Azərbaycan Ordusunun Qara göl istiqamətində irəliləməsi ilə bağlı Zəngəzur (Sünik) vilayətinin qubernatoru Melikset Poqosyan danışıb.
Teleqraf.com xəbər verir ki, o, erməni mediasına açıqlamasında Azərbaycan Ordusunun əmr yerinə yetirdiyini bildirib.
“Onlar əsgərdir, rəhbərliyin əmri olmasa, geri çəkilməyəcəklər. Azərbaycan Ordusunun əlində hansısa xəritə var və o xəritə əsasında sübut etmək istəyirlər ki, bu ərazilər Azərbaycana məxsusdur”, - o bildirib.
“Azərbaycan Ordusu nə qədər irəliləyib” sualına isə Poqosyan “1,8-2 kilometr” cavabını verib.
Poqosyan deyib ki, hazırda danışıqlar davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Ordusunun bu gün səhər saatlarında Qara göl istiqamətində 3 km irəlilədiyi və orda mövqe tutduğu haqda erməni mediası məlumat yaymışdı. Bildirilirdi ki, tam silahlanmış 200 əsgər GPS və xəritə əsasında bu ərazilərin Azərbaycana məxsus olduğunu müəyyənləşdirib və sərhədi qabağa çəkiblər.
Xatırladaq ki, Qarabağ və ətraf rayonların işğalda saxlanıldığı zaman Ermənistan sərhədi qanunsuz olaraq irəli çəkərək, örüş sahələri, su mənbələri, qızıl yatağı (Söyüdlü) və s. təbii sərvətləri mənimsəmişdi. 44 günlük Vətən savaşından sonra sərhədlərin dəqiqləşməsi prosesi gedərkən Müzəffər Azərbaycan Ordusu qanuni torpaqları bərpa etdikdə isə ermənilər hay-küy salaraq, guya bu ərazilərin onlara məxsus olduğunu iddia edib, zəbt etdiyi ərazilərin bir hissəsini də olsa, saxlamağa çalışırlar.