5 Yanvar 2021 19:27
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 5-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin “Bartaz” sərhəd zastavasında Azərbaycan Respublikasının üçrəngli bayrağının qaldırılması mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə media nümayəndələri də iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin sədaları altında dövlət bayrağı qaldırıldıqdan sonra şəxsi heyətə təbriklər çatdırılıb, Vətəninə, xalqına, Prezidentinə sadiq, səngərdə və sərhəddə böyük əzmlə xidmət aparan Azərbaycan sərhədçilərinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin döyüş tapşırığını şərəflə yerinə yetirməkdən qürur duymaları xüsusi qeyd olunub.

Sərhədçilər yaradılmış şəraitə, diqqət və qayğıya, göstərilən yüksək etimada görə təşəkkürlərini ifadə edib, ali etimadı şərəfli xidmətləri ilə doğruldacaqlarına, dövlət sərhədlərimizin etibarlı mühafizəsini təmin edəcəklərinə, bərpa olunmuş müqəddəs sərhədlərimizin bir daha yağı düşmən tərəfindən tapdalanmasına imkan verməyəcəklərini əminliklə bildiriblər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmənə sarsıdıcı zərbə vurulub və otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız azad edildi, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunub.

Qırx dörd günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında şücaət və qəhrəmanlıq göstəriblər.

Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edilib, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilib. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımıza Azərbaycan bayrağı sancılıb, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olunub.

Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər