Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu işini davam etdirir.
Teleqraf.com xəbər verir ki, Forumda yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri, elm adamları, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qardaşlaşma əlaqələri olan 44 xarici ölkədən 130-dan çox nümayəndə ilə birgə ümumilikdə 400 nəfərdən çox insan iştirak edir.
Forum çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – post-konflikt dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda müzakirələr aparılır.
Azərbaycanda ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşdürülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından unikal və uğurlu platformadır.
Əlavə məlumatların əldə edilməsi imkanlarının, habelə informasiya təminatının artırılması məqsədilə tədbirin rəsmi internet səhifəsi (www.nufa.az) yaradılıb, bundan başqa, tədbirə dair məlumatlar “UN-Habitat”ın rəsmi internet səhifəsində də yayımlanır.
Azərbaycan Milli Şəhərsalma Forumunun ölkədə hər il keçirilməsi nəzərdə tutulur.
Forum öz işini sabah Bakıda - ADA Universitetində davam etdirəcək. Forumun nəticələrinə dair Azərbaycan Milli Şəhərsalma Forumunun yekun Bəyannaməsi qəbul olunacaq.
Qeyd edək ki, Azərbaycan Milli Şəhərsalma Forumu dünyada müasir şəhərsalma prosesinə böyük töhfədir, Azərbaycanın şəhərsalma, xüsusilə post-böhran vəziyyətində şəhərsalma modeli böyük maraqla qarşılanır.
Ermənistanın 30 illik işğalından sonra azad edilmiş torpaqlardakı Böyük Qayıdış, bərpa və quruculuq işlərində dayanıqlı şəhər inkişafı prinsipləri böyük dəyər kəsb edir. İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. İşğal dövründə Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Azad edilmiş bəzi şəhərlərin Baş planları artıq hazırdır. Şuşa şəhərinin Baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edilir. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Yenidənqurma prosesində əsas məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.