16 Avqust 2022 15:52
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Qurbanməmmet Elyasov dedi: Hörmətli cənab Prezident, Türkmənistanın Azərbaycan Respublikasında səfiri təyin olunmağım barədə etimadnaməni və əvvəlki səfirin geri çağırılması haqqında məktubu bu gün Sizə təqdim etməyi özümə böyük şərəf sayıram.

Səfiri salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz, sizi görməyimə şadam. Mənə indi dedilər ki, siz Azərbaycan dilini çox yaxşı bilirsiniz və bizim söhbətimiz də Azərbaycanca olacaq. Bu, əlavə məmnunluq yaradan bir amildir. Bizim dillərimiz bir-birinə oxşayır, amma, eyni zamanda, fərqlər də var. Ona görə də sizin Azərbaycan dilini öyrənməyiniz bizə əlbəttə ki, çox xoşdur. Bu, əlbəttə, imkan verəcək ki, Azərbaycanda daha geniş təmaslarınız olsun.

Bildiyiniz kimi, ölkələrimiz arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu əlaqələr xalqlarımızın iradəsi əsasında qurulubdur. Son illərdə həm qarşılıqlı səfərlər, həm əldə edilmiş razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrini daha yüksək pilləyə qaldırıbdır. Bildiyiniz kimi, mənim bu yaxınlarda Türkmənistana səfərim, səfər zamanı yeni seçilmiş Prezidentlə və Xalq Məsləhəti Sədri ilə görüşlərim həm qardaşlığımızın növbəti təzahürü, eyni zamanda, gələcək əməkdaşlıq üçün hesablanmış görüşlər idi. Biz bütün sahələrdə iki qardaş ölkə kimi uğurla hərəkət edirik, bir-birimizi dəstəkləyirik, istər beynəlxalq müstəvidə, istər ikitərəfli, istər çoxtərəfli formatda. Son vaxtlar iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və digər sahələrdə biz yeni nəticələr görürük. Bu, bizi çox məmnun edir. Çünki bir daha demək istəyirəm ki, bu yüksək səviyyəli çoxşaxəli əməkdaşlıq tarixi köklərə əsaslanır.

Əminəm ki, bundan sonra da Azərbaycan və türkmən xalqları iki qardaş xalq kimi çiyin-çiyinə gedəcək və qarşıda duran bütün vəzifələri uğurla icra edəcəklər. Bizi bir-birimizdən ayıran Xəzər dənizidir. Ancaq Xəzər dənizi də hazırda ölkələri birləşdirən dənizdir. Xəzər dənizinin ekoloji tarazlığının, təbii resurslarının qorunması əlbəttə ki, bütün Xəzəryanı ölkələr üçün əsas vəzifələrdən biridir. Azərbaycan və Türkmənistan öz tərəfindən bu məsələlərə çox böyük töhfə verir.

Bütün siyasi, iqtisadi, enerji, nəqliyyat məsələləri ilə yanaşı, xalqlarımızı ortaq tarix, ənənələr, dil, dinimiz, adət-ənənələrimiz birləşdirir. Bu, çox güclü amildir. Yəni, bu, xalqlarımızı bir-birinə sıx bağlayan amildir. Əlbəttə ki, insanlar arasındakı təmasların iki dövlət arasındakı münasibətlərdə xüsusi yeri var.

Əminəm ki, siz Azərbaycanda fəal səfir kimi çalışacaqsınız. İki Prezidentin qarşıya qoyduqları vəzifələrin icrası imkan verəcək ki, əməkdaşlığımız daha da çoxşaxəli və nəticəyə hesablanmış olsun.

İnanıram ki, əldə edilmiş razılaşmaların icrası yeni imkanlar açacaq. Çünki indi biz əməkdaşlığın çox önəmli mərhələsindəyik. Ancaq iki ölkənin bütün imkanları hələ ki, tam realizə olunmayıb, yəni, ikitərəfli əməkdaşlıq formatında. Ona görə əldə edilmiş razılaşmaların icrası öz növbəsində yeni addımlara gətirib çıxaracaq.

Sizə uğurlar arzulayıram. Əminəm ki, burada özünüzü evdəki kimi hiss edəcəksiniz.

Səfir Qurbanməmmet Elyasov dedi: Çox sağ olun, hörmətli cənab Prezident. İlk öncə vaxt tapıb məni qəbul etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

İcazə verin, Türkmənistanın hörmətli Prezidenti Sərdar Berdiməhəmmədovun, eyni zamanda, Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Sizə göndərdiyi səmimi salamlarını və xoş arzularını çatdırım.

Hörmətli cənab Prezident, Sizin də bildiyiniz kimi, Türkmənistan ilə dostluq, qardaşlıq münasibətlərinin dərin tarixi köklərinin, dilin, dinin, atalarımızdan, əcdadlarımızdan bizə miras qalan mənəvi və mədəni dəyərlərin bağladığı Azərbaycan dövlətində səfir təyin olunmağım mənim üçün böyük şərəfdir. Bu gün Sizinlə görüşməkdən məmnunluq duyuram. Əcdadlarımızın dost, qardaş kimi yanbayan yaşamalarını nəzərə alaraq, bizim münasibətləri çoxəsrlik münasibətlər kimi qiymətləndirmək olar. Türkmənistan öz qonşuları ilə yaxşı münasibətləri xüsusi qiymətləndirir və qardaş Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Məlum olduğu kimi, bu münasibətlər həm də strateji xarakter daşıyır. Qarşılıqlı səfərlər, ayrı-ayrı sahələr üzrə imzalanmış sənədlər, həm də həyata keçirilmiş bir çox layihələr əməkdaşlığımızın genişlənməsində mühüm rol oynayır. Siyasi, iqtisadi sahələrdə qarşılıqlı faydalı işlər görülüb. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə faydalı işlər icra edilir. Biz bu işlərlə fəxr edirik.

x x x

Dövlətimizin başçısı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sərdar Berdiməhəmmədova və Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş etdi.

11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

***

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzsonun etimadnaməsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Tobias Lorentzson dedi: Cənab Prezident, İsveç Kralı tərəfindən imzalanan, mənim Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilməyim ilə bağlı etimadnaməni və sələfimin geri çağırılması haqqında məktubu Sizə təqdim etməkdən şərəf duyuram. Cənab Prezident, icazə verin, Əlahəzrət Kralın dostluq və dərin ehtirama dair zəmanətini Sizə yenidən çatdırım.

Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz, cənab səfir və xanım. Sizi görməyimə çox şadam. Sizdən xahiş edirəm, mənim də salamlarımı Kral həzrətlərinə çatdırasınız. Sizə Azərbaycandakı fəaliyyətinizdə uğurlar arzu edirəm. Ümid edirəm ki, iş qrafikiniz sıx olacaq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edəcək və bir çox yeni sahələri əhatə edəcək. Biz baxmalıyıq ki, hansı sahədə maksimum nəticə əldə etmək olar. Hesab edirəm ki, biz diqqətimizi əməkdaşlığımızın praktiki məsələlərinə yönəltməliyik - qarşılıqlı ticarətin səviyyəsini neçə artıraq, sərmayə qoyuluşu və müxtəlif layihələrin icrası.

Dövlətimizin başçısı daha çox İsveç şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə və ölkələrimiz arasında ticarət dövriyyəsinin artacağına ümidvar olduğunu bildirdi. Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan Prezident İlham Əliyev bu əlaqələrin uğurla inkişaf etdiyini dedi, əməkdaşlığın son zamanlar yeni mərhələyə qalxaraq təkcə energetika sahəsini deyil, eləcə də nəqliyyat dəhlizləri, ticarət, investisiya və digər sahələri də əhatə etdiyini məmnunluqla bildirdi və bunun da öz növbəsində Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin inkişafı üçün yaxşı zəmin yaradacağını vurğuladı.

Azərbaycanda ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən səfir Tobias Lorentzson dedi: Mən ikitərəfli münasibətlərimizin gücləndirilməsinə töhfə vermək arzusundayam. Sizin də qeyd etdiyiniz kimi, buraya ticarət və sərmayə qoyuluşu daxildir və mən ümid edirəm ki, ölkələrimiz arasında daha sıx biznes təmaslarını təşviq edə biləcəyəm. Həmçinin buraya dayanıqlı biznes həlləri də daxildir. Eyni zamanda, ümid edirəm ki, insanlar arasında ünsiyyətin və ölkələrimiz arasında təmasların artırılmasına nail ola biləcəyəm. Bu, həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin də vacib aspektlərindəndir.

Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

11:40

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzonun etimadnaməsini qəbul edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin etimadnaməsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, Argentina Prezidenti Alberto Fernandesin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdıran səfir Marianxeles Belluşi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Alberto Fernandesin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş etdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu bildirən dövlətimizin başçısı ticari və iqtisadi sahələrdə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd etdi və bunun üçün yaxşı potensialın mövcud olduğunu dedi.

