Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Amin Çərkəzov saxlanılıb. Həmin şəxsdən 3 ədəd “F-1” qumbarası aşkar edilib.
Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Gündüz Səfərov da qanunsuz silah saxladığı üçün tutulub. Ondan 3 ədəd “Kalaşnikov” markalı avtomat və 3 ədəd patron darağı aşkar edilib.
Xətai RPİ və 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə tədbir zamanı isə özündə olan silah-sursatı könüllü polisə təhvil verməyən əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Vüqar İsgəndərov da əməliyyat yolu ilə saxlanılıb. Ondan “Makarov” markalı tapança, patron darağı, 8 ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilərək götürülüb. Saxlanılan hər 3 şəxs əldə etdikləri silah-sursatı satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.