30 Avqust 2023 20:38
5 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva Paşinyanı hədəf göstərir, ancaq Kremlin istəyinin əksinə olaraq Ermənistandakı çoxluq indiki baş naziri devirmək istəmir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Qarabağla bağlı son açıqlamasını şərh edib:

“Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ilk baxışdan qulağa xoş gələn açıqlama səsləndirib: “Laçın dəhlizindəki hazırkı vəziyyət Ermənistanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımasının nəticəsidir”.

Birincisi, bu açıqlamada Azərbaycanın maraqlarıyla hesablaşılmayan iki ifadə var: “Laçın dəhlizi” (Laçın yolu) və “Dağlıq Qarabağ” (Qarabağ iqtisadi rayonu).

İkincisi, Mariya Zaxarovanın açıqlamasını tərsinə oxusaq bu alınar: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Rusiya Laçın dəhlizinin bağlanmasına imkan verməzdi”.

Belə çıxır ki, Rusiyanın Azərbaycanın Qarabağın dağlıq hissəsinə tam nəzarəti bərpa etməsi siyasətinə mane olmaması sırf Ermənistan Baş nazir Nikol Paşinyanın məlum açıqlamasıyla bağlıdır. Yəni Ermənistanın başında Nikol Paşinyan deyil, Robert Köçəryan kimisi olsaydı, Rusiya bildiyini edəcəkdi. Bu məntiqlə iki ildən sonra Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsinə nail olsaq, Moskva bunun “günah”ını da Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıyla əlaqələndirəcək.

Moskva sadəcə Paşinyanı hədəf göstərir, ancaq Kremlin istəyinin əksinə olaraq Ermənistandakı çoxluq indiki baş naziri devirmək istəmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər