15 Mart 2021 08:05
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şok” - bilirsiz, nədir? Heç şok keçirmisiz nə vaxtsa?..

Mən illər öncə avtomobil qəzasına düşəndə aldığım zərbədən şok keçirmişdim. Ayılanda ağrını hiss eləmədim bir müddət. Ağrı sonra gəldi. Dəhşətli, dözülməz, adamın dizini yerə gətirən ağrı...

Ağdama getmək, Ağdamı görmək, Ağdamın ətrini, qoxusunu, enerjisini küçə-küçə, məhəllə-məhəllə, həyət-həyət, ev-ev hiss etmək, içinə çəkmək də şok effekti kimidir.

Şok keçirirsən. Bildiyimiz-bilmədiyimiz şok...

İlk anda hiss eləmirsən. Ağrı sonradan gəlir...

Başqa necə, nə cür ifadə edim, necə təsvir edim, necə anladım Ağdamı sizə?

“Çernobıl” filmi yadınızdadır?

Bir səhnə var orda: Çernobıl AES-dəki məlum qəzadan sonra şəhərin əhalisini öldürücü şüalardan qorumaq üçün avtobuslara doldurub aparırlar. Küçələr, həyətlər, evlər bomboş, adamsız qalır...

İnsanları yaşamaları üçün yaşadıqları şəhərdən uzaqlaşdırırlar. Amma şəhər özü diridir. Adamsızdı, işıqsızdı, amma şəhər kimi şəhərdir. Evlər sağ-salamatdır. Sakinlər qapılarını açarla bağlayıb sanki səyahətə gedirmiş kimi şəhəri tərk ediblər.

Ağdamdakı mənzərə isə... Çernobıl faciəsindən betərdi, daha betərdi...

Ağdam səfərinə Ağdamı görmək həvəsilə, həyəcanıyla getmişdik, təbii ki. Ağdama yaxınlaşdıqca həyəcan, gərginlik daha da artırdı. Sevgilinizlə ilk görüşə gedəndə ürəyinizin döyünməyi kimi... İntizarla...

Çoxumuzun Ağdamla ilk görüşüydü...

Amma... Yolboyu kəndlərin adları sadalanır. Avtobusun pəncərəsindən boylanırsan ki, kəndə baxasan, kəndi görəsən. Yoxdur kənd - dağıdılıb, uçurulub, yağmalanıb. Adda-budda uçuq-sökük divarlar, daş qalaqları gözə dəyir. Vəssalam. Ev yoxdur, yuva yoxdur, yurda bənzəyən heç nə yoxdur...

Dilim dönmür deməyə, canından uzaq, “xarabazar”...

Uzundərədə avtobusdan endik ki, Şəhidlər Xiyabanını ziyarət edək. Birinci Qarabağ savaşında 1000-dən artıq şəhidimiz dəfn olunan məzarlığı...

Düzənlik bir ərazi vardı önümüzdə. Boş, qəbirsiz.

Qəbristanlığı da dağıdıblar, yox ediblər, daşı üstdə daş qalmayıb...

Mənzərə budur: kənd var, ev yoxdur, məzarlıq var, məzar yoxdu, meşə var, ağac yoxdu...

Heç gördüklərinə, daha doğrusu, görmədiklərinə “skelet” də deyə bilməzsən. Tutaq ki, kəndin skeleti, silueti, evin forması. Elə evlər var, bünövrəsi də görünmür artıq. Ot-alaq basıb, izlər itib. Şəkilləndirmək, təsəvvürə gətirmək o qədər çətindir yəni...

Bir vaxtlar Qarabağda şəhər mədəniyyətinin beşiyi sayılan gözəl Ağdam...

Şəhər yoxdur Ağdamda. Ağdamın şəhərliliyi qalmayıb. Sakitlikdi, amma hüzur yoxdur. Evlər də yoxdur. Ev yoxdursa, sevgi, xoşbəxtlik və hərarət də ola bilməz. Şəhər mədəniyyətini, arxitekturasını, infrastrukturunu darmadağın ediblər, viran qoyublar.

Qısacası, canından iraq, viranə Ağdam. Təcavüz olunmuş gözəllik. Bir vaxtlar, 28 il öncəyədək nə vardısa, yoxdur. Söküb-yağmalayıb aparıblar. Ağdamın Ağ başına, Ağ damına fəlakət kimi gəlib düşmən...

