Laçının rayonunun işğalından sonra Sus kəndinə köçürülmüş 12 erməni ailə kəndi tərk edib.
Teleqraf.com xəbər verir ki, barədə erməni icmasının rəhbəri Mxitar Nersisyan məlumat verib.
“Müharibədən sonra kənddə 12 ailə yaşayırdı, onlar daha çox Ermənistanın müxtəlif bölgələrinə köçmək istəklərini bildirirdilər, yalnız bir ailə Xankəndinə köçmək istəyir. Hazırda kənddə işıq yoxdur, əlaqə yoxdur, hər şey sökülüb”, - deyə o bildirib.
İcma rəhbəri qeyd edib ki, sakinlər qəbirlərdən qohumlarının qalıqlarını da köçürüblər.
“2020-ci il müharibəsindən sonra biz düşündük ki, Laçın şəhəri, Sus və Zabux dəhliz kimi qalacaq. Lakin hadisələr başqa cür inkişaf etdi".
M.Nersisyan qeyd edib ki, kənd camaatı əvvəlcə evləri yandırmaq qərarına gəliblər, lakin sonradan fikrini dəyişiblər: "Çünki onları zəhmətlə tikiblər, yalnız kəndə bitişik otlaqlar yanıb".
Qeyd edək ki, 1992-ci ildən sonra dünyanın müxtəlif ölkələrindən 49 ailə Sus kəndinə köçürülüb.
Qeyd edək ki, Laçın şəhəri və yaxınlıqdakı kəndlərdə yaşayanlara avqustun 25-dək evlərini tərk etmək üçün vaxt verilib.