Avropa İttifaqı Rusiyanı qlobal problemlərin həllinə cəlb etməkdə maraqlıdır, çünki Moskva dünya arenasında iri oyunçudur.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel həftəlik bloqunda bildirib.
Borrel budəfəki bloqunu Rusiya ilə münasibətlərə həsr edib.
“...Bizim Rusiya ilə münasibətlərimizin son sütunu: qarşılıqlı əlaqə. Sizin xoşunuza gəlsə də, gəlməsə də Rusiya qlobal arenanın iri oyunçusudur və o, dünyanın çox yerində, o cümlədən Avropa İttifaqının maraqları ilə əlaqəli olan ölkələrdə siyasi varlığını artırıb: Liviya, Əfqanıstan, Dağlıq Qarabağ və Suriya buna yaxşı nümunədir. Mən həmçinin, Rusiyanın iştirakçısı olduğu və doğru yola qaytarmalı olduğumuz İranla bağlı Hərtərəfli Birgə Fəaliyyət Planını da nəzərdə tuturam”, - Borrel qeyd edib.
Bundan əlavə, Avropa İttifaqının Ali Nümayəndəsinin fikrincə, Rusiyasız qlobal problemləri həll etmək mümkün deyil.
“Qlobal problemlər də var, onların həllinə Rusiyanı cəlb etmək bizim maraqlarımızdadır, çünki bu problemlərin həll edilməməsi hamımıza təsir edəcək”, - deyə o əlavə edib.
Eyni zamanda Borrel qarşıdakı həftələrdə və aylarda Rusiya Federasiyasına qarşı yeni sanksiyalar və Moskva ilə qarşılıqlı fəaliyyət sahələri üçün variantlar hazırlayacağını söyləyib.