Milli Məclisin deputatı Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elman müəllim, hazırda cəbhədə aktiv döyüş əməliyyatları davam edir. Əhval-ruhiyyəni necə qiymətləndirirsiniz?
- Döyüş bölgəsindəki vəziyyət, döyüş əməliyyatlarının aparılması haqqında məlumatlar ancaq Müdafiə Nazirliyinin yaydığı rəsmi informasiyalara əsaslanır. Məhz bu məlumatlara istinad edib fikir söyləmək, prosesi qiymətləndirmək mümkündür. Qətiyyətlə əmin oluruq ki, döyüş bölgəsində bütün istiqamətlərdə üstünlük Ordumuzun tərəfindədir, bütün parametrlər üzrə Silahlı Qüvvələrimiz düşməndən üstündür. Eyni zamanda hazırda döyüşlər vahid komandanlıq tərəfindən ən yüksək səviyyədə ciddi nəzarət altında davam edir. Fəxrlə və qürurla deyə bilirik ki, Azərbaycan Ordusu ən yüksək səviyyəli ordular sırasına yüksəlib. Bu gün də Ordumuz özünün gücünü və qüdrətini sübut edir. Ordumuz hərb elminə əsaslanan mükəmməl əməlliyatlar icra etməklə nəyə qadir olduğunu nümayiş etdirir. Hərb elminə əsaslanan yüksək səviyyəli əməliyyatlar nəticəsində bu gün möhtəşəm uğurlar əldə edilir.
Ordumuzun məharəti nəticəsində işğaldakı ərazilərimiz düşməndən azad edilir. Silahlı Qüvvələrimizin rəhbərliyi çox yüksək səviyyəli biliklərə malik olduqlarını açıq şəkildə nümayiş etdirir. Azərbaycan əsgəri artıq qələbə əzmi ilə döyüşür. Vətən müharibəsi aparan əsgərimiz öz döyüş və qəhrəmanlıq şücaətini göstərir.
- Ordumuzun bir neçə günə 30 ilə qurulmuş hərbi maneələri aşaraq Şuşaya bayraq sancacağı ilə bağlı fikirlər var. Sizin proqnozlarınız nədən ibarətdir?
- Hər zaman bu cür fikirlər özünə yer alır, meydan tapır. Bu gün Azərbaycan Ordusu 30 ilə yaxın bir müddətdə həmin ərazilərdə mühəndis istehkam qurğuları qurmuş, səngərlər qazmış, möhkənmlənmiş işğalçı bir orduya qarşı müharibə aparır. Güclü Azərbaycan Ordusu qarşısında düşmən nə qədər hiyləyə əl atsa da məğlubiyyətə məhkumdur. Amma unutmaq olmaz ki, Ordumuz boş ərazidə əks-hücum əməliyyatı keçirmir. Onun qarşısında işğalçı silahlı birləşmələr mövcuddur, meqavimət göstərməyə çalışır. Ona görə də bir-iki günə bizim Ordumuzun daha böyük nailiyyət etməli olduğuna dair fikirlərin heç bir ciddi əsası yoxdur. Hərbinin özünün qaydaları mövcuddur.
Eyni zamanda düşməni qiymətləndirmək vacib şərtdir. Çünki onun gücünə düzgün qiymət verilməsə, uğrusuzluq ola bilər. Məhz bu prinsipləri daha dəqiq hesablayan Azərbaycan Ordusu və onun rəhbərliyi düşmənin hər bir hərəkətini düzgün analiz edərək addım atır. Düşmənə qarşı necə mübarizə aparmaq lazım olduğunu ancaq hərb elminə əsaslanaraq dəyərləndirmək lazımdır. Düşmən üzərinə kortəbii formada getmək olmaz. Bu cür kortəbiilik 90-cı illərdə mövcud idi. Vahid komandanlığın olmadığı dönəmlərdə vətənpərvər oğlanlarımız vətən uğrunda canlarını sipər edərək düşmənə müqavimət göstərirdi. Bütün bunların fonunda isə bu gün ordu rəhbərliyi tərəfindən ən xırda detallar belə müzakirə edilərək konkret qərarlar verilir. Vahid komandanlığın verdiyi qərarlar nəticəsində ordunun hərəkət istiqaməti və atacağı addımlarla bağlı səlis qərar qəbul olunur.
- Düşmən daha çox mülki obyektləri, sivil şəxsləri hədəf alır. Bu addım nədən qaynaqlanır?
- Ötən gün işğalçı Ermənistanın baş nazirinin hərbi müşaviri də açıqlama verdi ki, onların əsas hədəfi mülki obyektlər və insanlardır. Onlar düşünürlər ki, belə addımlarla əhali arasında panika, qorxu yaratmağa nail olacaqlar. Çünki işğalçı Ermənistan silahlı birləşmələri güclü Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmir. Ordumuz sürətlə düşmənin üzərinə irəliləyir.
Məhz məkrli və riyakar düşmən tərəf düşünür ki, Azərbaycan Ordusunun əks hücumunu dayandırmaq üçün beynəlxalq hüquqa zidd bir addım atsınlar. Onların mülki hədəfləri atəşə tutması beynəlxalq hüquqa, konvensiyalara zidd olmaqla yanaşı müharibə cinayətidir. Cəbhə bölgəsinə heç bir aidiyyatı olmayan şəhərlərimiz, kəndlərimiz atəşə tutulur. Düşmən düşünür ki, bəlkə Azərbaycan Ordusu bu amillərə görə hücumunu dayandıra bilər. Eyni zamanda düşmənin burada tamam başqa bir çirkin niyyəti də mövcuddur. Onlar düşünür ki, Azərbaycan tərəfi də onların mülki obyektlərini hədəf alacaq.
Amma bu, yanlış yanaşmadır. Çünki Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, onun yeganə hədəfi düşmənin hərbi məntəqələri və canlı qüvvəsidir. Ona görə də düşmənin bu niyyəti də baş tutmayacaq. Onların bu hərəkətlərinin də qarşısı alınacaq.
- Beynəlxalq təşkilatlar, bir sıra dövlətlər atəşkəsin bərpasına çağırır. Hansı halda atəşkəs mümkündür?
- 90-ci illərdə işğalçı Ermənistan öz gücünə yox, bu gün haray-həşir salan Emmanuel Makron kimilərin və digər dövlətlərin köməkliyi ilə Azərbaycan torpaqlarını işğal edib. Həmin dövrlər Azərbaycan o qədər də böyük gücə malik deyildi, dövlətçiliyimiz yeni qurulmuşdu. Ölkənin iqtisadi-siyasi qüdrəti yetərincə təmin edilməmişdi.
Məhz Azərbaycanın bu vəziyyətindən istifadə edərək torpaqlarımız Ermənistan tərəfindən işğal edildi, xalqımız soyqırıma məruz qaldı. Həmin vaxt bu təşkilatlar işğalçı cinayətkar dövlətə qarşı heç bir əks-addım atmadılar.
İndi isə bu təşkilatlar Azərbaycanı əməliyyatları dayandırmağa çağırırlar. Sözsüz ki, dövlətimiz bu təşkilatlara layiqli reaksiyanı verir. Cənab Prezident də vurğuladı ki, biz öz torpağımızda müharibə aparırıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün mübarizə aparır. Azərbaycanın bu əməliyyatları dayandırmağının yeganə şərti işğalçının silahlı birləşmələrinin torpaqlarımızdan çıxmasıdır. Azərbaycanın ərazi bütövlüyü tam təmin edilməyincə, bu əməliyyatlar dayanmayacaq. Bəzi beynəlxalq təşkilatların nümayəndələri gedib Paşinyanla Dağlıq Qarabağda tut arağı, konyak içib məst olurdu. Ona görə də, Dağlıq Qarabağın bu günə qədər işğalda qalmasının bilavasitə günahkarı erməni siyasi rəhbərliyidirsə, heç də az günahkar olmayanlar da elə o beynəlxalq təşkilatlardır. Vaxtında bu təşkilatlar işğalçını əməllərindən çəkindirsəydi, proses bu günə qədər gəlib çıxmazdı.