23 Avqust 2023 12:29
9 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidəki separatçı qurum arasında “siyasi vəziyyət” gərginləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşrin iddiasına görə, bugünlərdə separatçıların başçısı Araik Arutyunyanın “istefa” vermək niyyəti olub. Ötən həftə Arutyunyan “parlament üzvləri”, separatçıların keçmiş başçıları Bako Saakyan, Arkadi Qukasyan və Ruben Vardanyanla görüşüb və “istefa” vermək niyyəti barədə məlumat verib. Qəzetin iddiasına görə, onlar indiki durumda bunun doğru olmayacağını bildirərək, Araiki bu fikrindən daşındırmağa çalışıblar.

Bir neçə gün sonra Vardanyan həmin görüş haqda danışaraq, Arutyunyanı “yalançı” adlandırıb və “istefa” qərarından geri çəkildiyini bildirib. O, Araikin bu yalanı dəfələrlə danışdığını, görüşdə iştirak edən 8 nəfərdən heç birinin ona inanmadığını söyləyib.

“Hraparak”a görə, Arutyunyanın “istefa”sı xəbəri separatçılar arasında vəziyyəti o qədər gərginləşdirib ki, tərəfdarları hərbi geyimdə “parlament”ə soxulublar.

Nəşr Araikin təkləndiyini, özünü yalnız hiss etdiyini yazır.

“Araik Arutyunyan dilemma qarşısında qalıb: ya istefa verməlidir, ya da ərzaq Ağdam-Xankəndi yolu ilə gətiriləcək”, - nəşr əlavə edir.

Məqalədə deyilir ki, Araik “post”unu tərk edəcəyi təqdirdə yerini “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan tuta bilər. Qəzet Babayanın rəsmi Bakı ilə dialoq tərəfdarı olduğunu iddia edir. Bununla belə, bütün bunların söz-söhbət olduğu “istefa” xəbərinin bilərəkdən Araikin özü tərəfindən dövriyyəyə buraxıldığı bildirilir.

“Mənbələrimizdən biri dedi ki, Arutyunyanın istefa vermək fikri yoxdur, ona görə də ərzağın Ağdam-Xankəndi yolu ilə daşınması məsələsi onun gündəmindədir. Üstəlik, dünən “təhlükəsizlik şurası”nın iclasını çağıraraq Ağdam yolunun istifadəyə veriləcəyini açıqlayıb.

Yaxın günlərdə Samvel Babayanın rəhbərlik edəcəyi komandanın Azərbaycan nümayəndələri ilə görüşə gedəcəyi, digər məsələlərlə bağlı razılıqların əldə olunacağı istisna edilmir”, - məlumatda qeyd olunur.

“Hraparak” görüşün harada olacağını bildirməsə də, erməni mediası bundan əvvəl dialoqun Bərdədə keçiriləcəyini yazmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər