27 sentyabrdan başlayaraq işğalçı Ermənistan qüvvələri tərəfindən Azərbaycan yaşayış məntəqələri, mülki əhali atəşə məruz qalıb. Buna cavab olaraq qüdrətli Azərbaycan ordusu düşmənə layiqli cavab verib. İşğalçıların bütün həmlələri dəf edilib. Əks-hücüm əməliyyatları həyata keçirilib və hazırda da bu əməliyyatların keçirilməsi davam etdirilir. Həmin əks-hücum əməliyyatları nəticəsində bir neçə yaşayış məntəqəsi də düşməndən azad edilib.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Millət vəkili bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz işğaldakı torpaqlarımızın azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlayıb:
"Ordumuz öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. Xalqımız Silahlı Qüvvələrimizin arxasındadır. Cəmiyyətimizdə çox böyük ruh yüksəkliyi mövcuddur. Hər kəs ordumuzun cəbhədəki uğurlarının sevincini yaşayır. Sözsüz ki, müharibə itkisiz olmur. Vətənimizin azadlığı uğrunda şəhid olan hər bir övladımıza Allahdan Rəhmət diləyirik. İnanırıq ki, yaxın vaxtlarda təmin ediləcək tarixi qələbəmizlə bütün şəhidlərimizin ruhu şad olacaq”.
Cavid Osmanov qeyd edib ki, Silahlı Qüvvələrimiz düşmənə layiqli cavab verməklə işğaldakı ərazilərimizin azadlığını təmin edir: “Müharibənin öz qanunları var. Ordumuz tərəfindən ardıcıl olaraq düşmən hədəfləri məhv edilir. Düşmənin uzun müddət bu ərazilərdə özlərinə istehkam qurmasına baxmayaraq, qüdrətli ordumuz işğalçıları ərazilərdən təmizləməyə müvəffəq olur. Artıq düşmən öz layiqli cəzasını alıb. Ordumuzun güclü zərbələri nəticəsində düşmənin çox sayda canlı qüvvəsi məhv edilib, hərbi texnikası sıradan çıxarılıb”.
Deputat vurğulayıb ki, riyakar düşmən cəbhəyə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutur:
“Dinc insanları, mülki obyektləri hədəfə alan düşmən hərbi qanunlara belə əhəmiyyət vermir. Çünki çaşqın durumda qalan düşmən mülki əhali arasında panika və təlatüm yaratmağa çalışır. Amma buna baxmayaraq, ordumuzun arxasında dayanan xalqımız ermənilərin heç bir təxribatından çəkinmir və heç bir vətəndaşımız öz yaşayış yerini tərk etmir. İşğalçıya Azərbaycanın güclü ordusu tərəfindən güclü zərbələr endirilir. Yaxın günlərdə böyük qələbə sevinci xalqımızın zəfər tarixində öz yerini tutacaq”.