Azərbaycan ordusu böyük fədakarlıq nümayiş etdirməkdə davam edir. Düşmənin işğal etdiyi ərazilərin bir qismi - 7 kənd, Murov zirvəsi azad edilib. Eyni zamanda Talış kəndi istiqamətində bir sıra irəliləyişlər əldə olunub. Ordumuz irəlilədikcə düşmənin canlı qüvvələri, texnikaları məhv edilir. Bu, bizim ordumuzun, əsgər və zabitlərimizin fədəkarlığıdır və onların Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı böyük savaşın nəticəsidir. İnanıram ki, tezliklə bütün işğal olunmuş ərazilər düşməndən təmizlənəcək.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Açıq Hökumət Platformasının koordinatoru, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, illərdir Azərbaycanın təcavüzə məruz qalmasına baxmayaraq, beynəlxalq qurumlar və ayrı-ayrı dövlətlər sadəcə olaraq vəziyyəti seyr etməklə kifayətlənirdilər:
“BMT-nin 4 qətnaməsi icra olunmur. ATƏT-in digər təşkilatları birmənalı sürətdə Azərbaycanın ərazi bütövlüyünün işğal olunmasını qeyd edirdi. Hətta Avropa Məhkəməsinin Ermənistana qətnaməsində də ərazilərin işğal altında olması birmənalı sürətdə qeyd olunurdu. Bu da ümid edirəm ki, işğalın hüquqi baxımdan göstəricilərindəndir. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə yalnız səyahətlərə gedirdilər. Hər hansı diqqət çəkən bəyanat verib, hərəkət etmirdilər. Tərəflər arasında hər zaman bərabərlik qoyurdular. Halbuki burada işğalçı və işğala məruz qalan var.
Son günlər erməni təxribatına cavab olaraq Azərbaycan ordusunun əks-hücuma keçməsi artıq bir çoxlarını həyəcanlandırıb. İndi bizə yenə də atəşkəs elan edilməsi və dialoq vasitəsilə məsələnin həll edilməsini tövsiyə edirlər. Halbuki biz 27 ildir dialoqda idik və bu dialoqu pozan erməni tərəfi oldu. Paşinyanın Şuşada, Xankəndində Dağlıq Qarabağın Ermənistanın olmasına dair etdiyi çıxışlar təcavüzün nümunələridir”.
Əliməmməd Nuriyev bildirib ki, həm iyul ayında Tovuz istiqamətində törətdikləri təxribatlara, həm də bu günlərdə etdikləri hücuma Azərbaycan başqa cür cavab verə bilməzdi:
“Azərbaycan əks-hücum əməliyyatları edərək düşməni geri oturtdu və torpaqların azad edilməsi prosesinə başladı. Ermənistan terrorçu dövlətdir və terroru dəstəkləyir. Təsadüfi deyil ki, ötən günlərdə Naftalanda bir ailənin 5 üzvü qətlə yetirildi. Tərtər, Ağdam və digər döyüş bölgələrində də mülki obyektlərin top atəşinə tutulması göstərir ki, onların tək hədəfi mülki əhalidir. Bu, Cenevrə konvensiyanın normalarının pozulmasıdır. Baş verənlər göstərdi ki, Ermənistan açıq-aşkar təcavüzkarlığını davam etdirməkdədir. Onların hərəkətlərinin qarşısını almaq Azərbaycanın hüququdur və Beynəlxalq hüquq da bizə bu haqqı tanıyır. Biz işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyirik”.
Ölkədə hərbi vəziyyətin elan olunmasına münasibət bildirən Əliməmməd Nuriyev bu vəziyyətin orudumuzun daha da irəliləməsinə və torpaqlarımızın azad olunmasına tövhə verdiyini vurğulayıb:
“Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının 109 və 111-ci maddəsinə əsaslanaraq ölkədə hərbi vəziyyətin elan olunmasına dair fərman imzaladı. Milli Məclisin iclasında da bu qərar təsdiq edildi. Çünki Azərbaycan ərazisinin bir hissəsi işğal altındadır. Bütün hallarda hərbi vəziyyətin elan edilməsi labüddür və Beynəlxalq qanunvericilik də Azərbaycanın bu haqqını tanıyır.
Hərbi vəziyyətin elan olunması bir sıra məhdudiyyətlərin tətbiqinə gətirib çıxarır. 28 Sentyabrdan etibarən Azərbaycanda hərbi vəziyyət rejimi başladı. Bir sıra rayon və şəhərlərdə Komendant saatı elan edildi. Buna uyğun olaraq da bütün prosesə nəzarət müvafiq icra strukturlarına tapşırılıb. Bu məhdudiyyətlər vəziyyətdən irəli gəlir və xalqımız bunu anlayışla qarşılayır. Bütövlükdə, Azərbaycan Prezidentinin qəbul etdiyi qərarlara dəstək verir. Bu, xalqımız üçün müqəddəs vəzifədir, vətənin müdafiəsi prosesi hər birimizin borcudur”.