“Qarabağlı ermənilər Ermənistana, oradan da Rusiyaya, Ukraynaya, Qazaxıstana və Belarusa üz tutmağa hazırlaşırlar”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
Jurnalist Qarabağ bölgəsindəki son demoqrafik duruma diqqət çəkib:
“Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti hər gün bəyanat yayaraq, Ermənistandan Qarabağa qayıdan ermənilərin sayını açıqlayır. Rusiya Müdafiə Nazirliyinin statistikasına görə, Xankəndinə artıq 51 136 erməni qayıdıb. Həmişə olduğu kimi, rəsmi Moskva reallığı geosiyasi maraqlarına qurban verir.
Bəli, avtobuslarla İrəvandan Xankəndinə 51 mindən artıq erməni daşınıb, belədir. Lakin ötən ilin dekabrın 2-dən bəri Xankəndindən Ermənistana 34 mindən artıq erməni qayıdıb. Ermənilər Qarabağda yaşamaq istəmirlər - Ermənistan mediasının, siyasətçilərinin və ələlxüsus da ermənilərin Teleqram kanallarının köpüklü bravur iddialarına rəğmən. Ötən ayın əvvəllərində "Qarabağda ermənilərə Rusiya pasportları paylanacaq" şiayiəsi dolaşanda ermənilər Xankəndinə axışmağa başlamışdılar. Bu absurd iddianın fiksiya olduğunu anlayanda haylar geri döndülər.
Onların məqsədi Ermənisanda qalmaq deyil: Ermənistandakı haylar “karabaxneri” adlandırdıqları, “karabaxtsi heyvanneri” dedikləri qarabağlı ermənilərə nifrət edirlər”.
Elçin Alıoğlu qeyd edib ki, qarabağlı ermənilər Ermənistana, oradan da Rusiyaya, Ukraynaya, Qazaxıstana və Belarusa üz tutmağa hazırlaşırlar:
“Qarabağda ermənilərin iki seçimi var: ya indiki şəraitlə barışıb yaşamalı, ya da rədd olub getməli. İndiki şərait isə erməniləri təlaşlandırır. Hər tərəfdə Azərbaycan ordusu, az sonra da kəndlərə və şəhərlərə azərbaycanlılar qayıdacaqlar. Rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə isə əkin-biçin yerləri, bağlar, kənd təsərrüfatı sahələri çox azdır. İş yerləri yox, gəlir yeri yox, qaz və elektroenerji hələlik Ermənistandan verilir, sonra bilinmir necə olacaq. Ermənistandan Qarabağa yox, Qarabağdan Ermənistana erməni köçü var”.