16 Yanvar 2016 14:11
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriyada gedən proseslər çox ağır proseslərdir. Bu qarşıdurmanı dayandırmaq, onu nisbətən yumşaq reysə oturtmaq üçün dünyanın nüfuzlu ölkələri çox ciddi şəkildə işləməlidir. Ciddi işlər ilk növbədə siyasi danışıqlar və anlaşmalarla bağlıdır. İnanmıram ki, hansısa ölkənin və xalqın taleyini müharibə və silah yolu ilə həll etmək mümkün ola bilər. Bu proses yalnız siyasi anlaşmalarla səngiyə bilər. Əks təqdirdə indiki qarşıdurma, insan fəlakəti ilə müşayiət olunan müharibələr, qırğınlar davam edəcək və vəziyyət bir qədər də kəskinləşəcək. Son nəticədə də regiona sülh gəlməyəcək”.

Bunu Teleqraf.com-a müsahibəsində ADİP sədri, millət vəkili Asim Mollazadə bildirib. Müsahibəni təqdim edirik:

- Asim bəy, Demokratik İslahatlar Partiyasının qurultayı olacaq. İndiki məqamda ali tədbirin keçirilməsi nə ilə bağlıdır?
- Qurultayın zamanı çatıb, biz də nizamnaməyə uyğun olaraq keçirəcəyik. Əslində, qurultay partiyanın vəziyyətinə, keçdiyi yola, fəaliyyətinə bir baxışdır. Eləcə də, partiyanın rayon şöbələrində konfranslar keçirilir, nümayəndələr seçilir. Artıq bu proses yekunlaşmaq üzrədir. Yaxın dövrdə qurultay keçiriləcək. Əslində, biz son seçkilərdən sonra partiyanın növbəti seçkilərə hazırlanması prosesinə start veririk. Söhbət qarşıdan gələn bələdiyyə və prezident seçkilərindən gedir. Eləcə də, ölkədə, regionda və dünyada gedən proseslər qurultayda müzakirə ediləcək. Xüsusi struktur yenilikləri nəzərdə tutulmayıb. Əsasən, sədr seçkisi, Siyasi Şura üzvlərinin müəyyən edilməsi baş verəcək.

- Sədr seçkilərində namizədliyiniz irəli sürüləcək. Alternativləriniz də olacaqmı?
- Çox istərdim ki, yeni gənc, rəqabətə hazır olan namizədlər olsun. Bu, daha çox partiya üzvlərinin bu istiqamətdə hazırlıq səviyyəsindən asılı olacaq.

- Gənclərin partiyaya meyl etməsi müşahidə edilir?
- Edilir. Bizim partiyanın əsas tərkibi gənclərdən ibarətdir. Biz çox istərdik ki, partiyada gənclər, ambissiyalı xanımların aktiv iştirakı olsun. Çünki bu, partiya üçün çox önəmlidir. Bizim istəyimiz gənc, fəal, hazırlıqlı və ambissiyası olan gənclərin ölkədəki siyasi proseslərlə peşəkar məşğul olmasıdır. Əlbəttə, istədiyimiz səviyyədə olmasa da, siyasətə qoşulmaq istəyən gənclərin sayı artır. Bəzən belə iddialar olur ki, gənclər siyasətdə perspektiv olmadığı üçün özəl sektorlara üz tuturlar. Fikrimcə, özəl sektorda, şirkətlərdə gənclərin olması, bütün sektorda belə nəslin təmsilçiliyi gənc nəslin daha güclü mövqe tutması deməkdir. Bu da bizim partiyanın, demək olar ki, proqram istiqamətlərindən biridir. Odur ki, partiya olaraq bütün sahələrdə və istiqamətlərdə gənclərin uğurlarının çox olmasını istəyir və arzu edirik.

- Dövlət başçısı İlham Əliyev Amerikaya rəsmi səfərə dəvət edilib. Bu mənada iki ölkə arasında münasibətləri necə dəyərləndirirsiniz?
- Azərbaycanın Amerika üçün önəmi böyükdür. Amerikanın milli təhlükəsizlik və strateji maraqları ilə Azərbaycanın strateji maraqları bir neçə istiqamətdə üst-üstə düşür. Azərbaycan Amerikanın liderliyi ilə yaradılan antiterror koalisiyasının ən fəal üzvlərindən biridir. ABŞ-la birlikdə insanlığa qarşı olan bu cinayətlə mübarizə aparır. Azərbaycan strateji layihələr formalaşdırır. Məsələn, söhbət strateji İpək Yolu layihəsindən gedir. Burada nəqliyyat, enerji sistemlərinin dünyaya açılmasından gedir. Bunlardan daha əhəmiyyətlisi müsəlman dövləti olan Azərbaycanın nümunəviliyi, dünyəviliyi, multikulturalizmə önəm verən ölkə olmasıdır. Odur ki, həm Amerika, həm onun müttəfiqləri, həm də svilizasiyalı dünya üçün Azərbaycanın əhəmiyyəti çox yüksəkdir.

- Son zamanlar iki ölkə arasında münasibətlər hamar deyildi...
- Münasibətlərin istədiyimiz şəkildə hamar olmamasının səbəbi zəngin, güclü və fəal olan erməni lobbisi, habelə onların arxasında duranların Azərbaycana qarşı informasiya müharibəsi aparmasıdır. Yəni bizim müharibəmiz ancaq hərbi formada deyil, diplomatik və informasiya sahəsində gedir. Azərbaycan-Amerika münasibətlərini pozmaq üçün həm Vaşinqtonda, həm Avropa paytaxtlarında, həm də digər yerlərdə güclü və zəngin erməni diasporası fəaliyyət göstərir. Açıq deməliyik ki, sistemləşmiş erməni diasporası sistemli olaraq Azərbaycanla bu müharibəni aparır, Azərbaycan-Amerika münasibətlərinə xələl gətirmək istəyir. Əlbəttə, bu müharibənin bir qismi də Amerika Konqresində gedir. Burada da güclü erməni lobbisi mövcuddur, onlar hər addımbaşı Azərbaycana qarşı səfərbər olunurlar. Məsələn, bu müharibənin bariz nümunəsi olaraq mən Amerika Konqresində Azərbaycana qarşı bir neçə sənədin ortaya çıxarılması, onların qəbulu üçün edilən cəhdlər, habelə Amerika mətbuatında Azərbaycanla bağlı ciddi kampaniyanın aparılmasını göstərərdim. Bununla yanaşı, Amerikada bu dövlətin milli və strateji maraqlarını anlayan siyasi və dövlət xadimləri də var. Onlar gözəl anlayırlar ki, ermənilərin bu fəaliyyəti tək Azərbaycana qarşı deyil, Amerikanın strateji və milli maraqlarına qarşıdır. Onun üçün də bu istiqamətdəki vəziyyəti dəyişməyə çalışırlar.

- İlham Əliyevin Vaşinqton səfəri Azərbaycana qarşı aparılan kampaniyanı dayandıracaqmı?
- Şübhəsiz ki, Prezidentin səfəri mühüm əhəmiyyət kəsb edəcək. Bu səfər ən azı erməni lobbisinin addımlarına zərbə olacaq. Baxın, onlar milyonlarla vəsait xərcləyərək Azərbaycana qarşı qarayaxma kampaniyası təşkil edirlər. Lakin buna baxmayaraq Azərbaycan-Amerika münasibətləri normal müstəvidə inkişaf edir. Mənə elə gəlir ki, Prezidentin səfəri ilə yanaşı, biz də öz fəaliyyətimizi gücləndirməliyik. Həm Azərbaycanın diplomatik sistemi bu istiqamətdə fövqəladə hal vəziyyətində işləməlidir, həm də Azərbaycanın parlament diplomatiyası çox fəal olmalıdır. Əminəm ki, informasiya müharibəsində Azərbaycan uğurlar qazana bilər. Bunun üçün diplomatiyamız, milli diasporamız daima fəaliyyətdə olmalı, öz dostlarının sayını artırmalıdır.

- Hazırda Qərblə Rusiya qarşıdurmadadır və bu açıq hiss olunur. Bu baxımdan Vaşinqtonda keçiriləcək nüvə sammitinin hansı nəticələri ola bilər?
- Əslində, nüvə sammitinin istəyi dünyada və bəşəriyyətin qarşısında duran çox böyük bir təhlükəsinin qarşısını hamının birgə səyi ilə almaqdır. Hesab edirəm ki, bu məsələdə bütün dövlətlər fəal olmalıdır. Çünki nüvə təhlükəsi hamı üçün eynidir. Bizim istəyimiz odur ki, dünyada bu təhlükə tam aradan qaldırılsın. Azərbaycan nüvə silahlarının genişləndirilməsinə qarşıdır. Hər zaman bu istiqamətdə sənədləri imzalayıb. Hesab edirik ki, ölkələrin maraqlarından asılı olmayaraq bu insanlığa qarşı olan böyük təhlükədir və bütün dünya imkanlarını birləşdirib buna qarşı birgə səy göstərməlidir. Bu toplantıda Azərbaycanın iştirakı onu göstərir ki, bizim mövqeyimiz bu məsələdə açıq və konkretdir. Azərbaycanın nüvə vəbasının qarşısını almaqda böyük maraqları var.

