14 İyul 2021 14:11
7 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün General-mayor Polad Həşimovun anım günüdür. Fikrimcə, qazandığımız zəfər onun şəhadətinin qığılcımından başladı. Şəhid olduğu gün xalqı ayağa qaldıran general haqqında onu tanıyan hər kəs yazdı, danışdı. Onun haqqında oxuduqca, generalı tanımadığım üçün təəssüflənirdim.

Onu daha yaxından tanımaq üçün ailəsi ilə görüşdük. Bu görüş üçün həm səbrsizlənir, həm də qürurlanırdım. Deyə bilərəm ki, general haqqında oxuduqlarımdan sonra yaranan təəssüratı elə onun ailəsi ilə bir daha yaşadım...

Nə qədər ağır olsa da, ailə ilə söhbətləşməyə çalışdım. Generalın ömür-gün yoldaşı Ofeliya Həşimova Polad şəhid olsa da, təməlini qoyduğu ailə dəyərlərinin, qanunların bu gün də davam etdiyini söylədi. Deyir ki, ötən 12 aylıq zaman kəsimi General Həşimovsuz ailə üçün sadəcə keçib, yaşanmayıb: “Çox gözlənilməz oldu, heç ağlımıza gəlməzdi, düşünməzdik. Bir ili başa vurduq, yaşamadıq... Çox çətin, ağır oldu. Pəncərədən baxaraq, yol gözləyən şəkildə keçdi. Qəribədir ki, insan getdikcə qəbul etməkdənsə, gözü daha çox axtarır, daha çox istəyir. Ağırdır... Biz tək Poladı itirməmişik. Ad olaraq təkcə uşaqlarım atalarını itirməyib, biz hər şeyimizi itirmişik. Bütün həyatımız alt-üst oldu. Dəyişməyən yeganə gözəl məqam odur ki, Poladın qoyub getdiyi ailə ənənəsi, yazılmamış qanunları, o gözəl fikirləri, düşüncələri, nəyi necə olmasını istəyirdisə, yerindədir. Amma özü yoxdur...”

Həyat yoldaşı generalın 28 illik hərb tarixinin 17 ilini onunla keçirib. Deyir ötən müddət ərzində Həşimovun vəzifələri artdıqca, məsuliyyəti, vətənə sevgisi də artmağa davam edib: “Mən həmişə Poladı xidmətdə görmüşəm, canını qoyduğunu, Allah rızası üçün çalışdığını görmüşəm. Onunla çalışan əsgərlər, iş yoldaşları ondan ayrılanda özü ilə bir Polad aparıb getmişdi. Onu heç kim tanımazdı, Polad özünü geri çəkirdi. Amma Allah bir gecə içində hər şeyi üzə çıxardı. Bu, heç bir insanın istəyi, əli ilə baş verə bilməzdi. Allah onun 28 il xidmətini bir anın içində ortaya qoydu ki, baxın, görün, belə bir insan var idi”.

İşi nə qədər ağır olsa da, Həşimov bu ağırlığı ailəsinə daşımayıb, əksinə, evdəki Poladla qapı ardındakı Polad tamamilə fərqli şəxslər olub.

Övladları deyir ki, ataları işdən nə qədər yorğun gəlsə də, hər dəqiqəsini onlarla keçirməyə çalışıb. Ailənin ortancıl övladı Davudun sözlərinə görə, atası heç vaxt övladları arasında fərq qoymayıb: “Atam üçümüzü də çox sevirdi. Amma evin körpəsi Teymur olduğu üçün onunla daha çox oynayırdı. Mənimlə şahmat, nərd kimi oyunlar oynayırdı. Teymuru çiynində gəzdirərdi. Atamla əksərən təbiət qoynunda vaxt keçirirdik. Çünki şəhərdə yaşamırdıq, daha çox meşələrə gedərdik. İşi çox olduğuna görə, həftə sonu bizimlə vaxt keçirirdi. Atamla dost kimi idik. Sirlərimizi də onunla bölüşürdük”.

Söhbət zamanı öyrəndik ki, Həşimov övladlarının hərbçi olmasını arzulamayıb. Qəhrəmanımız onlarla bağlı istəklərini dilə gətirsə də, sənət seçimində işi öz ixtiyarlarına buraxıb. Lakin övladları da ixtisas seçimində atalarının istəyini nəzərə alıblar. Qızı Aybəniz deyir ki, atasının xəyallarını gerçəkləşdirmək üçün tibb fakültəsinə hazırlaşır: “Hələ ki, dəqiq sahə seçməmişəm. Hərdən düşünürəm, kaş mən də yeniliklər edə biləcək qədər güclü olardım, yeni dərmanlar kəşf edərdim. İnsanların xəstəliklərinə dərmanlar tapa bilərdim, pandemiya kimi çətin şəraitdə insanlara kömək ola biləydim”.

Polad Həşimov övladlarının təhsilinə çox böyük önəm verib. Aybənizin dediyinə görə, atası təhsilini davam etdirməsi üçün onu Avropaya göndərməyi planlayırdı: “Rus dilində başa düşmürdüm, amma o dildə kitablar oxumağı çox istəyirdim. Atam oturub mənə onları oxuyurdu. Birlikdə videolar izləyirdik. Atama çox bağlıyam. Onun fikirlərimizə hörmət etməyini sevirdim. Demirdi ki, uşaqsınız, qərar verə bilməzsiniz, bizə dəyər verirdi. Qərarlarıma qarşı çıxmırdı”.

Atası Davudu kompüter elmləri sahəsində görüb. Zaman keçdikcə isə Davudda bu sahəyə maraq daha da artıb. 9-cu sinifdə təhsil almasına baxmayaraq, artıq bu peşə üzrə kurslara getməyə başlayıb. Evin kiçik övladı Teymur isə hələ ki, özünə sənət seçməyib. Bir dəfə hərbçi olmaq istədiyini dilə gətirdiyi zaman atası bu istəyinə qarşı çıxıb, sənətinin ağır olduğunu söyləyib. Yaşı az olsa da, general Həşimov kimi xalqına xidmət etmək istəyən Teymur həm də atasının adını əbədiləşdirmək üçün ona ithafən xeyriyyə fondu açmaq istəyir.

İnsanlara verilən adlar həm də onların xarakterinə də təsir edir. Həyat yoldaşı Ofelya xanım deyir ki, tələbə olduğu zaman Poladı ilk gördüyü gün elə onun duruşundan necə biri olduğunu başa düşüb: “Polad Murovun başında idi, mənsə Bakı Dövlət Universitetində magistr təhsili alırdım. Bir-birimizi görmə kimi şansımız yox idi. Doğrudur, mənə demişdilər ki, Polad kənddə toyda görüb. Məndə intuisiya güclüdür. İnsanlar haqqında ilk andan verdiyim qərar sonradan özünü doğruldur. Qızlar yataqxanasında qalırdım, dedilər ki, oğlan gələcək görüşməyə. Pəncərədən baxdım ki, Polad dayanıb. O zaman Murovda xidmət edirdi, şaxtadan qapqara yanmışdı. Hiss olunurdu ki, çox əziyyət çəkir, ağır şəraitdən gəlib. Bir saniyəlik duruşundan başa düşdüm ki, çox ədəbli insandır. Digər gənc oğlanlar kimi deyil, yaşının üstündə olan biridir. Əlbəttə, bilməzdim ki, Polad gələcəyin böyük adamı olar. O, mənim qarşımda sadəcə kapitan rütbəsində olan biri idi. Etiraf edirəm ki, o vaxt hərbi işindən anlayışım yox idi, rütbələrdən heç birini tanımırdım. İlk görüşdə onun haqqında hansı fikirdə idimsə, 17 il ərzində o fikirləri doğrultdu”.

Magistraturanı bitirib elmi işlə məşğul olmaq, sənətinin arxasınca getməyi arzu etsə də, evləndikdən sonra karyerasını yarımçıq qoyan Ofelya xanım qərarından peşman olmadığını söyləyir: “Poladla tanış oldum, nişanlandıq, gördüm ki, mən Poladla getməliyəm. Ailə qurub tək qala bilmərəm. Həm də gördüm ki, Polad da bunu çox istəyir. Bütün arzu, istəklərimi bir tərəfə qoydum”.

Buna baxmayaraq, xanım Həşimova 15 il sonra yenidən işləmək üçün imtahan verir. Müsahibə mərhələsi haqqında danışan Ofelya xanım məhz bu cavabına görə işə qəbul olunur: “Doğrudur, orada heç kəs bilmirdi ki, mən kimin yoldaşıyam. Onda müəllim mənə sual verdi, dedi ki, niyə işləməmisiniz, iş həyatını kənara qoymusunuz. Mən dedim ki, yoldaşım hərbçidir, qəhrəmanlıq göstərmiş insandır. Bütün həyatımı ona sərf etmişəm. Mənim üçün ən gözəli də bu idi. Ona görə işləməmişəm, indi vəziyyət yaranıb və işləməyə qərar vermişəm.

