24 Oktyabr 2022 12:44
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında “Azərbaycan bayrağı” ordenli Əliyev Kərim Məhəmmədəli oğlu da var.

Teleqraf.com xəbər verir ki, o, 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpout kəndində dünyaya göz açıb. Orta məktəbi bu kənddə bitirib.

2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Daha sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində gizir kimi xidmət edib.

2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılan Kərim Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin düşməndən təmizlənməsində şücaət göstərib.

K.Əliyevin sonuncu döyüşü oktyabrın 19-da Qubadlının azadlığı uğrunda olub. O, düşmənə qarşı qəhrəmancasına vuruşub və şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 24-də doğma kəndində - Alpout qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə K.Əliyev "Azərbaycan bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "İgidliyə görə” medalları ilə təltif olunub.

Dostları Kərimin müharibədə göstərdiyi cəsarətdən, qorxmazlığından, mərdliyindən, şücaətindən ağız dolusu və qürurla danışırlar, onu cəsur və cəngavər döyüşçü kimi xatırlayırlar.

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş hərbi qulluqçusu, Vətən müharibəsi qazisi Ayar Abbasov da K.Əliyevlə çiyin-çiyinə vuruşub. Onların hər ikisinin döyüş yolu eyni vaxtda Füzulinin Qaraxanbəyli kəndi istiqamətindən başlayıb.

A.Abbasov müsahibəsində deyib ki, Kərim bütün döyüşlərə ruh yüksəkliyi ilə atılıb və sona qədər də bu əhvalda savaşıb.

O, K.Əliyevi qoçaq, mərd, qorxmaz, eyni zamanda gülərüz insan kimi xatırlayır.

"Çox zarafatcıl idi, güclü yumor hissi vardı. Ağır döyüşlərdə də zarafatından qalmırdı, silahdaşlarında böyük ruh yüksəkliyi yaratmağı bacarırdı", - A.Abbasov bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu düşmənə qarşı əks-hücum əməliyyatlarına başlayanda Füzulinin Qaraxanbəyli kəndi istiqamətindən döyüşlərə atılıblar. Vətən müharibəsi qazisi qeyd edib ki, ermənilər bu istiqamətdə çox böyük hərbi texnika və canlı qüvvə cəmləmişdilər:

"Çox şiddətli, ağır döyüşlər gedirdi. Orada bizim qrup komandirimiz kapıtan Şirinov Kamil şəhid oldu. Kamillə Kərim çox yaxın dost idilər. Kərim Kamilin yoxluğu ilə barışa bilmirdi. Kərim oradaca söz verdi ki, Kamilin qisasını almaq üçün son damla qanına kimi vuruşacaq. Biz orada 4 gün döyüşdük. Bir şəhid verdik, 18 yaralımız oldu. Daha sonra oktyabrın 2-də Lələtəpə istiqamətindən Cəbrayılın azad olunması uğrunda döyüşə qatıldıq. Ordumuz düşmənə sarsıdıcı zərbələr vururdu. Düşmən təlaş içində idi".

A.Abbasov söyləyib ki, 3 gün Cəbrayılda qaldıqdan sonra yenidən Lələtəpə, Arazboyu istiqamətində torpaqları təmizləyib Hadruta yol alıblar. İki dağın arasında yerləşən Hadrutda da çox qanlı döyüşlər olub:

"Ermənilər yüksəklikdə mövqelənib, bütün silahlardan istifadə edib bizi atəş altında saxlayırdılar. Əraziyə girmək olduqca çətin idi. Ermənilər təslim olmaq istəmirdilər. Amma biz istədiyimizə nail ola bildik. 12 nəfərlik qrupla ermənilərin hava hücumundan müdafiə sisteminin yerləşdiyi istiqamətə doğru irəliləməyə başladıq. Bu döyüşdə hərbi qənimət kimi düşmənin hava hücumundan müdafiə sistemini, eləcədə bir "UAZ", bir "Ural" maşınını ələ keçirdik, bir polkovnikini, bir kapitanını və 11 əsgərini məhv etdik. Kərimin göstərdiyi bu qəhrəmanlıq dərhal komandanlığa məruzə olundu".

Şəhidin digər döyüş yoldaşı XTQ-nin qazisi Şamil Məmmədov bildirib ki, Kərimlə sonuncu döyüşü Qubadlı istiqamətində olub. Bu dəfə ən çətin tapşırıq isə Xocavənddə “720” deyilən yüksəkliyi götürmək idi:

"Biz 16 oktyabrdan orada müşahidə aparırdıq. Kəşfiyyatın gətirdiyi məlumata əsasən dəqiqləşdirmişdik ki, orada düşmənin böyük bir ordusu yerləşmişdi. Təxminən 600 nəfərə yaxın canlı qüvvə cəmləşmişdi. Bizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutdular. Mən mərmi qəlpisindən ağır yaralandım, Kərim də zədələndi. O, irəli getmək istəyəndə qolundan səngərə tərəf dartdım ki, sən yaralısan. Dedi ki, uşaqlar qabaqdadır, onları tək qoya bilmərəm. Bunu deyib qabağa qaçdı. Qeyri-bərabər döyüşdə gülləsi bitən Kərim hər iki ayağından yaralanır və səngərə sığınır. Düşmənin bir neçə hərbi qulluqçusu xüsusi təyinatlını əsir götürəcəklərinə sevinərək onun üstünə şığıyır. Onları özünə tam yaxınlaşdığını səbrlə gözləyən Kərim üzərindəki yeganə 2 qumbaranı çəkərək 10-a yaxın ermənini partladır və şəhidlik zirvəsinə ucalır".


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər