…erməni sosioloqu Artaşes Daqlidyan da bu faktı gizlətmir, əksinə onun tarixi, etik və… fizioloji mahiyyətini uşaq səmimiyyəti ilə belə açıqlayır: “Tarixin müəyyən dövrlərində erməni tayfaları nəsil kəsilmək təhlükəsi ilə üzləşəndə dünyaya uşaq gətirə bilən qızlar və gənc qadınlar öz soydaşlarına deyil, qonşu xalqların kişilərinə böyük maraq göstərməyə başlayırdılar… Yalnız başqa xalqların qanının “cəlb olunması” sayəsində ermənilər əsrlər boyu özlərini etnos olaraq qoruyub-saxlaya bilmişlər. Əks halda, çoxdan bir xalq kimi tarixdən silinərdilər”. Bununla da həm Yervant Manok, həm də Artaşes Daqlidyan bir daha təsdiq edirlər ki, erməni xalqının mövcudluğunun qorunması, onun demoqrafik göstəricilərinin yaxşılaşdırılması heç də zəhmətkeş və kövrək erməni qadınlarının fizioloji tələbatından irəli gəlmirdi. Bu, onların xalq, “Böyük Ermənistan” ideyası qarşısında təmənnasız xidmətləri, sonsuz fədakarlıq və vətənpərvərlik dolu tarixi missiyası olmuşdu!
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:
XIX əsrin sonu–XX əsrin əvvəllərində yaşamış rus tədqiqatçısı Vasili Veliçko bildirirdi: «Erməni qadınları başqa xalqların nümayəndələri ilə həmişə əlaqədə olublar. Doğrudur, bu əlaqə bəzən zor gücünə olub. İran əsgərləri, türklər, gürcülər və dağlılar bu zaman erməni qadınlarından nə abır-həya, nə də nəciblik gözləyiblər. Məhz bu səbəbdən ermənilərin damarlarında bu qədər müxtəlif mənşəli qan axır». Bu sitatın dəqiqliyini, etik və siyasi məqsədəuyğunluğunu müəllifin vicdan mühakiməsinə buraxaq. Lakin erməni etnik identikliyinin qadın amili ilə müəyyən olunmasının tarixi səbəbləri barədə məhz erməni mənşəli araşdırmaçıların aşağıdakı qənaətləri erməni xalqının etnopsixologiyasını və etnogenezini, xüsusilə etnik kimliyini öyrənənlər üçün maraq daşımaya bilməz! Məsələn, Fransada yaşayan şərqşünas Yervant Baret Manok müsəlman ermənilərin islam sivilizasiyasına layiqli töhfələrindən danışarkən erməni qadınının rolu məsələsinə də aydınlıq gətirmişdir. 2017-ci il mart ayının 25-də İstanbulda «Nor Zartonk» təşkilatı ilə birgə keçirdiyi seminarda («İslamın başlanğıc dönəmindən etibarən ermənilərin islamla əlaqələri») o vurğulamışdır ki, Abbasilər dönəmindən əvvəl kölə olan xristian ermənilər islamlaşdıqdan sonra cəmiyyətdə önəmli yer tutmağa başlamışlar. Odur ki, Abbasilər dövründə taxt-tacda erməni (anası erməni olan) xəlifələr də əyləşmişdilər. Yervant Baret Manok bunu «tamamilə normal vəziyyət» adlandıraraq səbəblərini belə izah edir: «Ermənistandan ərəb ölkələrinə cariyə olaraq aparılan və təkcə gözəllikləri ilə deyil, həm də ağlı və bacarıqları ilə sarayda ön plana çıxa bilən erməni qadınlarından doğulan uşaqlar sonradan xəlifə olublar. Belə olan təqdirdə, həmin uşaq (gələcək xəlifə) 50% «erməni» sayılır. Anası güclü mövqeyə malik qadın olduqda isə oğlunu öz himayəsinə götürdüyü başqa bir erməni cariyəsi ilə evləndirir və onun dünyaya gətirdiyi uşaq 75% erməni hesab olunur».
Erməni sosioloqu Artaşes Daqlidyan da bu faktı gizlətmir, əksinə onun tarixi, etik və… fizioloji mahiyyətini uşaq səmimiyyəti ilə belə açıqlayır: «Tarixin müəyyən dövrlərində erməni tayfaları nəsil kəsilmək təhlükəsi ilə üzləşəndə dünyaya uşaq gətirə bilən qızlar və gənc qadınlar öz soydaşlarına deyil, qonşu xalqların kişilərinə böyük maraq göstərməyə başlayırdılar… Yalnız başqa xalqların qanının «cəlb olunması» sayəsində ermənilər əsrlər boyu özlərini etnos olaraq qoruyub-saxlaya bilmişlər. Əks halda, çoxdan bir xalq kimi tarixdən silinərdilər». Bununla da həm Yervant Manok, həm də Artaşes Daqlidyan bir daha təsdiq edirlər ki, erməni xalqının mövcudluğunun qorunması, onun demoqrafik göstəricilərinin yaxşılaşdırılması heç də zəhmətkeş və kövrək erməni qadınlarının fizioloji tələbatından irəli gəlmirdi. Bu, onların xalq, «Böyük Ermənistan» ideyası qarşısında təmənnasız xidmətləri, sonsuz fədakarlıq və vətənpərvərlik dolu tarixi missiyası olmuşdu! Yer üzündə hər xalqa ulu nənələrinin «demoqrafiya ustası» olması ilə fəxr etmək şansı verilməyib! Təsadüfi deyildir ki, ötən əsrin ortalarında erməni yazıçısı Kostan Zaryan etnogenezin formalaşmasında erməni qadınlarının missiyasına dair deyilən mənfi fikirləri «böhtan» adlandıraraq, onların fədakarlığına belə bəraət qazandırmışdır: «Əgər soyqırımı, İkinci Dünya müharibəsi, həbs və sürgünlər nəticəsində nəsil artırmaq qabiliyyətli kişilərin – döllük öküzlərin sayı azalmışdırsa, bütün dünyaya səpələnmiş, genofondu əldən düşüb kritik həddə çatmış xalq özünün artımını, görəsən, necə təmin etməli idi?». Erməni tədqiqatçısı Klara Muradyan da Türkiyədə «kriptoerməni kimliyinin qoruyucuları və daşıyıcıları» dedikdə müsəlmanlara ərə getmələrinə və islamı qəbul etmələrinə baxmayaraq, xristianlığa sədaqətlərini gizli də olsa qoruyub-saxlayan, övladlarını «erməni» kimi tərbiyə edən erməni qadınlarını nəzərdə tutduğunu bildirmiş, bununla da erməni xalqında etnik kimliyin ana xətti ilə müəyyən edilməsini bir daha təsdiqləmişdir. Yeri gəlmişkən, erməni tarixçiləri Şərqin kral nəsillərində qədim erməni geninin izlərinin axtarışını bu gün də dayandırmamışlar. Məsələn, məhz etnik kimliyin müəyyən edilməsində ana xəttini götürdükləri üçün, Səudiyyə Ərəbistanının ilk kralı Əbdüləziz ibn Səudun erməni arvadı Mnayirdən (müsəlman) olan oğul və nəvələrini – şahzadələr Nəvvaf bin əl-Saudu, Tələt bin Əbdüləziz əl-Saudu, Məhəmməd əl-Nəvvaf əl-Saudu, əl-Valid bin əl-Talalı, Turki bin Talal əl-Saudu, Sara bint Talal bin Əbdüləziz əl-Saudu, Əbdüləziz bin Talal bin Əbdüləziz əl-Saudu da «erməni» saymaqdadırlar.
Görəsən, islamı qəbul etmiş, müsəlmanlarla ailə qurmuş həmin qadınların dünyaya gətirdikləri «erməni» uşaqlar nə üçün təqribən yüz il ərzində tamamilə unudulmuş, bu mövzu Ermənistanda yasaq elan edilmiş, lakin «Kimliyə dönüş» və «Qarabağa qayıdış» proqramları işə düşdükdən sonra birdə-birə xatırlanmışdır? Bu unutqanlığın səbəblərindən biri qriqorian kilsəsinin mövqeyi və həmin uşaqlara münasibəti ilə bağlıdır. Kilsə «ana xətti» prinsipini gözləməsinə baxmayaraq, vəftiz ayinini keçməyən, daha doğrusu, erməni xristian olmayanları nə «erməni» kimi qəbul edir, nə də qeydiyyata alır. Əslində, onları «etnik erməni» kimi tanımaqdan imtina edən Türkiyə deyil, məhz Ermənistan və qriqorian kilsəsi olmuşdu. Məsələn, İranda bu gün də müsəlmanla ailə qurmuş erməni gənclər və onların övladları faktiki olaraq erməni icmasından kənarlaşdırılır. Ermənistanlı genetik Levon Yepiskopyan isə bu metoda bəraət qazandıraraq bildirir ki, bütün ermənilərin bir ulu babası – qəhrəman Hayk olsa da, o dövrdən xeyli vaxt keçmişdir. Tarix boyu müxtəlif xalqlar ermənilərin etnogenezinin formalaşmasında iştirak ediblər: «Odur ki, ermənlər xarici təcavüzün ağır nəticələrini aradan qaldırmaq üçün profilaktika yolunu seçiblər. Erməni qanının təmizliyini saxlamaq üçün yadellilərin təcavüz nəticəsində doğulan uşaqları cəmiyyətdən uzaqlaşdırılıblar».
İkinci səbəb isə Ermənistanın acınacaqlı demoqrafik vəziyyəti ilə qarışıq ailələrin artması arasında yaranmış ziddiyyətlərdir. İrəvan Dövlət Universiteti Sosial psixologiya kafedrasının dosenti, «Anima» psixoloji yardım xidmətinin direktoru Vladimir Mikaelyanın qənaətinə görə, əgər Ermənistanda demoqrafik tənəzzül olmasaydı, qarışıq ailələr probleminə bu dərəcədə əhəmiyyət verilməzdi. Çoxsaylı erməni qadınlarının əcnəbilərlə, o cümlədən müsəlmanlarla ailə qurub ölkəni həmişəlik tərk etmələri onlardan doğulan körpələrin sonralar «erməni» kimi identifikasiya olunması şansını minimuma endirir. Bunun qarşısının alınması üçün isə ermənilər radikal üsullardan istifadə etməkdən çəkinmirlər. Məsələn, 2010-cu il dekabr ayının 14-də İstanbuldakı Surb Gevorq kilsəsində türkə ərə getdiyi üçün toydan on gün sonra öldürülən erməni qızı xristian Sona Ögmənlə vida mərasimi keçirilmişdir. Yaxınlıqdakı məsciddə isə onun əri türk Zəkəriyyənin cənazə namazı qılınırdı. İstintaq zamanı hər iki gəncin qatilinin Sonanın qardaşı olduğu müəyyən edilmişdir. O, istintaqa verdiyi ifadədə bildirmişdir: «Dinlərimiz bir-birinə zidd olduğuna görə ailəmiz bu izdivacın əleyhinə idi. Biz Zəkəriyyəyə xristian olmağı və toyu kilsədə keçirməyi də təklif etmişdik».
Türkə düşmənçilik paranoyası üzərində köklənmiş sonuncu səbəbə isə Almaniyada yaşayan erməni araşdırmaçı Vahe Taşçiyan daha dəqiq aydınlıq gətirə bilmişdir. O, 2013-cü ildə «Aqos» qəzetinə verdiyi müsahibədə qeyd edir ki, 1915-ci il hadisələrindən sonra «islamlaşıb» türklərə, ərəblərə, kürdlərə ərə gedən qadınları və onların dünyaya gətirdiyi uşaqları xristian erməni cəmiyyəti tanımaqdan imtina edirdi. V.Taşçiyan deyir: «1919-cu ildən etibarən isə Ermənistanın dayağı iki amil olmuşdu. Onlardan biri erməni kimliyini təsdiqləmək, digəri isə Osmanlı kimliyini rədd etmək idi. İkinciyə hətta türkcə danışmamaq, fəs geyməmək, türkcə mahnılar oxumamaq da daxil idi. Osmanlı-türk mirasından imtina edilməsinə başlanıldı. Eyni zamanda, müsəlman kişilərdən qanuni və ya qeyri-qanuni doğulmuş erməni uşaqları da cəmiyyətin xaricində qaldılar və unuduldular. Sanki bu insanlar yox idilər».
İndi isə 1915-ci il hadisələrindən sonra xristian erməni qadın və uşaqlarına olan gerçək münasibət haqqında. Ermənistan tarixçiləri bir iddialarında tamamilə haqlıdırlar. Həqiqətən də, Türkiyənin müsəlman əhalisi, o cümlədən məmur və zabitlər, hətta əsgərlər də erməni quldur birləşmələrinin törətdikləri cinayətlərə baxmayaraq, günahsız və kimsəsiz erməni uşaqlarını, qadınlarını himayəyə götürmüş, yardım göstərmiş və onları yaşatmışlar. Bundan başqa, türk döyüşçülərinin erməni uşaq və qadınlarını Anadoludan götürərək İstanbula gətirmələri, onları erməni kilsəsinə təhvil vermələri barədə erməni mənbələrində də çoxsaylı faktlar mövcuddur. 1919-1921-ci illərdə Urfada yaşamış isveçrəli missioner Yakob Künzler xatirələrində bu cümlələri də yazır: «Bu gün minlərlə erməni uşağı ortaya çıxırsa, buna görə müsəlman müdafiəçilərinə borcludurlar. Onlar müsəlmanların şəhərlərində və evlərində qalıb-yaşadıqları üçün bu gün həyatdadırlar». İstanbul Ticarət Universitetinin professoru Berat Özipek məqalələrinin birində dörd erməni uşağını şəxsi himayəsinə götürən, doğma övladları kimi saxlayan, onları dinlərini dəyişməyə qoymayan və altı il sonra onları Kayseridə erməni keşişinə təhvil verən sivaslı Veysəl əfəndi haqqında da bəhs etmişdi. Sonralar həmin uşaqlardan biri Veysəl əfəndi haqqında bunları demişdi: «O, bizi ailəsinə götürdü, öz balaları kimi böyütdü. Dörd yaşında idim. On yaşım olanda bizi Kayseridəki erməni keşişinin yanına apardı. Keşiş bizi götürdü. Veysəl əfəndi ona dedi: «Uşaqları təhvil götürməyin haqqında mənə bir kağız ver ki, öləndə tabutuma qoysunlar. Mən o dünyada əmanətə xəyanət etmədiyimi Cənabi-Allaha isbat edə bilim».
Ermənistanda isə bu gün də həmin dövrün hadisələrinə dair saxta «sənədləri» dövriyyəyə buraxmaqdadırlar və bu faktoidlər hələ də «soyqırımşünasların» istinad mənbələridir. Məsələn, 1919-cu ildə Böyük Britaniyanın İstanbuldakı rezidenti guya Türkiyə təhlükəsizlik xidməti işçilərindən birini məxfi əməkdaşlığa cəlb edərək, onun vasitəsilə «erməni soyqırımı»nı təsdiqləyən sənədlər əldə edə bilmişdir. Həmin materiallardan birində guya İttihad və Tərəqqi Cəmiyyətinin rəhbər heyətinə daxil olan Tələt Paşa, doktor Bahəddin Şakir, Hərbi Nazirliyin siyasi şöbəsinin rəis müavini polkovnik Şəfi və doktor Nazim kimi tanınan üzvlərinin iştirakı ilə «ermənilərin kütləvi şəkildə məhv edilməsi» barədə on maddədən ibarət gizli təlimatın surəti olmuşdu. İddialara əsasən, «Əsəd bəy» adlı zabitin yazdığı, lakin «rəhbərliyin» imzalamadığı sənəd icra üçün valiliklərə göndərilməli idi. Təlimatın 5-ci maddəsində «sağ qalan ermənilərin zorən islamlaşdırılması» haqqında bildirilirdi: «Əlli yaşından aşağı bütün kişiləri, ruhani və müəllimləri məhv edin, qadın və uşaqlara isə islamı qəbul etdirin». Lakin həmin təlimatın həqiqiliyi hətta avropalı ekspertlərdə də şübhə doğurmuş, nəticədə Türkiyəyə qarşı ittihamlarda ondan istifadə edilməsi dayandırılmışdır.
Bilgi Universitetinin professoru Mete Tuncay isə erməni uşaqların himayəyə götürülməsində Kazım Qarabəkir paşanın xidmətləri barədə bunları yazır: «Birinci Dünya müharibəsindən sonra şərqdə (Şərqi Anadoluda) yetim uşaqları Kazım Qarabəkir paşa götürmüş, onları böyütmüş, müxtəlif peşə sahibləri kimi yetişdirmişdi. Uşaqlara sevgi Paşanın ən incə xüsusiyyəti idi. Hətta uşaqları toplayan əsgərlər «Paşam, bəzi uşaqların türk və ya erməni olduqlarını ayıra bilmirik» – dedikdə Paşa «Hamısını götürün!» əmrini verirdi. Sonralar bunu «erməni uşaqları türkləşdi» kimi qələmə verdilər. Halbuki, onlar Kazım Qarabəkir paşanın övladları idilər». Bütövlükdə, Paşa 6 min yetimi şəxsi himayəsində saxlamış, onların böyük hissəsinə peşə təhsili verdirə bilmişdi.
Təsadüfi deyildir ki, Kazım Qarabəkir paşanın şəxsi arxivində ona «baba» (ata) deyən və «Gürbüzlər ordusu» («İgidlər ordusu») kimi tanınan dörd min yetimin himayəyə götürülməsi, böyüyüb-tərbiyə alması barədə materiallar aşkar edilmişdir. Tarixçi Cemal Kutay bu barədə yazır ki, Paşa qızlı-oğlanlı bütün yetimləri savadlı, ölkəsini sevən vətən övladı kimi yetişdirdi. Onlar sadəcə orduda yer almadılar. O, uşaqlar üçün peşə məktəbləri açdı. Bu işdə ona ən böyük dəstəyi Mustafa Kamal Atatürk göstərmişdi. Vaxtilə o, Atatürkün dəstəyini almaq üçün uşaqların bir neçəsini götürüb Ankaraya gətirmişdi: «Atatürk yetim uşaqların sağlamlığı və təhsili ilə bağlı məsələlərin həllini Kırklarelindən olan millət vəkili Fuat Umaya tapşırmışdı. Onun həyat yoldaşı Lətifə xanım isə könüllü olaraq bu təşəbbüsə qoşulmuşdu. Bir vaxtlar Kazım Qarabəkir paşanın yetim uşaqlar üçün qurduğu sənaye məktəbləri hazırda peşə liseyləri kimi fəaliyyət göstərməkdədir».
O ki qaldı erməni kişilərinin atıb qaçdıqları qadın və uşaqların guya «zorən islamlaşdırılması» məsələsinə, erməni türkoloqu Artak Şakaryanın bu barədə fikirləri maraq doğurmaya bilməz. O, 1915-ci il hadisələrindən sonra ermənilərin guya məcburi qaydada islamı qəbul etmələrinə dair stereotipi bir daha təkrarlasa da, istinad etdiyi bir fakt bütün iddiaları inkar edir: «Hətta Türkiyədə olan Qərb konsulları da ermənilərin könüllü şəkildə islam dinini qəbul etmək üçün uzun-uzun növbələrə dayanmalarına təəccüblərini gizlədə bilmirdilər. İş o yerə çatmışdı ki, Türkiyə hökuməti ermənilərin islama tapınmasını qadağan edən qərar qəbul etmişdi. Buna baxmayaraq, bir il sonra həmin qərar qüvvədən salınmış, ermənilərin islama axını daha geniş miqyas almışdı. Nəticədə, hökumət prosesi ləngitmək üçün ermənilərin bir bölgədən digərinə icazəsiz səfərlərini qadağan etmişdi».
(Ardı var)