Hər üç müəllim cavabımı hörmətlə qarşıladılar, dedilər ən gözəl iş sizə yaraşır. Riyaziyyatla bağlı başqa sual verməyəcəyik. Ən gözəl cavabı verdiniz ki, hərbçi insanın yanında olub ona dəstək vermisiniz, ən gözəl müəllim siz olacaqsınız. Şəmkirdə kənd məktəblərinin birində işə düzəldim. İşləyirdim. Sadə, sakit yaşayırdıq özümüz üçün..”.

Həşimov sözündən dönməzliyi, güclü iradə, məqsədyönlülük və vətən sevgisi kimi xüsusiyyətləri ilə seçilirdi. Oğlu Davud deyir ki, bacı-qardaşların hər üçü xaraktercə atalarına oxşayır: “Məsələn, Teymur şən, zarafatcıl olmasını atamdan götürüb. Aybəniz təmkinlidir, ağıllıdır. Amma özüm haqqımda deyə bilmərəm”. Teymur deyir ki, Davud atası kimi çox çalışqandır. Özü isə Həşimov kimi səbrli olmağı istəyir.

Polad hərbdə olduğu kimi ailə qanunlarını da yazıb. Həyat yoldaşı deyir ki, Həşimov üçün çətinlik anlayışı olmayıb. Gününün necə keçməsindən asılı olmayaraq problemlərini evdə hiss etdirməyib: “Polad çox təmkinli, səbrli insan idi. Bu xüsusiyyətini sevirdim. Olurdu ki, hansısa məqamda fikirləşirdim Polad səhv elədi, gərək bunu belə etməzdi. Amma bir müddət sonra görürdüm ki, onun etdiyi daha doğru imiş. Polad nə edirdisə, düz edirdi. Hər insan işinə evdən çıxıb gedir, evdəki xüsusiyyətini işinə də aparır. Bu, konkret belədir. Fərq orasındadır ki, Polad işdə daha ciddi, zəhmli idi. Bu belə də olmalı idi, hərbçi, komandir, qərargah rəisi idi, çiynində məsuliyyət var idi. Amma evdə daha yumşaq, gülərüz, zarafatcıl idi. Bəlkə də onu işdə görən insan evdə görsə, inanmazdı ki, Polad həmin insandır. Görmədim ki, Polad fikir çəksin. Sadəcə çox düşünən insan idi. Deyirdi ki, hadisələri çox düşünün. Poladla həyat çox rahat idi. Doğrudur, hərbi sirləri evdə açmazdı, heç mən onu gözləmirdim, işinə hörmətim var idi. Nəyisə bildirmək istəyirdisə, özü gəlib içini mənə açırdı”.

Döyüşlərdə cəsurluğu ilə ad qazanan generalı hər kəs ölümsüz kimi qəbul eləmişdi. Güllə keçirməz Həşimov həmişə əsgərlərinin yanında olardı. Şəhid olduqdan sonra haqqında danışılanlar bir daha bunun sübutu olmuşdu. Ofelya xanımın sözlərinə görə, henerala bağışlanan evi əsgər yoldaşına hədiyyə etməsini də şəhadət xəbərindən sonra öyrənib: “Poladın dövlətin ona bağışladığı evi əsgər yoldaşına bağışlamasını bilmirdim. Onun şəhidliyindən sonra bunu öyrəndim. Heç də təəccüblə qarşılamadım. Çünki Poladın etdiyi gözəl əməllərindən cüzi bir şeydir. Əgər edibsə, belə fakt varsa, onun etdikləri arasında zərrə qədər qalır. Bir ev nədir ki... Xarakterini yaxşı bildiyimə görə, dəqiq bilmirəm ki, belə bir hadisə olub, ya yox. Olubsa, bu, Polad idi, edə bilərdi bunu”.

Qızı Aybəniz deyir ki, atası işdən kənar bütün vaxtını onlara ayırırdı. Lakin peşəsinin ağırlığı ailəsinə təsirsiz qalmırdı. Ailədə özəl günləri keçirməyi nə qədər sevsə də, bəzən o günlərə özünü çatdıra bilməzdi. “Bir dəfə atam yüksəkliyə təlimə getmişdi, həmin günlər də ad günü ərəfəmə düşmüşdü, çox istəyirdim atam ad günümdə iştirak etsin. Atam həmin gün təbii ki, gələ bilmədi. Gələndə dağdan hədiyyə kimi sünbül yığıb gətirmişdi, çərçivədə saxlayırıq... Harasa gedirdisə, məni də özü ilə aparırdı. Uşaq vaxtı dəniz kənarına çox gedirdik, alış-verişə aparırdı. Elə olurdu ki, hərbi hissəyə gedəcək, gedənə qədər yol boyu məni də aparırdı, çox maraqlı olurdu.Uşaq vaxtı apardığı yerlər çox xoşuma gəlirdi. Bir dəfə tərk olunmuş zavodun həyətinə aparmışdı. Çoxlu xırda çiçəklər var idi, xatırlayıram”.

Tibblə paralel incəsənətlə məşğul olan Aybəniz atasının portretini çəkmək istəsə də, buna cəhd etməyib: “Həmişə istəmişəm ki, ən mükəmməlini çəkim. Çox mükəmməlçi insanam. Əlimə hər qələm alanda elə bilirdim ki, çəkə bilməyəcəm. Bəlkə də, qorxudan irəli gəlir”.

2016-cı ildə Talış qəsəbəsi uğrunda gedən döyüşlər zamanı Polad Həşimov yaralanır. Aprel döyüşlərindəki qəhrəmanlığına görə ikinci dərəcəli vətənə xidmət ordeni ilə mükafatlandırılır. Çətinliklərini gizlədən general bu dəfə yarasını da gizlətməyə çalışır. Həyat yoldaşının sözlərinə görə, döyüşlər başlamazdan əvvəl tez-tez ailəsinə zəng edər, onlarla sonuncu dəfə olsa belə, vaxt keçirməyə çalışarmış: “Döyüşlərdən bir neçə gün əvvəl Polad özünü qəribə aparırdı. Gün ərzində tez-tez evə gəlirdi, uşaqlarla 2-3 dəqiqəlik oynayıb, gedirdi. Demə bilirmiş müharibə başlayacaq. Aprelin 1-i evdə yox idi. Biz Bərdədə idik, gördüm qapı-pəncərə silkələnir, elə bildim zəlzələdir, amma baxdım ardı-arası kəsilmir. Çox həyəcanlanmışdım. Sonra səhər eşitdim ki, orada döyüşlər başlayıb. Müharibə dövründə çox məlumatlar yayıldı. Qohumlarım kənddən zəng edirdilər ki, bəs Poladdan nə xəbər? 10 dəqiqədə bəlkə də 10 dəfə zəng edirdilər. Başa düşmürdüm ki, bunlar niyə belə edirlər. Sən demə hamıya məlumat yayılıb ki, Polada nəsə olub. Sonra qohumlar gəldi, hamı yığışdı. Yenə də dəqiq bilmədim, demə ayağından, topuğundan yaralanıbmış. Sonra küçənin başına çıxdıq ki, Polad gəlir. Gördüm axsayır, çətinliklə gəlir. Yarasına baxdım, mən bilmirdim qəlpə yarası necə olur. Dedi ki, “burada nə var, batinka yarasıdır da. 15 gündür ayağım batinkada qalıb, heç nə yoxdur”. Sonra eşitdim ki, qəlpə yarası qalıb. O elə insan idi, başına ən böyük faciə gəlsə də, onu ailəyə bildirmirdi. Deyirdi ki, sən heç fikirləşmə, rahat ol, yaxşı olacaq hər şey. Çətinlikləri gizlədirdi”.

Evin böyük övladı Aybəniz hesab edir ki, hərbçi qızı olmaq çətindir. Qarşıdan onu çətin imtahan gözləsə də, güclü olmağı Polad Həşimovdan öyrəndiyini deyir: “Bu bir il ilk başlarda çətin keçdi. Sonra təbii ki, imtahanlar başlayırdı, özümü toparlamalı idim. Çalışdım ki, toparlayım, imtahana fokuslanım. Nə qədər çətin olsa da hadisələri yavaş-yavaş unutmağa başladım, atam üçün çalışdım, oxudum. İlin sonlarına doğru yenə də fokuslanmaqda çətinlik çəkməyə başladım. Həm tarix yaxınlaşır, həm imtahanlarımın çətin mərhələsi gəlirdi. Atamın istəklərini doğrulda biləcəmmi, valideynlərimin əziyyətini qarşılaya biləcəmmi kimi fikirlər ağlımda dolaşırdı”.

Evin sonbeşiyi Teymur deyir ki, General Polad Həşimovun oğlu olduğunu öyrənəndə təəccüblənib, onlarla şəkil çəkdirənlər də olur: “Hər kəs bizi görəndə fərqli reaksiya verir. Təəccüblənənlər də, sevinənlər də olurdu. Sosial şəbəkəyə şəklimizi qoyanda xoşumuza gəlmir. Adətən insanlar bizimlə uzun müddət vaxt keçirib, Polad Həşimovun övladı olduğumuzu biləndə təəccüblənirlər”.

Onlar Polad Həşimovu sonuncu dəfə 28 iyunda görmüşdülər. Davud üçün atalarının ölümü gözlənilməz olsa da, son görüş haqqında danışan Aybəniz həmin gün göz yaşlarını saxlaya bilməyib: “Atamla son görüş Qəbələyə kəndə getməzdən əvvəl olmuşdu, iyun ayının axırları idi. Biz Şəmkirdə hərbi şəhərcikdə qalırdıq. Orada əşyalarımızı toparlamağa kömək edib, sağollaşmışdı. Maşında ağlamışdım, amma son görüş olduğunu bilmirdim. Canlı son görüş oldu... İyulun 11-i isə sonuncu dəfə telefonda səsini eşitdim”.

Söhbət zamanı Aybəniz şəhid övladlarına da səsləndi: “Güclü olmaq və həyata davam etmək lazımdır. Atamdan öyrəndiyim başqa bir şey də odur. Atam məndən fərqli olaraq çətinliklərin üzünə dik baxa bilirdi. Şəhid övladları həyatın davam etdiyini başa düşsünlər. Atalarının şərəfi üçün ayaqda durub yaşasınlar. Mən gücü atamın xəyalları üçün topladım”.

Xanım Həşimova həyat yoldaşının yoxluğu ilə barışmaq istəmir: “Hərdən elə düşünürəm ki, əgər ağlamasam, baş ağrım keçsə, sakitləşsəm, Poladı unutmuş olaram, qəbul etmiş olaram ki, o yoxdur, şəhid olub. İstəmirəm, ağrım keçsin, sakitləşim, gözümün yaşı qurusun. Təsəvvür edin ki, o hər an bizim yanımızdadır. Adicə küçədə gedirəm, uşağı məktəbə aparıram, Polad mənimlə gedib-gəlir. Bir saniyə belə ağlımdan çıxmır. Çox qəribədir. Polad artıq elə bir yer edib ki, hər an beynimdədir. Mən həmişə Poladla yaşayanda düşünmüşəm ki, onun üçün nə edə bilərəm? Çünki o qədər əzab çəkirdi. Amma o şəhid olandan sonra mən düşündüm ki, elə hər şeyi onun üçün edirəm. Polad ön cəbhədə idi, mən isə onun arxa cəbhəsi idim. Onun arxa cəbhəsini həmişə bərqərar etmişəm, sakitlik olub. İşə gedib, ürəyi arxada qalmayıb. Bu həm ailə, həm işi baxımından çox önəmli idi. Ürəyi arxada qalmasın, o özünü işinə verə bilsin. Fikirli ola bilər, səhv qərar verə, yanlış sənədə imza ata bilər, bunlar çox mühüm idi. Çox böyük addımlar atmağa ehtiyac yoxdur. Mən çox düşündüm, amma şəhidliyindən sonra gördüm ki, həm qadın, ana, həyat yoldaşı, dost kimi vəzifələrimi yerinə yetirmişəm. Ona çox şey lazım deyildi. Sadəcə ona hörmət et, o ailədə vəziyyəti necə istəyirsə, elə et, üzünü güldür, ona dəstək ol. Şəhidliyindən sonra da bəzi şeylər etməyi düşünürəm. Polad heç ummadığın yerdən elə bir gözəl şey ortaya qoyurdu ki, yəqin Poladın tələbəsiyəm, ortaya nəsə çıxararam. Mənim ən böyük planım onun üçün o ola bilər ki, həyatda qoyub getdiyi ən böyük əmanətləri övladlarımızı necə yetişdirmək istəyirdisə, elə etmək... Mən bilirəm ki, uşaqları necə görmək, nəyin necə olmasını istəyirdi. Bundan sonra bütün həyatımı ona həsr elədim, həyatım övladlarımdır, onlar üçün yaşayıram. Əlbəttə ki, mənim amalım, yolum övladlarımızı Poladın öz istədiyi kimi böyütməkdir. Əlbəttə, bəzi şeylər düşünürəm. İnşallah Allah icazə verər, həyata keçirirəm”.

Bu da son... Fotolara baxdıq, şəhidin ailəsinə təsəlli sözləri axtardıq, Vətənimizi, Qarabağımızı düşündük. Şəhidlərimiz varsa, qazilərimiz də olacaq. Vətən uğrunda ölməyi bacarırıqsa, qələbə qazanmağı da haqq edirik.

Sizinlə qüruq duyduq, cənab General!


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov