Aktyor-kaskadyor Murad Abdullayev yeni xarici filmə dəvət alıb.
Bu barədə Teleqraf.com-a aktyor özü açıqlama verib.
Onun sözlərinə görə, yeni çəkiləcək filmdə bir neçə ölkənin aktyorları iştirak edəcək: “Film ABŞ və Gürcüstanın birgə layihəsidir. Rejissoru Zaza Çiçinadzedir. Kriminal dram janrında olan filmin adı “Pianoçu”dur.
Ekran əsərinə gürcü aktyorlarla yanaşı Hollivuddan və Bollivuddan da aktyorlar dəvət olunub. Mən də dəvət olunan aktyorlar arasındayam.
Film boyu tamaşaçılar məni mənfi qəhrəmanların, yəni mafiyanın adamı biləcəklər, ancaq sonda məlum olacaq ki, mən Azərbaycandan olan xüsusi təyinatlıyam. Filmdə döyüş səhnələrində kaskadyor kimi də tryuklarım olacaq”.
Qeyd edək ki, Murad Abdullayev “Sirat körpüsü”, “Cavad xan”, “Əlavə təsir”, “Mən evə qayıdıram”, “Don Marleone” kimi filmlərdə rol alıb.