5 Dekabr 2017 09:40
7 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

…bu iddialarından yorulmayan “şərqşünas” Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində “indiyədək elm üçün naməlum qalan etnik və dini amillərə” də toxunmağı unutmur: “Qarabağdakı azərilər (Azərbaycan türkləri – A.Q.) erməni kökənli olub sonralar müsəlmanlaşmış ermənilərin törəmələridir. Qarabağ savaşında üz-üzə gələnlər eyni erməni nəsillərinin nümayəndələridir. Onlardan kimi özünü “xristian erməni”, kimi də “müsəlman türk” olaraq görür”. Sonra əlavə edir: “Azərbaycanlı fəal (?) Əkrəm Əylisli Azərbaycanda müsəlman ermənilərin də yaşadıqlarını söyləyib və bu, onun ölkədə təqib edilməsi ilə nəticələnib”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

“Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?

“Erməni “qəhrəmanları” əslində öz xalqlarının xilaskarları deyil, cəlladları olmuşlar”

Qustav Lö Bon

Ermənistan hakimiyyətinin və qriqorian kilsənin bütün cəhdlərinə baxmayaraq, bu monoetnik ölkədə «milli birlik», «vahid etnos» məsələləri hələ də reallaşmayan arzu olaraq qalmaqdadır. Hər fürsət düşəndə dünya ermənilərini «tarixi vətənə» qayıtmağa çağıran Ermənistanın özü bu gün sürətlə boşalmaqdadır. Batan gəmi sürətlə tərk edilir. Ölkədə yaranmış vəziyyət isə Ermənistanda çox populyar olan bir lətifəni xatırladaq: Günlərin birində beş balıqçı – İrəvan ermənisi, İran ermənisi, Türkiyə ermənisi, Suriya ermənisi və «Qarabağ ermənisi» bir araya gəlib Göyçə gölünə ova gedirlər. Tor atırlar. Tora qızıl balıq düşür. Balıq ermənilərlə şərt kəsir: Əgər onu sağ-salamat suya buraxsalar, hər birinin ürəyindəki ən böyük arzunu yerinə yetirəcəkdir. Razılaşırlar. Balıqçılar ürəklərində bir arzu tutur, qızıl balıq isə sözünə əməl edir. Nəticədə balıq suya qayıdır, balıqçıların beşi də sahildə yox olurlar. Məlum olur ki, onların hər biri ürəyində digər dörd erməninin Ermənistandan rədd olub getməsini arzulayıbmış. Əminliklə deyə bilərik ki, əgər bu gün qızıl balığın siyahısına Ermənistana köç etmək istəyən «islamlaşdırılmış ermənilər» də əlavə olunsaydı, onları da həmin aqibət gözləyəcəkdi...

Ermənistanda isə hazırda ictimai müzakirələr həm də bu sual ətrafında aparılır: «Tarixən xristian dininin dayağı» hesab edilən ermənilər müsəlman ola bilərlərmi?» Cavab erməni cəmiyyətində şok effekti yaratsa da, etnik və dini identikliyinin bölünməzliyi prinsipindən çıxış edən qriqorian kilsəsi hələlik bu məsələyə birmənalı və qəti münasibət bildirməyə tələsmir. Çünki qeyd olunduğu kimi, həmin prinsipin müvəqqəti də olsa yumşaldılmasının «siyasi məqsədəuyğunluğuna» dair hakimiyyətin təklif və tövsiyələrinə baxmayaraq, qriqorian kilsəsi çoxsaylı müsəlman erməni kütləsinin Ermənistan cəmiyyətinə daxil edilməsini onun dominant mövqeyi üçün ciddi təhlükə kimi dəyərləndirir. Bu maksimalist prinsiplər əsasında böyümüş nəslin böyük hissəsi də əvvəlki ətalət üzrə hərəkət edərək, «islamlaşdırılmış» soydaşları ilə «Qarabağ erməniləri»ni tərəzinin eyni gözünə qoyur və «etnik mutasiyaya məruz qalmış» hər iki qrupu hələ də «din xainləri», «türkdən dönmələr» adlandırır.

Yuxarıda göstərildiyi kimi, «Kimliyə dönüş» və «Qarabağa qayıdış» «proqramları üzvi şəkildə bir-biri ilə əlaqəlidir. Aralarındakı fərq müxtəlif coğrafi ərazilərə iddialarıdır. Belə ki, birinin qondarma «Qərbi Ermənistan», digərinin isə bir o qədər mifik «Şərqi Ermənistan» torpaqlarının Türkiyə, Azərbaycan və Gürcüstandan qopardılıb Ermənistana qatılması xülyaları son nəticədə hər iki iki məqsədi «Birləşmiş Ermənistan» ideyası ətrafında birləşdirir. Eyni zamanda, əgər «Kimliyə dönüş» layihəsindən məqsəd qondarma «erməni soyqırımı»nı və ondan irəli gələn torpaq və təzminat tələblərini tanımayan və buna yönəlik ittihamları qətiyyətlə rədd edən Türkiyənin müqavimətini «etnik və dini mənsubiyyətlərinə qovuşmuş yüz minlərlə gizli erməni» vasitəsilə sındırmaqdırsa, «Qarabağa qayıdış» planından əsas gözlənti Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırılması, qəsb olunmuş ərazilərdə möhkəmlənməsi və bölgəni xarici qüvvələrin regiondakı geosiyasi maraqlarının təminatına istiqamətləndirməsidir.

«Qarabağa qayıdış» planının ideoloji xətti bir neçə istiqamətdən ibarətdir və onların da hər biri bu gün Ermənistanın üzləşdiyi siyasi, sosial-iqtisadi, demoqrafik və s. problemlərlə əlaqəlidir. Razılaşaq ki, erməni təfəkkürünün bəhrəsi olan aşağıdakı vektorlar ilk baxışda normal məntiqə sığmayan, absurd ideyalar təsiri bağışlayır. Lakin o da bir faktdır ki, Ermənistanın elm dairələrinin təbliğatının bu gün də ictimai dövriyyədə saxladığı bu ideyalara təkcə Ermənistanda deyil, təəssüf ki, həm Qərbdə, həm Orta Şərqdə, həm də Rusiyada inananlar və ya özlərini buna inandırmaq istəyənlər vardır.

Əsas istiqamətlərdən biri olan «iqtisadi vektor» əslində Ermənistanın maliyyə-iqtisadi böhrandan və izolyasiyadan çıxarılmasına yönəldilmişdir. Belə ki, həmin istiqamətə əsasən, Azərbaycanın işğal altında olan ərazilərinə köçürülən imkanlı ermənilərin, xaricdəki erməni diasporasının, beynəlxalq qurumların, xüsusilə islam təşkilatlarının qondarma «Dağlıq Qarabağ Respublikasının» «müsəlman əhalisinə» yardım göstərilməsi bəhanəsi altında onları Ermənistanın iqtisadiyyatına investisiya qoyulmasına sövq etmək nəzərdə tutulmuşdur. Ermənistan Respublikasının rəsmi statistikasına görə, iqtisadi çətinliklər, yoxsulluq, işsizlik üzündən hər il Ermənistanı 60 min, reallıqda isə 100 min nəfər tərk edir. «Gallup International Association» təşkilatının İrəvan nümayəndəliyinin 2017-ci ildə keçirdiyi rəy sorğusuna əsasən, respondentlərin 34,6%-i ölkədəki hazırkı iqtisadi vəziyyəti «çox pis», 37,3%-i isə «pis» kimi qiymətləndirmişdir. Səs verənlərin cəmi 0,7 faizi ölkədəki iqtisadi vəziyyətin «çox yaxşı» olduğunu bildirmişdir.

«Qarabağa qayıdış» proqramının «hərbi-siyasi vektoru» da əsas ümidlərini «islamlaşdırılmış ermənilər»in işğal altında olan Azərbaycan ərazilərinə köçürülməsinə bağlamışdır. Məqsəd isə Ermənistanın təhlükəsizliyini təmin etmək üçün qondarma «Dağlıq Qarabağ Respublikası»nı Ermənistan və Azərbaycan arasında «müsəlman bufer zonasına» çevirmək və yuxarıda göstərildiyi kimi, münaqişənin formatını dəyişməkdir. Məlumdur ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri ilə müqayisədə güclü potensiala malikdir və müdafiə qabiliyyətini davamlı şəkildə artırmaqdadır. Eyni zamanda, Azərbaycan Ordusu münaqişə zonasında ermənilərin bütün təxribatlarına ləngimədən layiqli cavab verir və bu da Ermənistanda ciddi narahatlıq yaradır. Digər narahatlıq isə rəsmi Sarqsyan rejiminin «strateji müttəfiqləri» sayılan dövlətlərin Azərbaycan Respublikası ilə hərbi-siyasi sahədə də əməkdaşlığının yüksələn xətlə inkişaf etməsi, rəsmi Bakının yürütdüyü praqmatik xarici siyasət sayəsində erməni diplomatiyasının və hərbi siyasətinin sürətlə iflasa uğramasıdır.

Növbəti istiqamətə – «Tarixi-etnoqrafik vektora» görə, müasir Ermənistan və Azərbaycan Respublikası coğrafiyasının böyük hissəsi, xüsusilə Qarabağ («Dağlıq Qarabağ» daxil olmaqla) və Naxçıvan bölgələri guya ermənilərin «tarixi vətənidir» və qədim dövrlərdə «Şərqi Ermənistan»ın adını daşımışdır. Üstəlik, iddia olunur ki, xilafət yürüşləri dönəmində buranın erməni əhalisinin böyük hissəsi islam dinini qəbul etmiş, «köçəri türk tayfalarının regiona gəlişindən sonra isə onlar assimilyasiya olunmuş və türkləşmişlər. Nəticədə həmin türkləşmiş müsəlman ermənilər həqiqi etnik identikliklərindən uzaq düşərək bu gün özlərini «azərbaycanlı» və ya «Azərbaycan türkü» adlandırsalar da, əslində «qədim erməni xalqının unudulmuş törəmələridir. Sadəcə olaraq, Azərbaycan nə vaxtsa bu «tarixi həqiqəti» qəbul etməlidir.

Bu məntiq paralel olaraq «ermənilərin Azərbaycan xalqına aid maddi-mədəni və qeyri-maddi mədəni irs nümunələrini mənimsəmə səylərinə bəraət qazandırılmasına yönəldilmişdir. Yəni hazırda özlərini «türk» və ya «azərbaycanlı» kimi identifikasiya edən «müsəlman ermənilər» assimilyasiya olunmalarına baxmayaraq, erməni xalqının qədim adət və ənənələrini qismən qoruyub-saxlaya bilmişlər. Onlar bu gün də nəfis «erməni xalçalarını» toxuyur, əcdadlarının bişirdiyi «qədim erməni xörəklərini və şirniyyatlarını», məsələn, dolma, lavaş, bozbaş, xaş, kətə, paxlava, qatlama, qutab və s. hazırlayır, toy və bayramlarda «erməni musiqi alətlərinin» (zurna, tar, balaban, kamança və s.) müşayiəti ilə «erməni mahnılarını və muğamlarını» ifa edir və «erməni rəqslərini» («Köçəri», «Uzundərə») oynayır, «qədim erməni aşuq (aşıq) sənətini» yaşadırlar. Buna görə də erməniləri «mənimsəmədə» ittiham etmək böyük yanlışlıqdır. Əksinə, məhz Azərbaycan türkləri «islamlaşdırılmış və «türkləşdirilmiş müsəlman ermənilər» vasitəsilə erməni xalqının qədim mədəniyyət nümunələrini öz adlarına çıxarmışlar. Qarabağ savaşında «öz qədim torpaqları» uğrunda üz-üzə gələn, bir-birinin qanını tökənlər isə, təəssüf ki, eyni xalqın bir-birindən uzaq düşmüş övladları – xristian və müsəlman (türkləşmiş) ermənilərdir…

«Demoqrafik vektor» isə işğal altında olan Azərbaycan ərazilərinin Suriya, Rusiya, Türkiyə və İrandan köç edən ermənilərlə (o cümlədən müsəlman ermənilərlə) məskunlaşdırılması prosesinin ideoloji bazasının formalaşdırılmasına yönəldilmişdir. «Tarixi-etnoqrafik vektorun» imkanlarından yararlanan bu fəaliyyətin istiqamətinə əsasən, bu gün qondarma «Dağlıq Qarabağ Respublikasına repatriasiya edilənlər» və buna hazırlaşanlar əslində «əcdadlarının tarixi vətəninə» dönənlərdir. Onlar «Şərqi Ermənistan» torpaqları ilə qonşu olan türklər və «türkləşmiş müsəlman erməni qardaşları» ilə sülh və əmin-amanlıq içərisində yaşamaq arzusundadırlar. Bunu dərk etmək istəməyən Azərbaycan isə özünün «təcavüzkar siyasəti» ilə Qarabağı bu «məsum» və «köməksiz» insanların əlindən almaq niyyətindədir. Odur ki, «Qarabağ müharibəsi» heç də həmin ərazilərin Ermənistan tərəfindən işğalı deyil, sadəcə olaraq bu ərazilərdə «tarixi ədalətin» bərpasıdır...

Onu da vurğulamaq lazımdır ki, Ermənistanın «kriptoermənilər» və «müsəlman ermənilər» məsələsini gündəmə gətirməsində məqsədlərindən biri islam dövlətləri, xüsusilə bu dövlətlərin təşkilatları ilə intensiv əlaqələr qurmaq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla özünün hərbi-siyasi, iqtisadi problemlərinin həllində onlardan dəstək almaqdır. Məlumdur ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycan ərazilərinə təcavüz etməsi faktını tanıyan ilk beynəlxalq qurum olmuş, Ermənistanın işğalçılıq siyasəti onun zirvə görüşlərində daim diqqət mərkəzində saxlanılmış və bu barədə bəyanatlar qəbul edilmişdir. Təşkilat Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləmiş, Ermənistan silahlı qüvvələrinin işğal altında olan Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını, Qarabağ məsələsini dövlətlərin ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında həll olunmasını Ermənistandan tələb etmişdir. Ən nəhayət, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın öz ərazisinin bütövlüyünü bərpa etmək səylərini dəstəkləməkdədir.

Lakin bu sərsəm planların həyata keçirilməsi üçün Ermənistana mane olan mühüm amillərdən biri onun «monolit xalq» mifinə baxmayaraq, müxtəlif coğrafi mənşəli ermənilər arasında milli birliyə hələ də nail olmamasıdır. Kilsənin, erməni diasporasının və Ermənistan hakimiyyətinin bütün səylərinə, «qlobal millət» kimi paranoik şüarlara baxmayaraq, din və məzhəb ədavəti, regionçuluq, coğrafi mənşə əsasında təbəqələşmə zahirən «bölünməz» təsəvvürü yaradan bu xalqı da tarixən içəridən parçalamış, aralarına ədavət toxumu səpmişdir. Rəsmi statistikaya görə, bu gün Ermənistanda 3,2 milyon nəfər yaşayır. Reallıqda isə işsizlik, iqtisadi çətinliklər, yaşayış səviyyəsinin getdikcə pisləşməsi üzündən hazırda ölkədə cəmi 1,5 milyon nəfər qalmışdır. Statistika onu da əlavə edir ki, Yer üzündə ermənilərin maksimum sayı təqribən 10 milyon nəfərdir və bu gün «tarixi vətəndə» onların ən yaxşı halda 15%-i yaşamaqdadır.

Bu gün ermənilər xoş güzəran üçün təkcə Ermənistan Respublikasını deyil, işğal altında olan Azərbaycan ərazilərində yaratdıqları qondarma «Dağlıq Qarabağ Respublikası»nı da kütləvi şəkildə tərk edirlər. 2017-ci ildə Ermənistanın ekspertləri ölkədəki acınacaqlı demoqrafik vəziyyətə dair hesabatı ictimaiyyətin diqqətinə çatdırmışlar. Hesabatdan məlum olur ki, müstəqillik illəri ərzində Ermənistanda təbii artım göstəriciləri sürətlə aşağı düşmüş, nəticədə «millətin qocalma tendensiyası» təhlükəli həddə çatmışdır. Belə ki, hətta rəsmi statistikanın «siyasiləşmiş» göstəricilərinə əsasən, 1991-ci ildən – Ermənistanın dövlət müstəqilliyini əldə etməsindən etibarən ölkədə təbii demoqrafik artım pisləşmiş, 1990-cı il ilə müqayisədə (81 min körpə) təqribən iki dəfə (42 min körpə) azalmışdır. BMT-nin Əhali Fondunun (UNFPA) İrəvan ofisinin nümayəndəsi Qarik Ayrapetyanın sözlərinə görə, ölkədə doğum göstəricilərinin aşağı düşməsinin sadə səbəbi burada erməni ailələrinin maddi vəziyyətinin getdikcə pisləşməsidir. O qeyd etmişdir ki, «hazırda yaşı 63-dən çox olan Ermənistan sakinləri ölkə əhalisinin ümumi sayının 12,6%-ni təşkil edir. Bu rəqəmin 13%-ə çatması isə son hədd olacaq və erməniləri «qocalan xalqlar» sırasına qatacaqdır. 2050-ci ilədək əhalinin 25-27%-nin yaşı 65-dən yuxarı olan vətəndaşlardan ibarət olacağı gözlənilir. Bu, olduqca təhlükəli göstəricidir. O deməkdir ki, 20 ildən sonra işləyən vətəndaşlarımız ailələrini dolandıra bilməyəcəklər». Ermənistan Respublikası Əmək və Sosial Məsələlər Nazirliyinin Demoqrafiya şöbəsinin müdiri Vanik Babacanyan isə problemi milli azlıqların və işçi qüvvəsinin Ermənistandan «miqrasiya etməsi», Spitak zəlzələsi, «Qarabağ müharibəsi» ilə əlaqələndirməyə çalışmışdır.

Beləliklə, məsələyə həm də Ermənistanın indiki acınacaqlı demoqrafik vəziyyəti kontekstindən yanaşılanda həm «Qarabağa qayıdış» planında, həm də Ermənistan hökumətinin «repatriasiya» layihələrində, məsələn, diaspora nazirliyinin «Ari tun» (Geri dön) proqramında məqsəd «tarixi vətənlə tanışlıq» adı altında xarici ölkələrdə yaşayan erməniləri daimi məskunlaşma üçün Ermənistana və qondarma «Dağlıq Qarabağ Respublikası»na cəlb etməkdir. Lakin 2010-cu ildən fəaliyyət göstərən bu proqram çərcivəsində indiyədək təqribən 6 min erməni gəncin «tarixi vətənə» gətirilməsinə baxmayaraq, onların yalnız cüzi hissəsi burada qalıb yaşamağa razılıq vermişdir. Ermənistanın diaspora naziri Qranuş Akopyan Aravot.am agentliyinə müsahibəsində adı çəkilən uğursuz repatriasiya proqramının guya əslində «tarixi-mədəni» xarakter daşıdığını, Ermənistan vətəndaşı olmaq istəyən köçkünlərin sayı barədə isə dəqiq məlumatın olmadığını etiraf etmiş və jurnalistlərə təskinlik verərək bildirmişdir: «Bizdə belə insanların dəqiq statistikası və uçotu aparılmır. Amma mən onlarca gəncin adını çəkə bilərəm ki, onlar Ermənistana gəldikdən sonra buranı tərk etmək istəməyiblər». Lakin nazir konkret adları çəkə bilməsə də, Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində daimi yaşamaq arzusunda olan suriyalı qaçqınların kütləvi şəkildə «tarixi vətənə» qayıtmasından və rəsmi İrəvanın onlar üçün əlverişli şərait yaradılmasına çalışmasından ağız dolusu danışmışdır.

Ermənilərin, xüsusilə də Suriya, İraq, İran və qismən də Türkiyədəki müsəlman ermənilərin və «islamlaşdırılmış-türkləşdirilmiş həmşinlilərin» Dağlıq Qarabağa cəlb olunması məqsədilə ortaya atılan «Qarabağa qayıdış» proqramının reallaşdırılması üçün bu gün Ermənistan tarixşünaslığının və etnoqrafiyasının ənənəvi saxtakarlıq təcrübəsindən də geniş istifadə edilir. Psevdoalimlərin qarşısına qoyulan vəzifə ən müxtəlif, hətta elmdən uzaq yollarla müsəlman ermənilərin tarixən Azərbaycan torpaqlarında yaşamasını sübuta yetirməkdir. Məsələn, qondarma «Qərbi Ermənistan Milli Şurasının deputatı», Ermənistanda fəaliyyət göstərən «Həmşinli Qadınların Beynəlxalq Birliyi»nin sədri, etnoqraf Saida Ohanyan «islamlaşdırılmış və türkləşmiş ermənilər» məsələsində qriqorian kilsəsinin prinsipləri ilə düz gəlməyən tədqiqatların ictimai-siyasi əhəmiyyətini belə əsaslandırmışdır: «Din müxtəlifliyi amili etnik identikliklə qarışdırılmamalıdır. «Erməni müsəlman olmamalıdır!» tezisi elmi yanaşma deyildir. Biz bu mövqedən imtina etməliyik». Tarixi reallıqlar isə bu iddiaların tamamilə əksini – XIX əsrin əvvəllərinədək indiki Ermənistan Respublikasının ərazisi də daxil olmaqla tarixi Azərbaycan torpaqlarında nəinki «müsəlman və türkləşmiş ermənilərin», hətta xristian ermənilərin də olmadığını təsdiqləməkdədir.

Erməni xalqının beynini zəhərləyən, onda ksenofobiya, etnik natamamlıq, qonşu xalqlara nifrət hissini aşılayan saxta vətənpərvərlərin iddialarına görə, guya Azərbaycan ərazilərində tarixən dominant mədəniyyət və dövlətyaradıcı xalq məhz ermənilər olmuşdur. Mifik «Böyük Ermənistan», «Birləşmiş Ermənistan», «Şərqi Ermənistan» kimi uydurma «tarixi ərazilərə» gəldikdə isə ermənilər təkcə Azərbaycan və Türkiyə torpaqlarını deyil, Rusiya, Gürcüstan və İranın da konkret regionlarını nəzərdə tuturlar. Halbuki, həm tarixi-etnoqrafik, antropoloji və genetik tədqiqatlar, hətta də erməni tədqiqatçılarının əsərləri onların Cənubi Qafqazda gəlmə xalq olduqlarını etiraf edir. Məsələn, akademik Manuk Aqabekyan bu fikirdədir ki, «erməni xalqının köklərinin harada olması, buraya necə, nə vaxt və hansı yollarla gəlməsi haqqında dəqiq və aydın sübutlar yoxdur». Digər erməni alimi, professor Ağasi Yesayan təsdiqləyir ki, «1917-ci ilədək beynəlxalq siyasətdə «Ermənistan» dedikdə yalnız «Türkiyə Ermənistanı» nəzərdə tutulurdu». Digər tədqiqatçı V.İşxanyan isə hələ 1916-cı ildə qələmə aldığı «Qafqaz xalqları» əsərində ermənilərin yalnız son 100 il ərzində Cənub Qafqazda kütləvi məskunlaşdıqlarını bildirmişdi. Müəllifin yazdığına görə, «Antik dövrdə ermənilərin əsl vətəni olan «Böyük Ermənistan» Kiçik Asiyada, yəni Rusiyadan (Çar Rusiyasının işğal etdiyi Cənubi Qafqaz əraziləri nəzərdə tutulur – A.Q.) kənarda yerləşirdi. Tarixçilərin araşdırmalarına əsasən, vaxtilə Fərat çayının yuxarı qolu olan Qaraçay sahillərində yaşayan ermənilərin sayı artdıqdan sonra onlar ərazilərini böyütmək iştahasına düşmüş, Ağbaba, Çuxur Sədd, Şərur mahallarına sonradan gəlmişlər… Qarabağda yaşayan ermənilərin bir hissəsi qədim albanların törəmələri, digər hissəsi isə Türkiyə və İrandan gələn erməni qaçqınlardır. Onlar üçün Azərbaycan torpağı sığınacaq yeri olmuşdur». O da maraqlıdır ki, 1979-cu ildə Rusiya mütəxəssislərinin apardığı antropoloji araşdırmalar, o cümlədən dental analizlər yolu ilə «Qarabağ erməniləri»nin ermənistanlı «soydaşlarından» kəskin şəkildə fərqləndikləri, əksinə onların Azərbaycan türkləri ilə ciddi genetik yaxınlıqları müəyyən edilmişdir.

Erməni salnaməçisi Arakel Təbrizinin (Arakel Davrijetsinin) şahidliyinə əsasən, Şimali Azərbaycan ərazisindəki xristian icmalar əslən İsfahan ermənisi olan yeni katolikos Davidi «özlərindən olmadığı üçün» qəbul etməmiş və ona gözlədiyi ehtiramı göstərməmişdilər. Bundan hiddətlənən katolikos I Şah Abbasa Azərbaycan türkcəsində uzun-uzadı məktub yazmış, mətnin sonunda öz narazılığını belə ifadə etmişdi: «Padşahum, onlar Zəngi çayından mana bir içim su da vermadular» (katolikosun yazı tərzi saxlanılmışdır – A.Q.). XIX əsrdə yaşamış erməni əsilli tarixçi-etnoqraf Sergey Zelentsev Qarabağda yerli xristian əhalinin və sonralar buraya İrandan köçürülmüş ermənilərin bir-birindən kəskin şəkildə fərqləndiyini etiraf edirdi. Digər erməni müəllifi A.Xan-Aqov XVIII əsrin sonlarında bu fərq barədə «Cavanşir qəzasında (Dağlıq Qarabağda) yerli əhalinin əsasən tatarlardan (türklərdən) ibarət olduğunu, ermənilərin isə buraya sonradan köçürüldüyünü» xüsusilə vurğuladıqdan sonra bunları yazırdı: «İrandan gələn ermənilər yerli Qarabağ ermənilərindən dilləri, hətta geyimləri ilə fərqlənirdilər. İran erməniləri isə yerli albanların dilini başa düşmürdülər». Bu tarixi gerçəkliyi bəzi erməni tarixçiləri və siyasətçiləri də etiraf etməkdədirlər. Məsələn, ümumerməni «Ramkavar-Azatakan» Partiyasının ABŞ və Kanada üzrə ofisinin nümayəndəsi, Ermənistan Milli Elmlər Akademiyasının üzvü Edmond (Yervand) Azatyan erməniliyin əslində etnodini korporasiya olduğunu etiraf edərək bu həqiqəti belə ifadə etmişdir: «Biz müxtəlif xalqlardan ibarətik… Qanımız oxşasa da, dillərimiz bir-birinə təxminən bənzəsə də, dünyagörüşlərimiz fərqlidir. Demək olar ki, antipoddur».

Hələlik isə həm Ermənistanda və həm də Türkiyədəki bəzi antipodların Azərbaycan türklərinin guya «islamlaşdırılmış və assimilyasiya edilmiş ermənilər» olmaları barədə sərsəm iddiaları ilə tanış olaq. Fransada yaşayan, amma kriptoermənilərlə bağlı tədbirlərini əsasən Türkiyədə keçirən yazıçı-şərqşünas Yervant Baret Manok «Aqos» qəzetinə verdiyi müsahibədə (dekabr, 2015-ci il) bildirmişdir ki, Qarabağda yaşayan azərbaycanlıların etnik türklərə aidiyyəti yoxdur və onlar etnik erməni olduqlarını yaxşı bilsələr də, qorxu üzündən özlərini «Azərbaycan türkü» kimi tanıdırlar. Məsələn: «Azərbaycan Türkiyəyə çox bənzəyir. Bura da köçlərin yaşandığı, islamlaşdırılmış ermənilərin olduğu bir bölgədir. Azərbaycanın bir hissəsi «tarixi Ermənistan» kimi tanınan torpaqlarda yer alir (?!) Ermənilər burada Osmanlı və İran imperiyalarının təzyiqi altında islamlaşdırılmışlar. Bu gün Azərbaycanda erməni olduğunu söyləmək insanın rahatlığını poza biləcək vəziyyət yarada bilər». Elə isə sual edirik: görəsən, «vartapet» Yervant tez-tez səfərlər etdiyi Ermənistanda özünü «türk» və ya «Azərbaycan türkü» olduğunu söyləyə biləcək insanın hansı «rahatsızlıqlar» yaşayacağını təsəvvür edirmi? Bu iddialarından yorulmayan «şərqşünas» Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində «indiyədək elm üçün naməlum qalan etnik və dini amillərə» də toxunmağı unutmur: «Qarabağdakı azərilər (Azərbaycan türkləri – A.Q.) erməni kökənli olub sonralar müsəlmanlaşmış ermənilərin törəmələridir. Qarabağ savaşında üz-üzə gələnlər eyni erməni nəsillərinin nümayəndələridir. Onlardan kimi özünü «xristian erməni», kimi də «müsəlman türk» olaraq görür». Sonra əlavə edir: «Azərbaycanlı fəal (?) Əkrəm Əylisli Azərbaycanda müsəlman ermənilərin də yaşadıqlarını söyləmiş və bu, onun ölkədə təqib edilməsi ilə nəticələnmişdir».

(Ardı var)


Müəllif: Səxavət HƏMİD