27 Aprel 2018 14:28
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik xoreoqrafiya məktəbinin parlaq nümayəndəsi, beynəlxalq rəqs festivalı - OLİMP RƏQS-in prodüseri, Berlin Dövlət Teatrının pedaqoqu, balet artisti Aleksey Bessmertnı Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) qonağı olub.

Teleqraf.com xəbər verir ki, qonağı salamlayan akademiyanın tədris işləri üzrə prorektoru, professor Sevda Sadıxbəyova ölkəmizin bütün sahələrdə olduğu kimi mədəni müstəvidə də çox uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Görüş çərçivəsində iki ölkə arasında xoreoqrafiya sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, birgə fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Prorektor eyni zamanda qonağa Bakı Xoreoqrafiya Akademiyası, onun beynəlxalq əlaqələri, xarici universitetlər ilə əməkdaşlıqları barədə ətraflı məlumat verib. Daha sonra qonağın BXA-nın beynəlxalq əlaqələrinin genişlənməsinə, inkişafına təkan verəcəyinə də inamını ifadə edib.

Səmimi qəbul və verilən məlumatlar üçün təşəkkürünü bildirən Aleksey Bessmertnı BXA-da olmaqdan məmnunluğunu ifadə edib. O, Almaniya ilə Azərbaycan arasında bədii təhsil sahəsində ikitərəfli əlaqələrin genişlənməsində və gələcəkdə birgə fəaliyyət sahəsində əlaqələrin inkişafına dəstək olacağını qeyd edib.

Qonaq klassik rəqs, klassik duet rəqsi və Azərbaycan milli rəqsi dərslərində iştirak edib, eləcə də kollec tələbələrinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” buraxılış tamaşasının izləyib.

Məlumat üçün bildirək ki, Aleksey Bessmertnı Berlin Dövlət Teatrında, Praqa Dövlət Operasında, Belqrad Milli Teatrında və Tokionun Siti-balet Teatrında səhnədə balet sənətindən dərs deyir.

O, Kipr, Koreya, Avstriya və bir çox ölkələrdə keçirilən beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olub.

Sara


Müəllif: Sara