1 Mart 2016 19:30
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran üzərindən sanksiyalar götürüləndən sonra bu ölkənin geostrateji mövqeyi daha da güclənib. Regional proseslərdə daha aktiv iştirak edən rəsmi Tehran təkcə xarici siyasətində deyil, daxildə də fəallığını artırıb. Ötən ayın sonlarında keçirilən seçkilərdə islahatçıların böyük üstünlük əldə etməsi qarşıdakı illərdə İranda böyük dəyişikliklərin olacağından xəbər verir. İrandakı mövcud durum və siyasi proseslərin gedişi ilə bağlı Teleqraf.com-un suallarını Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə cavablandırır.

O, öncə İranda keçirilən parlament seçkilərinin nəticələrinə qiymət verdi:

- İranda keçirilən parlament seçkiləri bu ölkənin inkişaf potensialından xəbər verir. İran gənclərinin seçkilərdə aktiv iştirakı məndə çox böyük ümidlər yaratdı. Onlar ciddi islahatlar aparmaq istəyirlər, geriyə qayıtmaq niyyətləri yoxdur.

- İran dünyada qapalı ölkə kimi tanınır. Sizcə, bundan sonra bu ölkə dünyanın açıq, dünyəvi dəyərlərə əsaslanan bir üzvü ola biləcəkmi?
- İran yalnız iqtisadi baxımdan, özünün istəyi olmadan qapalı ölkə olmuşdu, amma mədəni baxımdan dünyaya açıq ölkədir. Min illik tarixi mədəniyyəti, dövlətçiliyi olan bir ölkə qapalı ola bilməz. Dəqiq elmlər, tibb, incəsənət güclü inkişaf edib. Sanksiyalardan sonra İranda iqtisadiyyat sürətlə inkişaf etdi. Pəhləvi şahın dövründə kartofu, soğanı da xaricdən alırdılar. İran İslam İnqilabını boğmaq üçün Qərb sanksiyalara başladı. SSRİ və ABŞ Səddam Hüseyni İrana qarşı qaldırdı. O zaman İranın silahı yox idi, çünki silah üçün hissələrin satışına qadağa qoyulmuşdu. Müharibə başlayandan sonra silah istehsalına başladılar, güclü ordu formalaşdırdılar və qalib gəldilər. İran yüngül, orta və ağır sənayesini inkişaf etdirmiş ölkədir.

- Amma hicab və edamla bağlı problemlər hələ də qalmaqdadır. Sizcə, bu iki məsələ öz həllini tapacaqmı?
- Eyibsiz gözəl yoxdur. İranda da orta əsrlərdən qalma müəyyən qaydalar var. Məsələ burasındadır ki, bütün ölkələr ABŞ və Qərbi Avropa dövlətləri kimi ola bilməz. Heç buna borclu da deyillər. Hər bir ölkənin özünün inkişaf istiqaməti, kursu, qayda-qanunları var. Amerikasayağı demokratiya ilə getmək istəyən ərəb ölkələrinin aqibətini gördük. Liviya, Yəmən, Tunis, Suriya viran qalıb. Misir özünə gələ bilmir. İranda narkotik satışına görə edam nəzərdə tutulub. Sosial demokratlar ölüm cəzasının əleyhinədirlər. Amma mən narkotik satan, anasını, qızını, bacısını zorlayanların edam edilməsinin tərəfdarıyam.

- Müşahidələr göstərir ki, İran təkcə müdafiə olunmur, həm də regiondakı proseslərdə çox fəal rol oynayır. İranın bölgədəki hərbi, siyasi proseslərdə fəal iştirakını nə ilə əlaqələndirmək olar?
- Elə bir ölkə yoxdur ki, öz maraqları naminə başqa ölkənin daxili işlərinə qarışmağa cəhd etməsin. Bu yaxşı hal deyil. Belə bir deyim var: "Özünə rəva görmədiyini başqasına məsləhət bilmə".

- Belə demək olarmı ki, son illər İran regional proseslərdən qalib çıxıb?
- Konkret olaraq Suriya məsələsində İran da daxil olmaqla, Suriyanı sevən, dəstəkləyən dövlətlər qalib çıxıblar. Yəməndə isə gərginlik davam edir. Prezident ölkəsini tərk edib. Bəşər Əsəd də Suriyanı tərk etsəydi, indi bu ölkə tamamilə dağınıq vəziyyətdə olardı.

- Bəşər Əsədi Suriyanın təhlükəsizliyinin və ərazi bütövlüyünün yeganə qarantı saymaq olarmı?
- Azərbaycanda bəzi siyasətçilər var ki, daha çox başqa ölkələri sevirlər. Azərbaycan siyasətçisi necə amerikapərəst ola bilər? Hər bir insan ilk növbədə öz ölkəsini sevməlidir. Heç kəs mənə deyə bilməz ki, amerikalılar suriyalılardan ağıllıdır, yaxud Ərdoğan Bəşər Əsəddən ağıllıdır. Əsəd kifayət qədər savadlı, dünyagörüşlü adamdır.

- Əsəd ilə bağlı Ərdoğanın da bir sıra arqumentləri var ki, onlar Qərbin maraqları ilə üst-üstə düşür...
- Qərb arzusuna çatdı. Ərdoğanı tələyə saldı və nəticədə Türkiyə geriyə düşdü. Bu ölkənin təsir rıçaqları xeyli zəifləyib. Atatürk vəsiyyət etmişdi ki, Türkiyə dövlətinin qarantı Türkiyə ordusudur. Qərb tələb edirdi ki, bu tezis Ana Yasadan çıxarılsın və Türkiyə Avropa Birliyinə üzv olsun. Hər bir rəqib arzulayır ki, səhv addım atıb zəifləyəsən. Ərdoğan öz hakimiyyətini gücləndirmək üçün bunu etdi. Türkiyə ordusu zəiflədi, Ərdoğan ölkəsində nə istəyir, onu da edir. Ərdoğanın Bəşər Əsədlə bağlı tələbi anlaşılan deyil. Bu məntiqlə hansısa Avropa ölkəsi "Ərdoğan müsəlmandır, getməlidir" tələbini irəli sürə bilər. Heç kəs başqa dövlətin prezidentindən tələb edə bilməz ki, getsin.

- İran və Rusiya regionda yeni güc mərkəzinə çevrilə bilərmi?
- Bu iki ölkə müttəfiq deyil. Nüvə məsələsində iki ölkə arasında fikir ayrılığı var. Hətta Liviya məsələsində Kreml fərqli siyasət yürütdü. Medvedev Qəddafini ABŞ-a satdı. Ona görə də, Medvedev vaxtından öncə prezidentlikdən getdi.

Amma hər iki dövlət inkişaf etməkdədir. Rusiyanı sanksiyalarla çökdürmək olmaz. Bu ölkənin böyük potensialı var. Jirinovski cəncəlli adam olsa da, ağıllı və hiyləgərdir. O deyirdi ki, ABŞ Yeltsinin, Medvedevin başını sığallayanda Rusiya Qərbin qarşısında diz çökmüşdü. O zaman ki, Putinə təzyiqlər başladı, Rusiya öz gücünü göstərdi. Rusiyanı tərifləyə-tərifləyə, əzizləyə-əzizləyə məhv etmək olar. Tarixə nəzər salın. Rusiyaya qarşı hücum olanda ölkədə bir nəfər lider qabağa çıxır və xalq onun ətrafında birləşib müharibə aparır.

- Azərbaycan-İran münasibətlərinin perspektivini necə qiymətləndirirsiz?
- Mən müxalifət partiyasının sədri olsam da, Azərbaycan prezidentinin xarici siyasətini dəstəkləyirəm. Azərbaycan özünə böyük qardaş deyil, bərabərhüquqlu dost axtarır. Azərbaycan nə ABŞ, nə Rusiya, nə də İranın qarşısında diz çökür. Azərbaycan suveren dövlətdir. Heç kəs bizimlə diktə dilində danışa bilməz. İran regionda lider dövlət səviyyəsinə qədər qalxacaq və xarici siyasətində Azərbaycanın yolunu tutacaq. İran da Azərbaycan kimi bərabərhüquqlu münasibətlər quracaq.

Ruslan


Müəllif:

Oxşar xəbərlər