- Hazırda regionda münasibətlər gərgin olaraq qalır. Az qala hər gün Türkiyədə terror hadisələri törədilir. Bu durumu nə ilə əlaqələndirmək olar?
- Tamamilə haqlısınız. Bu proses həm də Azərbaycan üçün ağrılı prosesdir. Ona görə ki, Azərbaycana qardaş olan bir ölkə üçün təhlükələr artır, onun sərhədlərində müəyyən gərginlik müşahidə edilir, faktiki müharibə gedir. Bu müharibə qığılcımları bəzən Türkiyəyə də sıçrayır. Düşünürük ki, dünya dövlətləri, Türkiyənin müttəfiqləri bu istiqamətdə öz imkanlarını səfərbər etməli, terrorla amansızcasına mübarizə aparılmalıdır. Çünki terror hər an hər bir ölkədə baş verə bilər. Hesab edirəm ki, Türkiyə bütün bunlara sinə gələ biləcək. Biz qardaş ölkədə insanların terrorun nəticəsi səbəbindən qətlə yetirilməsini pisləyirik.

- İran ilə Səudiyyə Ərəbistanı arasında qarşıdurma müşahidə edilir. Bu proses nə ilə nəticələnəcək?
- Ümumiyyətlə, diqqət etsəniz görərsiniz ki, dünyada və regionda qarşıdurma sanki sürətlə çoxalır. Qarşıdurmalar islam dininin müxtəlif təriqətləri arasında da özünü göstərir. Eləcə də, dinlərarası problemlər müəyyən mənada kəskinləşir. Lakin bu situasiya sanki Azərbaycanın önəmini dünya üçün artırır. Azərbaycanda multikulturalizm, mədəniyyətlər, müxtəlif xalqlar qarşılıqlı hörmət və əməkdaşlıq təcrübəsinə malikdir. Biz çox istərdik ki, Azərbaycanın bu təcrübəsi dünyada istifadə edilsin. Əslində, dünyada münaqişələrin və problemlərin qarşısının alınmasında mədəniyyətin rolu artmalıdır.

- Suriyada da müharibə prosesi davam edir, böhranın başa çatması görünmür. Siz bu prosesləri necə görürsünüz?
- Suriyada gedən proseslər çox ağır proseslərdir. Bu qarşıdurmanın dayandırmaq, onu nisbətən yumşaq reysə oturtmaq üçün dünyanın nüfuzlu ölkələri çox ciddi şəkildə işləməlidir. Ciddi işlər ilk növbədə siyasi danışıqlar və anlaşmalarla bağlıdır. İnanmıram ki, hansısa ölkənin və xalqın taleyini müharibə və silah yolu ilə həll etmək mümkün ola bilər. Bu proses yalnız siyasi anlaşmalarla səngiyə bilər. Əks təqdirdə indiki qarşıdurma, insan fəlakəti ilə müşayiət olunan müharibələr, qırğınlar davam edəcək və vəziyyət bir qədər də kəskinləşəcək. Son nəticədə də regiona sülh gəlməyəcək.

- Hazırda dünya mediası daha çox Bəşər Əsədə siyasi sığınacaq verilməsi bəyanatı üzərində fərziyyələr irəli sürür, bu şəxslə bağlı beynəlxalq güclər arasında anlaşma əldə edildiyi qeyd edilir. Bu nə qədər realdır?
- Mən buna qətiyyən inanmıram. Çünki buna oxşar bəyanatlar dəfələrlə verilib, səsləndirilib. Lakin görürsünüz ki, ortada ciddi addımlar yoxdur. Suriyanın gələcəkdə vahid dövlət kimi olub-olmaması da şübhə doğurur. Bu baxımdan hesab edirəm ki, indiki proses hələ xeyli vaxt aparacaq.

Nemət Orucov


Müəllif: