Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsində Ermənistanla Azərbaycan arasında davam edən şiddətli toqquşmalardan narahatlığını bildirib, yaranan insan və maddi itkilərdən təəssüfləndiyini diqqətə çatdırıb.
Teleqraf.com xəbər verir ki, Əfqanıstan Xarici İşlər Nazirliyinin saytında yayımlanan sənəddə Azərbaycana dəstək nümayiş etdirilib.
“Dağlıq Qarabağ bölgəsi Azərbaycanın bir hissəsi olaraq beynəlxalq səviyyədə tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir, Azərbaycan və dünyanın digər ölkələrinin xalqı və hökumətlərinin səylərini dəstəkləyir”, - bəyanatda bildirilib.
Əfqanıstan Xarici İşlər Nazirliyi atəşkəsin bərpasına və bölgədə uzun müddətdir davam edən böhranın sülh yolu ilə həllinə çağırıb.