28 Sentyabr 2022 16:15
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində 1 saylı tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

Teleqraf.com xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ümumi tikinti sahəsi 4300 kvadratmetrə yaxın olan yeni məktəb binasının inşaat işlərinə 2021-ci ilin oktyabrında başlanılıb. Məktəb 960 şagird yerlikdir. Burada şagirdlərin təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq.

Ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında da özünəməxsus rol oynayıb. Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri idilər. Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verdi. Şuşada 1 saylı tam orta məktəbin inşası məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəbin inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada təmir və bərpa edilən hoteldə görülən işlərlə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Şuşa şəhərində XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas olan tərzdə inşa edilmiş və hazırda bərpa olunan üç yaşayış binasının hotel kimi istifadəyə verilməsi nəzərdə tutulur. Bu binalar işğal zamanı dağıdılmış və istifadəyə yararsız hala salınmışdır. Bu ilin mayından başlayan bərpa işləri yekunlaşdıqdan sonra istifadəyə veriləcək hotelin interyeri autentik üslubda olacaq.

Məlumat verilib ki, binaların təməllərinin və divarlarının bərkidilməsi işləri aparılıb. İşğal dövründə binanın dağılmış hissəsi yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb.

Həyətdəki yarımtikilinin divarlarında bərkitmə işləri aparılıb, dəmir-beton dam quraşdırılaraq tikintisi tamamlanıb.

Təmir-bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə tanış olublar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirildi ki, bina 1970-ci illərdə inşa edilib. Burada bərpa və yenidənqurma işlərinə 2021-ci ilin iyununda başlanılıb. Binada ümumilikdə 41 iş otağı var. Burada əməkdaşların yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb. Binada, həmçinin akt və iclas zalları da mövcuddur.

Qeyd edək ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binası bərpa və yenidənqurmadan sonra sözün həqiqi mənasında göz oxşayır. Binanı seyr edərkən Prezident İlham Əliyevin 2021-ci martın 16-da Şuşaya səfəri zamanı söylədiyi “Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq” sözlərinin artıq reallığa çevrildiyini görmək olar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirildi ki, tikintinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksi 23 binadan ibarət olacaq. Səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb.

Məlumat verildi ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Burada birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir. Binalar 3 və 5 mərtəbəli olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” sözləri Şuşa şəhərində yeni yaşayış kompleksinin inşası ilə bir daha təsdiqini tapır. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün lap yaxında olduğunu göstərir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə tanış olublar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ümumi ərazisi 3 hektardan artıq olacaq hotel və konfrans mərkəzinin inşaat işlərinə bu ilin aprelində başlanılıb. Mərkəz ümumilikdə 154 otaqdan ibarət olacaq. Burada 400 nəfərlik konfrans zalı, görüş otaqları, restoranlar, mağazalar, yeraltı və yerüstü avtodayanacaqlar və digər zəruri infrastruktur yaradılacaq.

Qeyd edək ki, Şuşa hotel və konfrans mərkəzinin inşası şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi zəngin mədəni həyatına qovuşması üçün aparılan bərpa-quruculuq işlərində mühüm yer tutur. Qədim dövrdə Böyük İpək Yolunun əsas qovşaqlarından biri olan Şuşa Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib–gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaraylar tikilirdi. Məhz bu baxımdan mərkəz karvansaray konsepti əsas götürülərək müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib. Xarici görünüşündə milli memarlıq elementləri tətbiq olunacaq. Fasadın üzlənməsində isə şəhərin tarixi binalarının tikintisində işlədilən Şuşa daşından istifadə ediləcək.


Müəllif: Teleqraf.com