13 Aprel 2018 09:30
3 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Amerikansayağı Bakı” sosial şəbəkə səhifəsinin yaradıcısı Sadiq Fərzəlibəylə müsahibəni təqdim edir.

- Öncə bilmək istərdik, Sadiq Fərzəlibəy “Amerikansayağı Bakı” səhifəsinin yaradıcısı və adminindən başqa kimdir? Hansı işlə məşğuldur?..

- Əvvəlcə deyim ki, səhifədən çox film sahəsi ilə məşğulam. Kinoda görüntü və rəngvermə üzrə ixtisaslaşmışam. Elə səhifənin yaranma səbəbi də kinoya, rənglərə bağlılığımdır. Bir gün avtobusdaydım, hava tutqun, çiskin idi. Kameram da üstümdəydi, video çəkdim, sonra evdə həmin videodan şəkillər çıxardım, rəng effekti verdim və profilimdə paylaşdım. Səhər gördüm, nə qədər adam paylaşıb, rəy yazıb. Heç gözləmirdim belə reaksiya ola. Kimsə şərh yazmışdı ki, “Nə əcəb səhifə açmırsan?” Mən də həvəsləndim, amma ad barədə xeyli məşq elədim ki, “Bakıda Amerika”, Amerika Bakısı”, “Amerikansayağı Bakı” adlarından hansı olsun...

Sonuncunun üstündə dayandım və səhifəni bu adla qeydiyyatdan keçirib, fəaliyyətə başladım. Beləcə, məşhur səhifənin də ilk şəkli o oldu. Hansı işlə məşğul olduğuma gəlincə, bayaq qeyd etdiyim kimi, kino sahəsindəyəm və professional olmağa çalışıram.

- “Amerikansayağı Bakı”da vəziyyət necədir? İlk başlayanda insanlar üçün fərqli mövzu idi. İndi necə, “Amerikasayağı” fotolar ilk vaxtlarkı kimi təəccübləndirir?

- “Amerikansayağı Bakı” səhifəsi 2015-ci ildə yarandı və o müddətdə insanlara çox maraqlı gəlirdi. Çünki o zaman belə səhifəyə, yanaşmaya ehtiyac var idi. Amma müəyyən müddət sonra bunu davam etdirmək yersiz idi. Çünki dünya ilə ayaqlaşmaq lazımdı.

Hazırkı tendensiya video üzərindədir. Ona görə çalışıram videolara uyğunlaşım. Çünki onlar daha çox izlənir və "tutur". Şəkil isə bir az keçmişdə qalmış kimidi… Fikir versəz, şəkil paylaşan səhifələrdə aktivliyin aşağı düşdüyünü görəcəksiz. Bu da Feysbukun alqoritmləri ilə əlaqədardır. Əvvəlki fotolar indi təəccübləndirmir. Gərək çox maraqlı şəkil ola ki, tutsun.

- İlk fotonu avtobusda çəkdiyinizi dediz. Bəs bir “Amerikansayağı” fotonu ərsəyə gətirmək üçün siz hansısa zamanı, məkanı əvvəlcədən təyin edirsiz, yoxsa çəkiliş qəfil baş verir?

- Adətən insanlar bilir ki, məsələn, Azərbaycanda, Bakıda bu ərazilər Amerikaya oxşayır. Məndə də olur ki, gedib hardasa gəzəndə deyirəm, aha, bura Amerikaya bənzəyir. Başqa vaxt yolumu salım, gəlim burda şəkil çəkim. Belə bir şey də olur... Əsasən təsadüfən alınır. Rast düşürəm, yanında kamera olursa, onunla, olmayanda telefonla çəkirəm. Artıq telefonlar da kamera kimi çəkdiyinə görə problem olmur. Əsas şəklin effektidir ki, onu gəlib kompüterdə necə işləyirsən... İlk fotom da təsadüfən alınmışdı.

- Sizdən başqa Bakını “Amerikansayağı” görənlər varmı? Kimlərdir və əməkdaşlıq edirsizmi?

- Məndən başqa da, əlbəttə, Bakını fərqli görənlər var. Çünki səhifəmdəki şəkilləri təkcə mən çəkmirəm. Düzdü, əvvəl ancaq mən çəkirdim. İndi başqaları da mənə şəkil göndərir. Deyərdim, səhifənin ən uğurlu fotolarından 6-7-si mənimdisə, qalan 100-200-ü mənə göndərilənlərdir. Bu o deməkdir ki, Bakını “Amerikansayağı” görən kifayət qədər adam var.

- Səhifəni idarə etməyə necə, kömək edən var?

- Səhifəni idarə etməyə sevgilim Leyla xanım kömək edir. Həm mesajlara baxır, həm də gələn şəkilləri düzənləyib paylaşmaq üçün ayırır. Eyni zamanda səhifənin şəkil paylaşımlarını da o edir. Adətən, səhifənin tərzi ilə əlaqəli olmayan paylaşımları mən edirəm, amma səhifənin öz dəsti-xətti ilə bağlı olanları Leyla həyata keçirir.

- Sonuncu çəkdiyiniz "Çəkməyin!” filmində vaynerlərlə birgə işləmisiz? Ümumilikdə vaynerlərlə münasibətiniz necədir? Hansılarının işlərini xüsusi bəyənirsiz?..

- Mən ümumiyyətlə vaynerləri izləmirəm. Onların bir çoxu elə mənim dostumdur. Bəyənmədiyimi özlərinə də demişəm. Çünki izləyə bilmirəm. Xoşuma gəlir, ya gəlmir, başqa mövzudur. Amma sırf vaxt və maraq sahəmdə olmadığı üçün izləmirəm. Heç xaricilərə də baxmıram. Ən çox filmləri, treylerləri izləyirəm. Vaynerlərdən hansısa film çəksə, onu və ya heç olmasa treyleri izləyirəm ki, görüm necə bir şey ediblər...

- Bildiyimə görə, filmlərimizdəki rəng effektləri sizi o qədər də qane etmir… Amma irəliləyiş hiss etdiyiniz filmlərimiz hansılardır?

- İrəliləyiş hiss etdiyim film "Don Marleone" idi. Həmin filmin treylerini görəndən sonra dedim, aha, deyəsən, bizdə də inkişaf var. Gedib, filmi iki dəfə izləsəm də, treylerdəki həmin effekti ala bimədim. Birinci dəfə rejissor gözü ilə baxdım. Çox səhvlər vardı. İkincidə isə sırf izləyici kimi getdim və zövq aldım.

- Sizcə, bizdə uğurlu alınan kino janrı hansıdır? Siz film çəksəydiz, hansı janra üstünlük verərdiz?

- Bizdə komediya janrı son dövrünü yaşayır. Artıq bunu hiss edə bilirik. Yeni mizah anlayışına ehtiyac var və onu bacaranlar da az deyil. Sadəcə, üzə çıxa bilmirlər. Onların əlinə imkan düşsə, özlərini göstərə bilərlər.

Amma mənə görə, bizdə ən çox tuta biləcək janr dramdır. Bu janr, məncə, yaxşı izləyici kütləsi toplaya bilər. Çünki bizim insanlar ağlamağı xoşlayır. Kiminsə həyatına filan... Ailə dramına da maraq var, "Pərdə" filmi bunu göstərdi. Bir də bizdə detektiv janr alına bilər. Mən detektivə üstünlük verərdim.

- Gələcək planlarınız…

- İmkan tapsam, xaricə getmək və Azərbaycanı təmsil etmək istərdim. Düzdü, bu, standart səslənir, amma əlimdən gəldiyi qədər çalışaram film sahəsi, yutubberlik və ya hansısa bir işlə Azərbaycanı tanıdım.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər