“Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Qərb planına razılıq verib”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Hermina Mxitaryan deyib.
“Ermənistan hakimiyyəti sülh müqaviləsinin Qərb versiyası ilə razılaşır, dəfələrlə bu çərçivədə sülhə can atdıqlarını bəyan edib. Bu baxımdan, ona təqdim olunan məqamlarla razıdır. Ermənistan hakimiyyəti bəyan edir ki, “Qarabağın təhlükəsizliyi”ni təmin etmək üçün resursları yoxdur. Bütün bunları nəzərə aldıqda belə bir mənzərə yaranır ki, Ermənistan hökuməti Qarabağdan əl çəkir və bu məsələ olmadan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına getməyə razıdır”, - ekspert bildirib.
Mxitaryan sülh müqaviləsinə dair “Vaşinqton sənədi”nə də diqqət çəkib:
“Məxfiliyi ləğv edilmiş “Vaşinqton sülh sənədi”nə diqqət yetirsək, orada Qarabağ məsələsi ilə bağlı lehimizə olmayan məqamları görə bilərik. Bu sənədə görə, Azərbaycan xüsusi nümayəndə təyin edəcək, Qarabağın erməni icması ilə danışıqlar aparacaq, problemləri daxildə həll edəcəklər”.
Politoloq bunun separatçı rejimin birdəfəlik ləğv edilməsi anlamına gəldiyini söyləyib:
“Bir sözlə, Qərb Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq təklifini irəli sürür. Bu, Ermənistan hakimiyyətinin Soçi görüşündə qəbul edilən sənəddə əksini tapa bilməyən yanaşmasıdır”.
Mxitaryan Rusiyanın da Qarabağ məsələsinə yanaşmasına diqqət çəkib:
“Qarabağla bağlı Rusiyanın maraqlarına gəlincə, təbii ki, bu məsələnin həlli heç bir şəkildə Moskvanın maraqlarına uyğun deyil. Bu gün Rusiyanın bölgəmizdə mövcudluğu iki əsas amillə dəstəklənir: Qarabağ məsələsi və bölgədəki Türkiyə faktoru. Bu məsələlər həll olunsa, Rusiyanın bölgədə hərbi mövcudluğuna dair heç bir əsas qalmayacaq. Qərb də məhz buna görə bu məsələnin tezliklə həllinə can atır. Rusiya da çalışır ki, “status” məsələsinin həlli gələcəyə qalsın.
Təsadüfi deyil ki, Rusiyanın Ermənistandakı səfiri deyir ki, “status məsələsi”ni gələcək nəsillərin öhdəsinə buraxmaq lazımdır”.
Hermina Mxitaryan amerikalı konqresmen Frank Pallonenin Qarabağla bağlı son açıqlamasından da sitat gətirib:
“Amerikalı konqresmen Ermənistanın dövlət televiziyasında açıq şəkildə dedi ki, Qarabağ Azərbaycanın bir hissəsidir və belə də olmalıdır. Şübhəsiz ki, amerikalıların mövqeyi budur”.