Xocavənd rayonunun Hadrut qəsəbəsində Füzuli Poçt Filialının Müştəri Xidmətləri Şöbəsinin Poçt Agentliyi fəaliyyətə başlayıb.
Teleqraf.com-un məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən işğaldan azad olunmuş bütün bölgələr üzrə telekommunikasiya infrastrukturunun bərpası istiqamətində hazırda şərait olan ərazilərdə müvafiq xidmətlər təşkil olunur, rabitə infrastrukturu qurulur, xidmətlər göstərilir.
Minalardan təmizlənən ərazilərdə tələbata uyğun poçt xidmətləri qurulub. Hazırda Füzuli və Cəbrayıl Poçt filialları tərəfindən işğaldan azad olunan həmin istiqamətlərdəki ərazilər üzrə hərbi hissələrə ünvanlanan poçt göndərişlərinin təyinat üzrə çatdırılması təmin edilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli və Hadrutda 5 ədəd modul tipli poçt şöbəsinin açılması üzrə işlər görülür. Gələcəkdə bütün bölgələr üzrə tələbata uyğun xüsusi poçt rabitəsinin və poçt xidmətlərinin təşkili üçün yeni poçt marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlanır.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə işğaldan öncə 295 poçt şöbəsi fəaliyyət göstərib.