Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsi "Evdə qal, musiqisiz qalma" adlı kampaniya başladıb.
Teleqraf.com xəbər verir ki, universitetin müəllim və tələbələri öz evlərində müxtəlif musiqilər ifa edərək, "evdeqalmusiqisizqalma” haştağı ilə sosial şəbəkələrdə videolar paylaşıblar. Bu çağırışa VII Muğam Televiziya Müsabiqəsinin qaliblərindən olan, Beynəlxalq, eləcə də Respublika müsabiqələri laureatı, gənc xanəndə Rəvan Qaçayev də qoşularaq "Qal, sənə qurban" mahnısının sözlərinə dəyişiklik edərək "Evdə qal" ilə əvəzləyib.
"İnanaq dövlətimizə, rəhm ola millətimizə" deyən xanəndənin sosial şəbəkələrində paylaşdığı ifası bir çox tanınmış xanəndələr tərəfindən bəyənilib və təqdir edilib.
Qeyd edək ki, “Evdə qalsaq da olar, əsas odur musiqi hər zaman bizim ruhumuzda olsun. Hamılıqla dövlətimizə dəstək olaq və bu bəlaya birlikdə qalib gələk” çağırışı ilə tələbələr tərəfindən başladılan virtual fləşmob insanları özlərinin və doğmalarının təhlükəsizliyi naminə karantin qaydalarına əməl etməyə, vaxtı səmərəli keçirməyə, ev mühitində, çölə çıxmadan musiqi ilə məşğul olmağa və musiqi dinləməyə çağırırlar.