“Ümidim var ki, İlqar Məmmədov həbsdən çıxacaq”
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Teleqraf.com-un suallarını cavablandırıb:
- Novella xanım, bir müddətdir İsraildə müalicə alırdınız, indi səhhətiniz necədir?
- Çox şükür yaxşıyam, oğlum İsraildə həkimdir, məni müayinə elətdirdi, ürəyimi yoxlatdırdım. Zobum var, ona baxdılar, müalicə yazdılar. Müalicəmi Bakıda davam etdirəcəyəm.
- Cəbhə bölgəsində aprelin 2-dən 6-dək davam edən silahlı toqquşmalar zamanı İsraildə idiniz, orada yəqin, yəhudilərlə təmaslarınız oldu, prosesləri izləyirdilər?
- İsrail axıradək tərəfimizdə oldu. Ermənilər israillilərə sual verdilər ki, Azərbaycana hərbi silah satırsınız? Onlar da dedilər ki, satmışıq, satacağıq da, Azərbaycan bizim dostumuz və müttəfiqimizdir.
İsraildə Xocalı soyqırımının qurbanı olmuş 613 azərbaycanlının adına park salıb ağac əkiblər. Biz ancaq abidə qoymuşuq, onlarsa hər bir qurbanın adına ağac əkib. Orada Azərbaycandan gedən yəhudilərlə görüşdüm, onların hamısı ölkəmizi sevirlər, Azərbaycana böyük hörmətləri var. Bizim İsraildə çox güclü diasporumuz var. Mənim ortancıl oğlum kolleclərin birində çalışır. Orada işləyənlərin yarısı ərəb, yarısı da yəhudidir. Amma bir-biri ilə çox gözəl münasibətləri var, tolerantlıq mühitində işləyirlər. Yəhudilərin Azərbaycana münasibəti tarixdən gəlir, müsəlmanlarla əmioğludurlar.
- Belə məlumatlar var ki, erməni qadınlar kömək üçün Sizə müraciət edib. Sizdən nə xahiş edirlər?
- Üç qadın mənə məktub yazıb. Onlardan biri Azərbaycandan köçən qadındır. O deyir ki, Ermənistanda bizə heç bir şərait yaratmayıblar, pis vəziyyətdəyik, bizə qarşı haqsızlıq var. Bizdən xahiş edir ki, üçüncü dövlətə keçməyə kömək edək. Erməni qadınlar Ermənistanın “Milli qurtuluş hərəkatı”nın rəhbəri Vaan Martirosyan və ailəsi kimi Azərbaycana gəlmək və üçüncü ölkəyə keçmək üçün kömək etməyimizi istəyirlər.
- Necə kömək edəcəksiniz?
- Beynəlxalq təşkilatlar və BMT-dən xahiş edəcəyik ki, o qadınlara Ermənistanda kömək etsinlər, onların vəziyyəti ilə maraqlansınlar. Ancaq bu formada yardım edə bilərik.
- Sabah Respublikaçı Alternativ Hərəkatının rəhbəri İlqar Məmmədovun növbəti məhkəmə prosesi olacaq. Belə fikirlər yayılıb ki, o, məhkəmə zalından evə buraxılacaq. Sizdə bu barədə məlumat varmı?
- Ümidim var ki, İlqar Məmmədov həbsdən çıxacaq. Mən də hamı kimi buna böyük ümid edirəm.
- Avropa Şurasının baş katibi Torbyorn Yaqland AŞPA-nın yaz sessiyasındakı çıxışında dedi ki, elə onun öz təşəbbüsü ilə bərpa edilən İnsan Haqları üzrə İşçi Qrupu effektivli olmadığından bu qrupu tərk edib. Onun fikirlərini bölüşürsünüz?
- Yaqland bu fikirləri çoxdan deyir, onunla da, bu yaxınlarda Bakıda olan AŞPA prezidenti Pedro Aqramuntla görüşdük. İşçi Qrupunun hesabına çox sayda məhbus azadlığa çıxdı. Biz dedik ki, bu iş dialoqla mümkündür. Sizin basqınız, Azərbaycana təzyiq etməklə heç bir məhbus çıxmayacaq. Ancaq dialoq aparmaq lazımdır. Avropa İttifaqı bunu başa düşdü, dialoq apardı, sonra Avropa Parlamenti də anladı, dialoq üçün gəldilər. Dialoqdan sonra bizim hökumətin öz iradəsi ilə İşçi Qrupun siyahısı ilə hamısı məhbuslar həbsdən çıxdı. Bizim siyahımızdakı şəxslərin hamısı həbsdən azad edilib. 7-8 nəfər qalıb ki, onlar da inşallah bir-bir çıxacaq. Ötən gün Emin Millinin qaynı həbsdən azad olunub. O da məhz İşçi Qrupunun köməyi ilə çıxdı. Biz ayrı yol - hökumətlə danışıq, dialoq yolu seçmişik. Beynəlxalq təşkilatlar təzyiq etməməlidir. Təzyiqlə heç nəyə nail ola bilmirlər. İnsan psixologiyası elədir ki, təzyiqlə heç nə mümkün deyil.
- Son vaxtlar, deyəsən, Müsavatın tədbirlərinə qatılmırsınız?
- Müsavatı sevirəm, mənim partiyamdır, toplantılara da gedirəm. Neçə aydır xəstə idim deyə gedə bilmirdim, indi yenə aktiv şəkildə tədbirlərinə qatılacağam.
Nərgiz Ehlamqızı