Bakıda olmaqdan məmnunluğunu ifadə edən səfir paytaxtımızın gözəlliyinin ona dərin təəssürat hissi bağışladığını vurğuladı və ölkəmizdə çox böyük qonaqpərvərliyin şahidi olduğunu bildirdi.

Səfir Marianxeles Belluşi iqtisadi–ticari əlaqələrin genişlənməsi və bu baxımdan əməkdaşlığın səhiyyə, texnologiyalar, kənd təsərrüfatı və digər yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyini qeyd etdi.

11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin etimadnaməsini qəbul edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Ralf Horlemann dedi: Salam, cənab Prezident, sabahınız xeyir.

Prezident İlham Əliyev: Salaməleyküm, sabahınız xeyir.

Səfir Ralf Horlemann: Almaniyanın ölkənizdə növbəti səfiri olmaq mənim üçün böyük şərəfdir. Sizinlə və hökumətinizlə əlaqələrimizi daha da inkişaf etdirib genişləndirməyi səbirsizliklə gözləyirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm.

Səfir Ralf Horlemann: Ölkənizdə böyük səmimiyyətlə qarşılandığıma görə Sizə çox minnətdaram. Bizim ölkələrimiz arasında çox geniş münasibətlər var və bizi qarşıda çoxlu iş və bir çox fürsət gözləyir.

Prezident İlham Əliyev: Bəli, haqlısınız. Bizim çox geniş gündəliyimiz var və əməkdaşlığın yaxşı tarixi var. Bildiyiniz kimi, alman şirkətləri Azərbaycanda çox geniş təmsil olunub və əminəm ki, onların fəaliyyəti daha da geniş olacaq. Bizim yüksək səviyyəli səfərlərimiz və çox yaxşı siyası əlaqələrimiz var. Əlbəttə, biz yeni fürsətlərin nədən ibarət olduğunu görməliyik. Çünki Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr region üçün və həmçinin ölkələrimiz üçün çox mühümdür.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev bu əlaqələrin inkişafında Almaniyanın xüsusi rolunu qeyd edərək dedi: Biz Avropa İttifaqı-Azərbaycan ikitərəfli gündəliyinə verdiyiniz bütün dəstəyə görə minnətdarıq. Bu gündəlik getdikcə genişlənir və bir çox sahələri əhatə edir. Sizin xanım Ursula Fon der Lyayenin çox uğurlu səfərindən və bizim konstruktiv danışıqlarımızdan xəbəriniz var.

Prezident İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən energetika, nəqliyyat və nəqliyyat dəhlizləri, ticarət, investisiya sahələrində geniş perspektivlərə malik olduğunu vurğuladı. Azərbaycan ilə Avropa Komissiyası arasında enerji dialoquna start verildiyini qeyd edən dövlətimizin başçısı bu dialoqun təkcə qaz deyil, neft, hidrogen, elektrik enerjisi sahələrini də əhatə etdiyini bildirərək dedi: Azərbaycan enerji bazarında yalnız ənənəvi olan neft və qaz ilə deyil, həmçinin gələcəkdə elektrik enerjisi, neft, hidrogen və neft-kimya məhsullarının idxalı ilə çox önəmli oyunçuya çevrilməkdədir. Biz mühüm nəqliyyat infrastrukturunu vaxtında tamamladıq.

Dövlətimizin başçısı səfirin əməkdaşlığımızın genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Ralf Horlemann: Tam səmimiyyətlə deyə bilərəm ki, mən bunu səbirsizliklə gözləyirəm. Çünki bu, bizim daha da inkişaf etdirə biləcəyimiz müsbət gündəlikdir. Siz doğru qeyd etdiniz ki, Almaniya və Azərbaycan geniş və çoxtərəfli münasibətə, konstruktiv siyasi dialoqa, güclü iqtisadi münasibətlərə malikdir. Azərbaycan Almaniyanın regionda ən mühüm iqtisadi tərəfdaşıdır. Biz enerji və bərpaolunan enerji sahələrində böyük potensial görürük.

Söhbət zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə böyük miqyaslı mina problemi ilə üzləşməsi, Birinci Qarabağ müharibəsindən etibarən 4 min azərbaycanlının itkin düşmüş şəxs hesab edilməsi, həmçinin Azərbaycanın təşəbbüskarı olduğu və Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət edən sülh gündəliyi məsələləri də müzakirə olundu.

Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri barədə də fikir mübadiləsi aparıldı.

11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edib.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər