2 Mart 18:29
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə fiziki görüşlərin vacib əhəmiyyəti var.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"28-29 fevral tarixlərində Azərbaycan və Ermənistan nümayəndə heyətləri Berlində sülh prosesi üzrə danışıqları davam etdirdilər. Bundan əvvəl sülh danışıqları 7 ay olar ki, keçirilmirdi. 2023-cü ilin yay aylarında heyətlər iki dəfə görüşmüşdülər. Bundan sonra ancaq sülh prosesi ilə bağlı mətn və layihələrin bir-birinə ötürülməsi qeydə alındı. İstənilə halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var", - nazir deyib.

Ceyhun Bayramovun sözlərinə görə, rəsmi Bakının Ermənistandan gözləntiləri ondan ibarətdir ki, ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh müqaviləsinə sözdə deyil, real olaraq razılıq versin.

Nazir vurğulayıb ki, sülh müqaviləsi davamlı olmalıdır ki, gələcəkdə hansısa açıq suallar yaratmasın.

"2021-ci ilin yanvar ayından Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atmağa başladı. 2022-ci ildə Azərbaycan vacib əhəmiyyətə malik 5 baza prinsipini elan etdi. Həmin 5 baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən müsbət dəyərləndirilib. Azərbaycan tərəfindən hazırlanan və qarşı tərəfə təqdim olunan sənəd layihəsi də həmin o prinsiplər üzərində qurulub, beynəlxalq hüququn normalarına uyğun şəkildə formalaşır", - C.Bayramov deyib.


Müəllif: Teleqraf.com