Bir vaxtlar ən gözəl evlər burdaydı. Evlər yox, imarətlər, qəsrlər, villalar... Qarabağın ən varlı-imkanlı ailələri burada yaşayırdı. Qarabağ burjua yaşam tərzinin beşiyiydi Ağdam. Ən forslu, ən özündənrazı, həmçinin, ən nüfuzlu, sayılıb-seçilən insanlar idi onlar. Yəni Adam kimi adamlar idilər ağdamlılar.

Bax, o Adamların imarətləri yoxdur artıq.

Azərbaycanlıların əsrlərdir davam edən ənənəsi var - Ev qurmaq. İnsanlarımız ailəlikcə ömürlərinin 30-40, bəzən 50 ilini həsr edirlər ev qurmağa. Topdağıtmaz ev-eşik qururlar özlərinə. Ağdamın o topdağıtmaz evlərinin yerindən bir qucaq daş-qalaq boylanır. Bir də alayarımçıq, hüznlü, yetim divarlar...

Bircə torpağı daşıyıb aparmayıblar. Yəqin, pula getsəydi, yeyilməli-geyilməli olsaydı, kisələrə doldurub torpağımızı da aparardılar.

Ətri də qəribədi Ağdam torpağının. Kitabın arasında qurudulmuş çiçək ətri kimi... Qupqurudu, eyni zamanda, canlıdı, diridi, sağ-salamatdı...

Ağdama gözlə baxmaq olmur. Ürəklə görürsən hər şeyi. Burda hər daşın, hər damın, hər tikilinin mistikası var. Milli Qəhrəman Allahverdi Bağırovun məzarının – son mənzilinin, Şahbulaq qalasının toxunulmaz qalması da mistikadı. Qalaq-qalaq xatirələri var hər qum dənəsinin, hər çınqılın. Burdakı hər şey mədəniyyətimizin, mənəviyyatımızın, ruhaniyyətimizin daşıyıcısıdır, parçasıdır, zərrəsidir.

Görünən və görünməyən hər şey tarixdir burada, real tarix. Hər birinin hekayəsi var. Burda hər şey ilmə-ilmə hörülmüş xalça kimidir, sirli-sehrlidir. Qarabağ xanlarının inşa etdirdiyi türbələr, məscidlər, üzərində ərəb əlifbası ilə yazılmış yazıları pozulmayan sınıq-salxaq qəbir daşları...

Hər birinin sevgi tarixçəsi var...

Hər biri canlıdır, nəfəs alırlar, nəfəs verirlər...

Tövlə kimi istifadə olunub bu müqəddəs məkan, sirrindən-sehrindən, ətrindən, enerji qatlarından sual olunmayan bu yeri... bu yerləri murdarlamaq üçün hər murdarlığı ediblər.

Təzəkli-samanlı bir mənzərə gətirin gözünüzün önünə... Ya da... Gəlin, Cümə Məscidinə gedək. Namaz qılmağa...

Qoşa minarəli Ağdam məscidində namaz qıldım. Bu, həyatıma sığdırdığım ikinci namaz idi. Necə bacarırdımsa, eləcə, rituallarla dualar oxudum. Tanrıdan diləklər dilədim. Çox şey istədim. Adamları istədim, Sevdiklərimi. Ağacları istədim. Qarabağa can istədim. Güc-qüvvət istədim ki, Vətənimizi yenidən quraq, tikək, şəkilləndirək. Vətənimiz Vətən olsun...

Yanılmıramsa, qəzaya uğramış təyyarəni təmir etmək, əvvəlki vəziyyətinə qaytarmaq olmur. Aviaşirkətlər yenisini almağa üstünlük verir adətən. Ermənilər Qarabağı – şəhərlərimizi, binələrimizi, evlərimizi təmirolunmaz hala salıblar. Bərpa eləmək mümkün deyil. Yenisini tikmək, qurmaq, nəfəs vermək gərəkdir.

Yəni ki, torpaqlarımızın işğaldan azad olunması işin başlanğıcıdır. Gözəl bir başlanğıcdır.

Çoxdur işimiz. Yenidən yep-yeni bir Qarabağ yaratmalıyıq. Yaralarını sağaldaraq, yaddaşını saxlayaraq...

Adını çağdaş tariximizə Qarabağın Xilaskarı kimi yazan, Qarabağ qədər əziz İlham Əliyevin dediyi kimi, həyat verməliyik Qarabağa...

Ürəyimizin istisini, gözümüzün nurunu verməliyik...

Günəşin ətəyindən öpməliyik ki, daha çox İşıq və İstilik saçsın Qarabağa...

Yerlərə və Göylərə şükr etməliyik...


Müəllif: Aynur Camalqızı

Oxşar xəbərlər