sessiyası zamanı da qeyd edildi ki, Kristofer Smitin hazırladığı layihə Amerika dövlətinin mövqeyini ifadə etmir. Bu, sadəcə olaraq konqresdəki 235 konqresmenin birinin şəxsi mövqeyi kimi qəbul olunmalıdır. Hesab etmirəm ki, konqresdə Azərbaycana qarşı belə bir sənəd qəbul edilsin. Əgər bu sənəd qəbul olunacaqsa, deməli, Amerika siyasətində hamı ağlını itirib.

- Həmkarınız Rövşən Rzayev də “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qətnamə layihəsi hazırlayıb. Bu sənəddən məlumatınız varmı, ümumiyyətlə, bu duruma münasibətiniz necədir?
- Rövşən Rzayev mənim çox hörmət etdiyim millət vəkillərindən və Azərbaycanın dəyərli kişilərindən biridir. Rövşən müəllim uzun illərdir ki, Dağlıq Qarabağ problemi ilə ürəkdən, səmimi və peşəkar şəkildə məşğul olur. O cümlədən Rövşən müəllim Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, bu qurumun rəhbərlərindən biridir. Özünün həm ölkədəki, həm də beynəlxalq təşkilatlarda göstərdiyi fəaliyyətində hər zaman Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın azadlığını dəstəkləyən, işğalı pisləyən mövqeyi ilə seçilən deputatdır. Bu mənada mənim Rövşən müəllimə böyük hörmətim var və onun hazırladığı qətnamə Kristofer Smitə qarşı adekvat addımdır. Əgər Smit tərəfindən belə bir sənəd ortaya çıxmasaydı, Rövşən Rzayev də belə bir sənəd üzərində işləmək barədə düşünməzdi. Eyni zamanda Rövşən Rzayev Smitə göstərmək istəyir ki, sən mənim xalqım, dövlətim haqqında aşağılayıcı fikirlərə düşürsənsə, sənin ölkən və xalqın haqqında mənim də kifayət qədər deyəcək sözlərim var. Ümumiyyətlə, Rövşən Rzayevin hazırladığı sənəddə qaldırdığı məsələlərin heç biri yalan deyil. İstər korrupsiya, istər irqi-etnik məsələ, oranın yerli əhalisi olan hinduların hüquqlarının kobud şəkildə pozulması faktları, uşaq hüquqları ilə bağlı humanist olmayan mövqeyi, digər ölkələrin daxili işlərinə müdaxilə etməsi kimi məsələlər həqiqətdən ibarətdir. Bu mənada həmkarımın hazırladığı sənədi onun hüququ kimi qiymətləndirir və hesab edirəm ki, adekvat addımdır.

- 2015-ci il bir neçə gündən sonra başa çatacaq. Bu ilin yekunlarını qiymətləndirə bilərsinizmi?
- 2015-ci ili Azərbaycan üçün kifayət qədər uğurlu il hesab etmək olar. Baxmayaraq ki, bu il ölkəmizə müəyyən qədər basqılar oldu. Eləcə də, dünya bazarında neftin qiyməti aşağı düşdü. Siyasi baxımdan dünyada gedən siyasi proseslərin müəyyən hissəsinə Azərbaycanı qoşmaq cəhdləri oldu. Lakin Azərbaycan Prezidenti ölkənin müstəqil siyasət yeritdiyini dəfələrlə bəyan etdi. Bu da, bəzi qüvvələrin xoşuna gəlmədi. Məsələn, Ukrayna hadisələri zamanı kimlərsə istədi ki, Azərbaycan hansısa tərəfin yanında dayansın. Amma Azərbaycan haqqın tərəfində dayandı. Eləcə də, bu fikirlər Suriya məsələsinə də şamil oluna bilər. Ola bilsin ki, iki super dövlətin bir-birinə qarşı münasibətlərinin soyuq müharibə həddinə çatmasından sonra tərəflər Azərbaycanı öz yanında görmək istəyir. Çünki Azərbaycan bölgədə nüfuzlu, güclü və söz sahibi olan dövlətdir. Lakin Azərbaycan öz müstəqil siyasətini yeritdi. Həmçinin Azərbaycan 2015-ci ildə ilk Avropa Yay Oyunlarına ev sahibliyi etdi və bu çox yüksək səviyyədə həyata keçirildi. Mədəni, intellektual və idman baxımından Azərbaycan öz gücünü dünyaya nümayiş etdirə bildi. Bu baxımdan 2015-ci il tarixi il olaraq yadda qalacaq. Digər məqam isə növbəti Milli Məclis seçkiləri idi. Bu da, demokratiyanın təntənəsi olaraq tarixə yazılacaq. Əlbəttə, müəyyən uğursuzluqlar da oldu. Manatın iki dəfə devalvasiya etməsi iqtisadiyyatımızı çətin duruma saldı. Hansı ki, biz daha parlaq iqtisadi münasibətlər gözləyirdik. Lakin bu da, bizdən asılı olan bir məsələ deyildi. Dünyada gedən proseslərin Azərbaycana təsiri, neftin qiymətinin kəskin şəkildə enməsi, regionda müharibələr və siyasi gərginliklər müşahidə edildi. Lakin durum ümidsiz deyil, əksinə, tam nəzarət altındadır. Həm də indiki gərginliyi bütün dünya yaşayır. Əslində, bunu bəziləri iqtisadi böhran adlandırır. Mən bununla qətiyyən razı deyiləm. İnanıram ki, ay yarıma hər şey normallaşacaq, həyat öz axarına düşəcək. Təəssüflə deyim ki, bu il Dağlıq Qarabağ münaqişəsi arzu etdiyimiz kimi, beynəlxalq hüququn tələb etdiyi formada həll edilmədi. Ermənilər bilərəkdən bu məsələləri uzatdılar, kompromisə gəlmədilər, ağıllı mövqe sərgiləmədilər. Tez-tez atəşkəs rejimini pozmaqla, danışıq masalarından qaçmaqla münaqişənin konstruktiv şəkildə həll edilməsinə qarşı olduqlarına göstərdilər. Eyni zamanda münaqişənin sülh və danışıqlar vasitəsilə həll edilməsi məqsədilə yaradılan ATƏT-in Minsk qrupu özünün yararsızlığını bir daha ortaya qoydu. Görünür, bu, bizi düşündürəcək ki, Qarabağ danışıqları növbəti ildə başqa formatda davam etdirilsin və ya danışıqlar müstəvisindən başqa müstəviyə keçərək ərazi bütövlüyümüzü təmin edək.

- 2016-cı ildən nə gözləyirsiniz?
- Görünən budur ki, qarşıladığımız il bütün dünya üçün gərgin bir il olacaq. Nə qədər Rusiya-Amerika münasibətləri sabitləşməyib, Yaxın Şərqdə müharibələr davam edir, neftin qiyməti enməkdədir, dünya böhranı davam edir və dərinləşirsə, Azərbaycanda dünyanın tərkib hissəsi olaraq çətinliklər yaşayacaq. Amma bir daha qeyd edirəm ki, Azərbaycanın çox güclü lideri var, xalq öz liderinə və dövlətinə inanır. Bizim müstəqilliyimizin gələn il də möhkəmləndirilməsi üçün kifayət qədər əsaslarımız var. O cümlədən iqtisadi əsaslarımızın möhkəmləndirilməsi üçün. Amma biz neft faktorunu unutmalı, qeyri-neft iqtisadiyyatını sürətlə inkişaf etdirməliyik. Hesab edirəm ki, gələn il ölkə daxilində görəcəyimiz iş çoxdur. Cənab Prezident artıq bu işlərin anonsunu verib. Korrupsiya ilə mübarizə çox ciddi və aşkar şəkildə davam etməli, ictimaiyyət buna dəstəyini verməlidir. Monopoliya və inhisarçılıq ciddi şəkildə ölkə başçısını narahat edir. Kiçik və orta sahibkarlığın inkişafına dəstək veriləcək. Vergilər Nazirliyi bu istiqamətdə yumşaq siyasət yeridəcək. Bildiyiniz kimi torpaqla bağlı vergilər bir neçə il üçün aradan qaldırılıb, bəzi addımlar atılıb. Eyni zamanda sahibkarların yoxlanılması iki il müddətinə dayandırılıb. Biz çalışmalıyıq ki, ölkəmizdə kiçik sahibkarlıq inkişaf etsin, əhali ərzaqla təmin edilsin, yoxsulluq rəqəmləri artmasın. Bunun üçün ciddi addımlar atılacaq və cənab Prezident son çıxışı zamanı bu haqda fikirlərini ifadə edib.

- 2016-cı ildə sosial layihələr davam edəcəkmi?
- Sosial layihələrin hamısı davam edəcək. Buna heç bir şübhə yeri yoxdur. Cənab Prezident bunu dəfələrlə söyləyib və son çıxışı zamanı bir daha qeyd etdi. 2016-cı il dövlət büdcəsində sosial layihələr üçün kifayət qədər vəsait ayrılıb. Əlbəttə, 2015-ci illə müqayisədə bəzi sahələrə daha çox vəsait ayrılıb. Sosial layihələrin davam etməsi o deməkdir ki, Azərbaycan əhalisinin həyat səviyyəsi ötən ildəki səviyyədən aşağı düşməyəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər