17 Oktyabr 2018 08:23
15 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin budəfəki qonağı sabiq dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik, əməkdar elm xadimi Kamal Abdulladır.

Qurban Yaquboğlu: Görüşümüz Azərbaycan Dillər Universitetində baş tutur və istərdim sualımızı elə rəhbərlik etdiyiniz ali məktəbdən başlayaq. Bu sizin ikinci rektorluğunuz dövrüdür. Əlbəttə, fəaliyyətiniz barədə məlumatımız olur, amma ADU-da görülən işlər və planlarınız barədə özünüzdən eşidək...

- Azərbaycan Dillər Universiteti əvvəllər Xarici Dillər İnstitutu adlanırdı. Burada 1983-cü ildən işləyirəm. Doktorluq dissertasiyasını müdafiə edəndən sonra Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışmışam. Bu, müxtəlif qısamüddətli fasilələrlə 2000-ci ilə qədər davam edib. Həmin ildə ulu öndər Heydər Əliyev mənim Bakı Slavyan Universitetinin rektoru vəzifəsi ilə bağlı əmrimi verdi. Arada yenə müəyyən dəyişikliklər oldu, Azərbaycan Milli Elmlər Akademiyasında 17 institutu özündə birləşdirən bölməyə rəhbərlik etdim, akademik katib işlədim. Sonra cənab prezidentin əmri ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsində çalışdım, daha sonra yenidən universitet həyatına qayıtdım.

Mənə elə gəlir ki, böyük-kiçikliyindən asılı olmayaraq universitet hər yerdə universitetdir, tələbə hər yerdə tələbədir. Müxtəlif fərqlər də var və bu da təbiidir. Bu universitetin qayğılarını pis bilmirəm, amma problemlərin bu dərəcədə olduğunu təsəvvür etməzdim, onu da bildik. İndi ən müxtəlif səviyyələrdə normallaşma prosesi gedir.

Deyə bilərsiniz, hansı normallaşma? Filankəs Filankəsdən şikayət edibsə və bu, yoluna qoyulursa, həmin prosesin özü də normallaşmanın nəticəsidir. Bu, ağrılı prosesdir, çalışırıq ki, tələbə-müəllim münasibətlərində, xarici universitetlərlə, Azərbaycan daxilində ziyalılarla əlaqələrimizdə sahman yaradaq və həmahəng şəkildə ümumi işin qurulmasını təmin edək.

Bir faktı qeyd edim, bu universitetdə 20 dil mərkəzi var. Bayaq xatırladığım zamanlarda yalnız ingilis, alman, fransız dilləri öyrənilirdi, amma indi indoneziya, yapon, koreya, çin, ərəb və başqa dillər tədris edilir. Faktiki olaraq universitetimiz həmin dillərin və mədəniyyətlərin Azərbaycanda yayılması ilə məşğuldur. Bu, çox böyük işdir və bunu həmin ölkələrin səfirləri də təqdirəlayiq şəkildə qarşılayırlar. Bunu işin yarısı hesab edirəm. Bu ölkələrin mədəniyyətini Azərbaycanda təbliğ edən bəzi hallarda yeganə yerə çevrilmişiksə, İndoneziya, yaxud Koreya mədəniyyəti ilə başqa heç bir qurum məşğul olmur, elə güman edirəm ki, biz həmin ölkələrdə də Azərbaycan mədəniyyətini təbliğ etməliyik. Çünki bu, güzgüvari şəkildə, bir-birinin inikası olmalıdır. Yəni o ölkələr, mühitlər də bizə borcludurlar.

Ona görə də bu məsələni səfirlərlə, universitet rektorları ilə görüşdə qaldıranda onlar mənimlə razılaşırlar. Hazırda Serbiyada, Rusiyada, Çində “Azərbaycan dili və mədəniyyəti mərkəzi” açıldı. Bir çox ölkələrdə, eləcə də İndoneziya və Hindistanda açılmaq üzrədir.

“Yaradıcılıq fakültəsi ideyasını düzgün başa düşmədilər”

Qurban Yaquboğlu: Bu mərkəzlər universitetlərin nəzdində açılır, elə deyilmi?

- Bəli, universitetlərdə açılır. Məsələn, bizim universitetdə “Serb dili və mədəniyyəti mərkəzi” var, bu mərkəzi Serbiya prezidenti cənab Aleksandr Vuçiç Azərbaycanda qonaq olarkən açdı, eyni zamanda Serbiyada da “Azərbaycan dili və mədəniyyəti mərkəzi” açıldı. Eyni modeli Çinə də tətbiq edirik. ADU-da Konfutsi İnstitutu fəaliyyət göstərir, Çində də bizim mədəniyyət mərkəzimiz fəaliyyətdədir. Söhbət universitetlərdən gedir.

Mənə elə gəlir ki, universitetlər, tələbələr, ali məktəblərdə çalışan ziyalılar vasitəsilə cəmiyyətə nüfuz eləmək daha faydalı, məqsədəuyğun və işimizə yararlıdır.

Prezidentimizin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vasitəsilə Avropa universitetlərində Azərbaycan multikulturalizmi fənnini tədris edirik. Bu, asan məsələ deyil. Bir semestr ərzində bu fənnin dərsliyini hazırlayıb Təhsil Nazirliyində təsdiq etdirmişik, indi bu fənn Almaniya, İsveçrə, Rusiya, Moldova, İtaliya, Litva, Gürcüstan universitetlərdində tədris olunur. Bu, o deməkdir ki, orada tələbələr Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini öyrənirlər, belə ki, multikulturalizm bunların hamısını ehtiva edir. Nəhayətdə xarici tələbələr bu gün Azərbaycan həqiqətlərini öyrənmiş olurlar.

Biz oraya öz müəllimlərimizi göndəririk, bəzi hallarda həmin universitetlərdə Azərbaycanı tanıyan insanlardan müəllim kimi istifadə etməyə çalışırıq ki, bu da öz bəhrəsini verir. Bir sözlə, xalqımızın mədəniyyətini, dilini, tarixini, ədəbiyyatını, ən vacibi Azərbaycan həqiqətlərini həm ADU, həm də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vasitəsilə təbliğ etməyə çalışırıq. Bu, bizim görmək istədiyimiz ən əsas məsələlərdən biridir.

Mənsur Rəğbətoğlu: Bakı Slavyan Universitetində Yaradıcılıq fakültəsi yaratdınız və ədəbi prosesə öz müsbət təsirini göstərdi. Bəs, Azərbaycan Dillər Universitetində necə, həmin fakültəni bərpa etmək niyyətiniz varmı?

- Zaman göstərdi ki, Yaradıcılıq fakültəsində çalışanların bəziləri onun ideyasını doğru-düzgün başa düşmədilər, bəziləri bu fakültənin inkişafı üçün əllərindən gələni etmədilər, yaxud sadəcə vəfasız çıxdılar, bəziləri vəfalı oldular, kimisi o ideyanı bu gün də dəstəkləyir, kimisi yox... Bakı Slavyan Universitetində o proyekti univesitet püxtələşəndən və öz yolunu tutandan sonra edə bildim.

İndi Azərbaycan Dillər Universitetində hələ o proses gedir, birdən-birə gətirib bura tətbiq eləmək asan məsələ deyil və şübhəliyəm ki, baş tutmaya. İnşallah, burada işləri tam şəkildə yoluna qoyandan sonra, bayaq dediyim münasibətlər tam normalaşandan sonra bunu etmək olar. Ancaq müəllim-tələbə münasibətləri deyil, müəllimlərlə müəllimlər arasında da düzəldiləsi və normallaşdırmağa ehtiyacı olan bir çox mətləblər var. Bütün bunlardan sonra bəlkə o ideyaya qayıtmaq mümkün oldu.

Mənsur Rəğbətoğlu: Dediniz bəziləri onun ideyasını doğru anlamadı, ideya tam olaraq nədən ibarət idi?

- Bir Yazıçılar Birliyinin üzvü olan şair, yazıçılar var, bir də canında yazmaq həvəsi olan insanlar var. Deyəndə ki, Azərbaycan xalqı şair xalqdır, mən razılaşmıram, şair xalq deyil, xalqımız harmoniyaya can atan xalqdır. Söhbət bu insanlarda ədəbiyyata maraq və sevgi oyatmaqdan, dünya ədəbiyyatı haqda bilgi verməkdən gedir. Bir də görürsən, giririk öz qazanımızın içinə və oradan bayıra çıxmırıq. Hesab edin ki, Yaradıcılıq fakültəsində oxuyan insanlar dünya ədəbiyyatını, fəlsəfəsini, estetikasını öyrənirdi, o proseslərdə Azərbaycanın ən görkəmli alimləri iştirak edirdi. Ədəbi proseslə bağlı son dərəcə maraqlı mətləblərlə tanış olurdular.

Biz onların inkişafı üçün kitablar buraxırdıq, məsələn, Kunun “Qədim Yunanıstanın mifləri və əfsanələri” kitabını buraxdıq. Azərbaycan ədəbiyyatında heç antik dövrün mehləri belə əsməmişdi. Ancaq dar auditoriyada qədim dünya tarixini və ədəbiyyatını oxuyanda bu barədə hansısa məlumatlar verilirdi, biz isə onu böyük kurs şəklində ortaya qoyduq. Və bu, Azərbaycan ədəbiyyatında sanbalı, sözü olan insanlar arasında öz müsbət nəticəsini tapdı. Elə Qisməti, Mübariz Örəni, Feyziyyəni, mərhum Fərhad Mete və Zərdüşt Şəfini göstərmək kifayətdir.

Qurban Yaquboğlu: Azərbaycan Dillər Universitetinin dünyadakı reytinqinin qaldırılması, əcnəbilərin qəbulunun artırılması istiqamətində hansı addımlar atılır?

- Boloniya sistemini “tozsoran” kimi də anlamaq olar. Yəni Boloniya sisteminin mahiyyətinin ən əsas istiqamətlərindən biri də odur ki, Azərbaycandan tələbəni xaricə apara bilsin. Aparmaq üçün isə dərslər uyğun gəlməlidir, həmin uyğunlaşma buna xidmət edir. Bizdən gedənlərin sayı 100-dürsə, oradan bura gələnlərin sayı 5 olur, yaxud olmur. Ümumiyyətlə, tələbənin universitetdən getməsi, ali məktəbin xeyrinə deyil, ola bilər ölkənin xeyrinə olsun.

Xatırlayıram, BSU-da qızları bolqar dilindən təkmilləşməyə Bolqarıstana göndərirdik, orada qalırdılar, oğlanı göndərəndə, o da qayıtmırdı. Bəli, bunun da öz müsbət tərəfləri var, uşaqlar gedib orada çalışırdılar, Azərbaycanı tanıdırdılar. Universitetlərin reytinqinə gəlincə, dünyada bir bəlli və bir kriteriyalı reytinq yoxdur. Hər təşkilat öz reytinq cədvəlini düzəldə bilər. Mən elə reytinq cədvəli tərtib edərəm ki, bizim universitet, təxminən birinci onluğa düşər. Hər təşkilatın özünün reytinq düzəltmək mexanizmi var.

Harvard niyə birinci yerdədir? Çünki Nobel mükafatçılarının sayı, müxtəlif mükafatlar almış müəllimlər orada daha çoxdur. Reytinqi universitetin duruşuna, mövqeyinə, mövcudluğuna baxıb düzəldirlər, ona görə də bizim o reytinqlərdə iştirakımız əvvəlcədən uğursuz bir işdir.

ADU hansısa reytinq cədvəlində dünya üzrə 170-lə 180-ci yeri bölüşürdü, bunu uğur saymaq olarsa, uğurdur. Mən reytinq məsələsinə inanmıram. Reytinqlə bir universiteti başqası ilə müqayisə etmək düzgün deyil. Universitet bəlkə də yeganə mənəvi məkandır ki, orada digər universitetlərlə müqayisə özünü doğrultmur.

Qurban Yaquboğlu: Biz də məzunlarla işləyirik, son illər humanitar sahədə təhsilini başa vurmuş uşaqlardan o qədər də razı deyilik, Jurnalistika fakültəsinin məzunları bəzən elementar orfoqrafiya səhvləri buraxırlar. Rektorluq təcrübəniz var, orta məktəbdən gələn abituriyentlərin səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?

- Uşaqlar müəyyən mərhələlərdən keçib universitetə gəlirlər, onların seçiminin obyektivliyinə, əlbəttə ki, şübhə yoxdur. Amma seçimin bucağı bəlli olanda digər bucaqlara yer qalmır. Əvvəl şagirdi hərtəfəli hazırlaşdıra bilirdinsə, məktəbi qurtaranda dünya ədəbiyyatı, mədəniyyəti haqda müəyyən təsəvvürü olurdusa, indi olmaya bilər, daha çox rəqəm və başqa prinsiplər əsasında qəbul həyata keçirilir.

Deyirsiniz ki, jurnalist ixtisasını bitirən tələbələr orfoqrafiya qaydalarını bilmirlər və sair. Tələbənin orfoqrafiya qaydalarını bilməsi üçün gərək qəbul imtahanında orfoqrafiyaya dair suallar salınsın, indi o suallar yoxdur. Sözün düzgün yazılışı, durğu işarələrinin doğru qoyuluşu barədə elə mərhələ yoxdur ki, uşaq ona xüsusi olaraq hazırlaşsın. Hazırlaşmayanda həmin boşluq özünü universitetdə də, sonrakı professional həyatda da göstərir. Ali məktəb orfoqrafiya qaydalarını öyrədən yer deyil axı.

Məni bir şey həmişə maraqlandırır və təəccübləndirir, biz niyə qəbulla bağlı hər dəfə sualları dəyişirik? Deyirlər keçən ilki olmasın. Keçən ilki olanda nə olar, oxuyub gəlib cavab verəcək də. Məqsəd abituriyentin oxuması deyil? Lap əzbərləyib gələcək, nolar, təki qoy oxusun. 5 il əvvəlki “mübtəda nədir” sualını elə qəliz hala salıblar ki, heç mən cavab verə bilmərəm.

İlbəil geri qayıtsan, gəlib 5 il qabaqkı həmin suala çıxacaqsan. Amma bu sual o qədər metamorfozaya uğrayır ki, sən ilkin cavabı yadından çıxarırsan. 10 il dalbadal soruş ki, “mübtəda nədir”, qoy öyrənib gəlsin desin, nəyi pisdir? Biz niyə eyni sualı hər il verməyə qorxuruq? İldən-ilə eyni sual olanda öyrənmə prosesi daha da asanlaşacaq. Bir məsələyə də toxunum, bu il bir şeyə çox sevindim, bəlkə də gözləmədiyim bir şey idi. Müəllimlik sənətini seçənlərin sayı çoxaldı, bizdə müəllimlik – Pedaqoji fakültə var, başqa universitetlərdə də analoji fakültələr mövcuddur. Demək olar ki, o ixtisasa boş yer qalmadı.

Qurban Yaquboğlu: Demək, bunu müsbət hal kimi qiymətləndirirsiniz... Niyə?

- Bəli, son dərəcə müsbət hal kimi dəyərləndirirəm. İnsanlar öz həyatlarını gələcəkdə müəllimlik peşəsi ilə bağlayırlar. Çox gözəldir. Mirzəlik ideyası, yaxşı mənada molla – bilici olan, işıqlı ideyalar qayıdır. Azərbaycanda mirzəlik unudulmuşdu, hamıya müəllim deyirdilər, müəllimliyin işığı geri dönür. Bu, çox vacib və qiymətli bir şeydir.

İnanıram ki, həmin uşaqlar heç də peşman olmayacaqlar, universitet onların canındakı-qanındakı o iddianı öldürməyəcək, əksinə onlara yeni perspektivlər göstərə biləcək.

Mənsur Rəğbətoğlu: Bəs indiyə qədər niyə uşaqlar müəllimlikdən qaçırdı?

- 15 il əvvəl Bakı Slavyan Unuversitetində tələbələri qaçqın məktəblərinə təcrübəyə göndərirdik. O zaman o məktəblər vaqonlarda yerləşirdi. İndi qaçqın məktəbləri dövlətin qayğısı ilə gözəl binadadır. Birincisi, binası gözəldir, ikincisi oraya qəbul şərtləri şəffafdır, üçüncüsü maaş yüksəkdir. Bütün bunlar bir-birini son dərəcə tamamlayır. Azərbaycan dövlətçiliyinin gördüyü işlər cəmiyyət tərəfindən bəlkə də özündən xəbərsiz bu şəkildə faktiki olaraq qiymətləndirilir.

Nərgiz Ehlamqızı: Universitetdə maraqlı bir ənənənin də əsasını qoymusunuz, tələbələr imtahan sessiyasından öncə 10 bədii əsər oxuyub cavab verməlidir. Ümumilikdə tələbələrin mütaliə səviyyəsini necə dəyərləndirirsiniz?

- Bu yaxınlarda birinci kurslarla görüş zamanı elə öz-özünə yeni bir ideya ortaya çıxdı. Dedim ki, I kurs tələbələri dükandan aldıqları kitabların qəbzini verdiyi halda pulunu ödəyəcəyik.

Nərgiz Ehlamqızı: Söhbət həm də bədii ədəbiyyatdan gedir?

- Bəli. Tədris ədəbiyyatı kitabxanada olur və bizim kitabxanaçıların qarşısında vaxt qoyuldu ki, bir tələbə gəlib desə filan dərs vəsaitini universitetdə tapa bilmirəm, deməli, günahkar universitetdir. Kitabxananın bu boşluğu öz yerində dolmalıdır, digər tərəfdən tələbəyə evində öz şəxsi kitabxanasını yaratmağa kömək etmək lazımdır. Bir gəncin formalaşması üçün onun kitabla birbaşa ünsiyyəti son dərəcə vacibdir. Kitabı vərəqləmək, onun qoxusunu, gecə yatanda, səhər duranda oxumaq, ümumiyyətlə, mütaliə çox qiymətli məqamdır. O qədər qəbzlər gəlir... (Gülür).

İmtahandan öncə tələbələrin bədii ədəbiyyat oxuması da çox önəmlidir. Məsələn, Filologiya fakültəsində tədris proqramında Lev Tolstoya o qədər yer ayrıla bilmir, “Hacı Murad” əsəri, Tolstoyun gündəliyi proqrama düşmür. Beləliklə, tələbənin qarşısında proqramda olmayan bu tipli ədəbiyyatı imtahandan əvvəl oxuyub cavab vermək məsələsi qoyuldu. Buna son dərəcə ciddi və hətta qəddarcasına yanaşırdım.

Münasibətimi bildiklərinə görə dekanlarımız bunu ciddi şəkildə həyata keçirirdilər. Uşaqlar əvvəl çox narazı idilər, amma bir müddət keçdi, iş tapandan sonra qayıdıb mənə “sağ ol” dedilər. Dedilər, Kamal müəllim, bax o kitabı oxuduğuma görə məni işə götürdülər.

Səxavət Həmid: Azərbaycan Dillər Universitetinə rektor təyin olunduğunuz ərəfədə mətbuatda bəzi xoşagəlməz yazılar oldu. Yəqin təyinatınız bu neqativ halların aradan qaldırılması üçün rol oynadı. Bu baxımdan hazırda vəziyyət necədir?

- Hər bir universitet haqda müxtəlif fikirlər söyləmək olar, əlbəttə, ADU barədə də cəmiyyətdə və mətbuatda müəyyən mülahizələr dolaşırdı, indi onlara qayıtmaq istəməzdim. Mənim bir prinsipim var, geriyə baxmamaq, irəliyə getmək... Bayaq dediyim kimi ADU-da bir çox münasibətlərin normallaşdırılmasına ehtiyac vardı. Rəhbərlik etdiyim millətlərarası, multikulturalizm və dini məsələlər üzrə işdə artıq öz verə biləcəyimi verdim və cənab prezident sağ olsun, mənə yeni bir sahə - Azərbaycan Dillər Universitetinə rəhbərliyi etibar elədi. Çalışıram ki, bu etimadı doğruldum.

Bir çox məsələlər həll olunub, tələbələrlə, müəllimlərlə bağlı problem var idi. Bir dəfə nə vaxtsa tələbələrə dedim, onların da, özümün də xoşuma gəldi və bu deyim indiyə qədər dillərdə gəzir, dedim ki, heç bir tələbəni heç bir müəllimin ayağına verməyəcəyəm, bu yerdə adətən tələbə əl çalır. Amma heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəyəm. Burada balansı tutmaq, qızıl ortanı müəyyənləşdirmək çox çətindir, elə bil kəndirbaz kimi gedirsən. Çalışırıq elə edək ki, tələbə-müəllim, eləcə də müəllimlərin öz arasında münasibətlər şəffaf olsun, həmçinin universitetlə Təhsil Nazirliyi arasında münasibətdə aydınlıq olsun. Bunlar hamısı iş prosesidir və elə də asan başa gəlmir.

Təkcə saytımızı yaradana qədər nələrdən keçdik, müxtəlif qurumlar yaranır, elmi-tədqiqat laboratoriyaları var, onları başqa iş prinsipinə keçirmək ərəfəsindəyik, qrantlar hesabına işləməlidirlər, nə qədər adam işsiz qala bilər. Universitet həyatı çox mürəkkəb və çoxşaxəlidir.

Elmi-tədqiqat laboratoriyalarında ciddi alimlər çalışırlar, onları yerləşdirmək məsələsi var, universitetdən kənarlaşdırmaq doğru deyil, tələbənin, müəllimlərin bu ziyalılara ehtiyacı var. O balansı tapmaq çox çətin məsələdir. Bağlanmaq ərəfəsində olan elmi-tədqiqat laboratoriyaları qrantı necə tapacaq?

Biz folklorla bağlı bir laboratoriya yaratmışdıq, mənim “Nibellunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” proyektim vardı, 10 ildən çox müddət davam etdi və sonrası da gəlir. Dədə Qorqud mərkəzdə durub, ətrafında Nibellunqlar, qədim Çin nağılları, antik Yunan əfsanələri, vedalar, sanskrit, Misir abidələri, “Roland haqqında nəğmə”, “Sid haqqında nəğmə” və sairlə münasibəti müəyyənləşdirilməlidir. Bu, həm alimlərin bu istiqamətdə çalışmasına rəvac vermək, həm də Azərbaycanın tanıdılması deməkdir.

Cənab prezident 2015-ci ildə Henrix Fridrix fon Ditsin “Kitabi-Dədə Qorqud” dastanını öyrənməsinin 200 illiyinin qeyd olunması haqqında sərəncam verdi. 1815-ci ildə fon Dits ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanının bir boyunu tərcümə edib, ona geniş ön söz yazmışdı. Bu, möhtəşəm hadisə idi və cənab prezident onu qeyd elədi. Mən alman alimləri görmüşəm ki, az qala gözləri yaşarırdı ki, sizin prezidentiniz bir alman aliminə bu qədər önəm verir.

Fon Dits həqiqətən böyük alim, diplomat idi, “Kitabi-Dədə Qorqud” dastanının əlyazmasını və bir sıra Şərq əlyazmalarını Türkiyədən aparmışdı. Sözümün canı odur ki, həyata keçirilən bu layihələrin hamısının əsas məqsədi ölkəmizin tanıdılmasıdır. Tələbəni də yaxşı hazırlayırıq ki, sabah haradasa Azərbaycanı daha yaxşı tanıtsın.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyini 11 xarici universitetdə qeyd elədik, əsas plenar iclası ADU-da keçirdik, Çin, Almaniya, İtaliya, Gürcüstan, Rusiya, Serbiya universitetlərində konfransın bölmələrini keçirdik. Çox möhtəşəm konfrans alındı. Və nəhayət son iclasda bütün konfrans iştirakçıları Azərbaycana gəldi. Bütün bunlar Azərbaycanın tanıdılması istiqamətində görülən işlərdir. Ulu öndərin işığı indi də yayılmaqdadır.

“Deyəndə ki, bu, boy deyil, müstəqil romandır, rəngi ağardı...”

Mənsur Rəğbətoğlu: Niyə ömür boyu araşdırdığınız “Kitabi-Dədə Qorqud”u “Yarımçıq əlyazma” romanında postmodern tənqidə məruz qoydunuz?

- Yox heç nəyə məruz qoymamışam... (Gülür). “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı mənim özümün sevdiyim və sevilən araşdırmalarım var: “Gizli Dədə Qorqud” seriyası və yekun kimi “Kitabi-Dədə Qorqud” dastanının poetikası” kitablarını misal gətirmək olar. Bundan başqa “Kitabi-Dədə Qorqud” dastanının motivləri mənə imkan verdiyi dərəcədə epik detektiv – “Yarımçıq əlyazma” romanını yazmışam.

Kimsə deyir tənqid eləmisən. Daha çox Beyrəklə bağlı deyirlər. Beyrək haqda “Kitabi-Dədə Qorqud” dastanında belə bir cümlə var: Beyrək 16 ildir əsirdir və günlərin bir günü bəzirganlar ona xəbər gətirir ki, sənin nişanlını bu gün-sabah ərə verəcəklər. Beyrəyin qanı qaralır. Dastan belə yazır: “Səxt olur. Bayburt bəyinin bir bikr qızı vardı, hər gün Beyrəyi görməyə gələrdi, bu gün də gəldi, gördü Beyrək səxt olmuş, dedi, bəyim, sənə nə oldu, hər gün gəldiyimdə səni şən görərdim, deyərdin-gülərdin, bu gün sənə nə oldu?”

Beyrək də baş verənləri danışır. Bu da qayıdır ki, kömək eləsəm, səni yola salsam, halalına qovuşsan, gəlib məni də halallıqa alarsan? Beyrək deyir, qılıncıma doğranaram, gəlməsəm. Gedir və gəlmir. Budur Beyrək. Bunu dastan deyir, Kamal Abdulla demir. Mən də bunu yazmışam da, nəyə məruz qoymuşam, qoymamışam, bunu siz deyin...

Mənsur Rəğbətoğlu: “Yarımçıq əlyazma” romanınızı Nobelə də təqdim etdiniz. Qalib olacağınıza nə qədər ümid edirdiz?

- Nobel üçün əsəri nəinki müəllif, heç hansısa komitə də təqdim eləmir. Nobel mükafatını verən İsveç akademiyasının özünün müxtəlif ölkələrdə ekspertləri var, o ekspertlər namizədliyi irəli sürməsə, Nobel Komitəsi həmin namizədə baxmır. Mənim də romanımı həmin ekspertlərdən biri namizəd vermişdi, o ekspertə cavab yazmışdılar ki, sənin verdiyin namizədi biz namizədlər siyahısına daxil etdik. Qalib olacağıma isə ümidim yox idi.

Mənsur Rəğbətoğlu: Niyə?

- Mənə elə gəlir ki, yazdığım roman maraqlı olsa da, dünya ədəbiyyatında Borxes, Eko Nobeli almadığı təqdirdə insan gərək boş ümidlərə qapılmasın.

Mənsur Rəğbətoğlu: Həmin romana görə sizi “Azərbaycanın Borxesi” də adlandırırdılar...

- Mənim türkiyəli yazıçı dostum vardı, İrfan Ülkü, belə bir fikir söyləmişdi, məqalə qələmə almışdı. Bir məqamı da deyim, bir türk professoru romanı oxuyandan sonra yazmışdı ki, Kamal Abdulla dastanın 13-cü boyunu tapıb çap etdirib. Ona deyəndə ki, bu, boy deyil, müstəqil romandır, rəngi ağarmışdı. Deməli, onu o dərəcədə inandırmışdım ki, “Kitabi-Dədə Qorqud” dastanının sevgiyə bürünmüş ruhu, hətta Beyrəyə də sevgi münasibəti o dərəcədə idi ki, insanlar romana inanırdılar.

Qurban Yaquboğlu: Yadımdadır, “Əvvəl-axır yazılanlar” kitabınızda da Beyrəyin öz əhdinə xilaf çıxdığına görə cəzalanması məsələsi vardı...

- Beyrək qıza verdiyi sözü unudur və qayıdıb Bayburt hasarını darmadağın edir, 39 yoldaşını həbsdən qurtarır. Faktiki olaraq sözü kimə verirdi? Sözü mətnə, müəllifə verirdi, kimsə bu sözü qəbul edirdi. O verdiyi sözü yerinə yetirmədiyinə görə “Dədə-Qorqud” dastanında yeganə qəhrəmandır ki, məhz o, ölür, heç bir başqa müsbət qəhrəman ölmür.

Nərgiz Ehlamqızı: Hər yazıçının yazı vərdişi olur, məsələn, eləsi var masasının üzərində hansısa əşya olmadan yaza bilmir. Sizin bu cür vərdişləriniz var? Əsasən günün hansı hissəsində yazırsınız?

- Mənim yadıma elə şey saldınız ki, bundan sonra belə bir əşyanı axtaracağam... (Gülür). Mən az yazmamışam, uzun müddət düşünürəm və tez yazıram. Məndə proses belə gedir, ən səsli-küylü situasiyada da yaza bilirəm, belə daha ləzzətlə yazıram. Qulaqdeşən sakitlikdə yazmaq bəlkə də alınmaz.

Siz məni məcbur edirsiniz ki, özümə kənardan baxım. Mənə elə gəlir, səs-küy mənə daha doğma situasiyadır. Səs-küyün arasında yazmaq həm də maraqlıdır.

Nərgiz Ehlamqızı: Bəlkə də iş qrafiki sizi buna məcbur edib...

- Ola bilər, hərdən işdə də oturub bir-iki cümlə yazmışam.

Nərgiz Ehlamqızı: Bəs indi nə yazırsınız?

- Bu yaxında esselərim çıxdı, “Əvvəl-axır yazılanlar” davam edir. Hələ ki, esse yazıram. Geniş, böyük və mürəkkəb bədii yaradıcılığa daxilimdə bir ehtiyac duymuram. Ehtiyac nə zaman duyulur? Gərək beynin təmiz ola, filan müəllimin filan dekanla münasibəti xarab oldu, filan otaqda tələbələr şuluq saldılar, kanalizasiya düzəlmədi, gəl, bunları yoluna qoy (gülür). Bunlar bir-birindən kifayət qədər uzaq məsələlərdir.

Bizim bir maraqlı proyektimiz var, “Bir günlük xəlifə” layihəsini burada da tətbiq edirəm, tələbələr özləri rektoru, prorektorları, dekanları və qurum rəhbərlərini seçirlər. O bir günü 360 günlə əvəz edə bilsəydik, nə yaxşı olardı.

Qurban Yaquboğlu: Tələbələr öz aralarından seçir?

- Bəli, heç kəs müdaxilə edə bilməz. Bu dəfə 70 tələbə rektorluğa namizədliyini vermişdi. Napoleonun bir sözü var, deyir, 40 nəfərdən birini seçib nazir qoyuram, nəticədə 39 düşmən və bir nəfər də minnətdar olmağı bacarmayan adam qazanıram. Həmin 70 nəfərin 69-u rektor ola bilməmişdi, biri də gəlib demədi ki, mən daha layiq idim, amma o keçdi. Hamı seçilənlə razılaşdı. Bu, o deməkdir ki, tələbə özü-özünü daha yaxşı tanıyır və etibar edir. Onların verdiyi qərarları müzakirə edəndən sonra təsdiq edirik.

Xəlifə seçilənlərə mənim və digər əvəz olunan şəxslərin bir günlük maaşı verilir, bizim xidməti avtomobillərimiz onlara həmin gün xidmət edir. Onlar çox faydalı, maraqlı bucaqdan universiteti görə bilirlər. Mənə tez-tez sual verirlər ki, olubmu onlar elə qərar veriblər ki, biz demişik, bunu niyə indiyədək görməmişik.

Bəli, onlar elə şeyləri görürlər ki, biz bəlkə də onların yanından gündə yüz dəfə keçirik. Bir dəfə BSU-da bir qız rektor olmuşdu, günün sonunda jurnalist sual vermişdi ki, nə zamansa yenə də rektor olmaq üçün çalışacaqsan? Cavab verdi ki, heç zaman. Rektor olmaq kənardan göründüyü kimi o qədər də asan məsələ deyil. Belə situasiyada hələ nə isə yazmaq lap çətindir (gülür).

Səxavət Həmid: Deyə bilərikmi, ictimai-siyasi işlər, universitetdə rektorluq yazıçı Kamal Abdullanı cəmiyyətdən alır, əslində daha çox yaza bilərdi...

- Yəqin ki. Kompensasiya olmalıdır da, ikisi eyni vaxtda çətindir. Əslində, indiyə qədər belə olub. Mən həmişə iş başında olmuşam, eyni zamanda yazmışam. Bunun axşamı, gecəsi, səhəri var. Amma gərək beyin də təmiz olsun. Beyin təmizlənməsə, oturub cümlə yazmaq çox çətindir. Postmodernist olmursan istəyirsən, fantast ol, yazan zaman yazdığına inanmalısan.

Bir hekayəmdə var ki, kəndin adamları göydə quş kimi uçurlar. Buna inanmasam, onu yaza bilmərəm. Sonra oxuyanda ona inanmaya bilərəm.

“Tərcümə tariximiz 19-cu əsrdən başlamayıb”

Qurban Yaquboğlu: Dilimizə olan tərcümələrin səviyyəsi sizi nə dərəcədə qane edir və hansı tənqidi fikirləriniz var?

- Bu suala ümumi şəkildə cavab verə bilərəm. Buna ən azı ona görə cavab vermək səlahiyyətim var ki, 13 il üzərində işlədiyim işi nəhayət tamamladıq, Azərbaycan Tərcümə Ensiklopediyasını ortaya qoyduq. Bakı Slavyan Universitetində bunu başlamışdım, bu iş bitdi, bu, həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən olan tərcümələri əhatə edir. Burada Azərbaycan prezidentinin sərəncamları, sənədlər, tərcümə elm sahəsi kimi, tərcümənin nəzəri praktik prinsipləri, fəlsəfi əsasları, tərcüməşünaslığın predmeti və problematikası, Azərbaycanda tərcümə ədəbiyyatının tarixi öz əksini tapıb.

Bəzən adama elə gəlirdi ki, tərcümə ədəbiyyatının tarixi XIX əsrdən başlayır, sən demə, tərcümə prosesi Qurani-Kərimin yazılmasından üzü bu yana başlayıb. Eləcə də personalilər ensiklopediyada yer alıb. Bu kitabın ideya müəllifi kimi belə cavab verərdim ki, heç bir tərcümə əsəri bizi axıra qədər qane etməyəcək, çalışmaq lazımdır ki, tərcümə prinsip etibarilə mükəmməl olsun. Bu, problematik məsələdir. Adam var deyir, bir dildən başqa dilə tərcümə, ümumiyyətlə, mümkün deyil. Sətri tərcüməni, yaxud ideyanı və auranı vermək lazım olur.

Azərbaycan dilinə olan tərcümədə çox adamı söz ancaq dil nöqteyi-nəzərindən maraqlandırır ki, yerindədir ya yox. Amma orijinal mətnin dilinin tərcümədə öz əksini nə cür tapdığı barədə indiyədək bir şey deyiblər? Söhbət bundan gedir. İndi ensiklopediyanın ikinci nəşrini hazırlamağa başlamışıq, burada bəzi boşluqları doldurmağa çalışacağıq.

Qurban Yaquboğlu: Universitetin nəzdində tərcümə işi, bədii mətnlərin tərcüməsi ilə bağlı hansısa qurum yaratmaq, fəaliyyət növü təşkil etmək fikriniz varmı?

- Bizim universitetin nəzdində Tərcümə fakültəsi var. Biz professional tərcüməçilər yetişdiririk. İkincisi, resurs mərkəzimiz var ki, orada tərcümə ilə də məşğul oluruq, xarici dillər üzrə kurslar da təşkil etmişik.

Səxavət Həmid: Vaxtilə bir qrup ziyalı ilə birgə Azərbaycanın işğal olunmuş bölgələrinə səfəriniz olmuşdu. Ermənistanda yeni hökumət formalaşıb, indi münaqişənin həlli istiqamətində baxışınızda hansısa dəyişikliklər varmı?

- Əlbəttə ki, Azərbaycan-Ermənistan münasibətlərində çox dəyişiklik var. 10-15 il əvvəl onlar haradasa bizimlə bərabər şəkildə danışıb şərt qoyurdularsa, indi yalvarırlar ki, təki hücum etməyin, məsələ sülh yolu ilə həll olunsun. Amma sülh yolunu onlar özləri bildiyi kimi başa düşürlər və tamamilə qəbuledilməz şərtlər irəli sürülər. O zaman bizim işğal altındakı ərazilərə səfərimiz xalq diplomatiyası deyilən hərəkatın təzahürü idi. Bu, o deməkdir ki, Azərbaycan, Ermənistan və Rusiya bu cür ünsiyyətə razılıq vermişdi. Torpağın üzərində minalanmış sahə təmizləndi və biz 5 nəfər oradan keçib Xankəndinə, Şuşaya və İrəvana getdik, orada bizə qoşulan 5 erməni ziyalısı ilə Bakıya gəldik.

Bütün bunlar 1 gün ərzində baş verdi. Səhər tezdən təmas xəttinə gəldik, Bərdə tərəfdən getdik. İndi də cəbhə xəttinə gedəndə o günləri xatırlayıram, bizi o vaxt ötürən, yolla keçirən komandir hazırda hərbi hissələrin birində generaldır. İndi düşünürsən ki, hər cür hərəkət ola bilərdi, tərəfləri bir-birinə yaxınlaşdırmaq cəhdini qəbul etməyənlər hər cür əməl törədərdi. İş-işdən keçəndən sonra nə olacaqdı, Allah bilir...

Söhbət ondan gedir ki, Ermənistan qədd-qamətini itirmək istəməsə də, beli çox əyilib, sınıb, bu gün Azərbaycanın hərbi möhtəşəmliyi onları çox qayğılandırır və pəjmürdə edir. Bu, Azərbaycan prezidentinin bu istiqamətdə gecə-gündüz işləməsinin nəticəsidir. Bu, asan yolla əmələ gəlmir, Rusiyadan, İsraildən silah alırıq, Türkiyə ilə gözəl münasibətlər qurmuşuq, hətta Türkiyə-Rusiya əlaqələrinin bu şəkildə yaxşılaşmasında Azərbaycanın böyük rolu var. Bütün bunlar böyük siyasətin balaca hissələridir ki, nəhayətdə mozaik şəkildə bir-birini tamamlayır və ermənilər bunu görüb təlaşa düşürlər.

Azərbaycan-Ermənistan münasibətlərində bu dəyişiklik göz qabağındadır. Ümid edirəm ki, bu dəyişiklik öz nəticəsini verəcək. Vacib deyil biz hücum edək, siyasi-diplomatik yolla özümüzü gücləndirə-gücləndirə onları elə vəziyyətə salacağıq ki, özləri deyəcəklər bu rayonlar sizindir, götürün. Bu istiqamətdə Ermənistan tərəfində hansısa addımların atıldığını hiss edirəm. Bəzən onların saytlarına baxıram və görürəm ki, kimiləri deyir bu torpaqlar bizim deyil axı. Bu yaxınlarda bir erməni jurnalist 1988-ci ildə Quqarkda baş verən hadisələri obyektiv şəkildə yazıb, azərbaycanlıların öldürülməsini, yandırılmasını, qovulmasını qələmə alıb, həmin vaxt orada işləmiş prokuror və digər vəzifəlilərdən intervülər götürüb və məlum olub ki, onlar bu işləri gördüklərini boyunlarına alıblar.

Bunlar çox maraqlı və düşündürücü faktlardır. Elə tendensiyalar gedir ki, bəlkə də erməni cəmiyyətini bu şəkildə hazırlayırlar. Çünki bunun başqa adı və yolu yoxdur. Bütün bunları Azərbaycan prezidenti dəfələrlə deyib, indi onlar da etiraf edirlər.

Səxavət Həmid: Ermənistanla yanaşı Azərbaycanda da baş nazir vəzifəsində dəyişiklik oldu. Yeni Baş nazir Novruz Məmmədovdan gözləntiləriniz nədir?

- Yeni baş nazir vəzifəsinə Novruz Məmmədovun təyinatı cənab prezidentin çox uğurlu addımıdır. Mən onu universitetdə çalışdığım 1983-cü ildən tanıyıram. Çox ciddi alimdir, o, həm də bizim universitetdə kafedra müdiridir. Elə güman edirəm ki, Novruz müəllimdə olan o Vətən və millət təəssübü, bir diplomat, uzun illər xarici siyasət sahəsində çalışan şəxs kimi professional cəhətləri və fəaliyyəti cənab prezidentin diqqətində idi və elə güman edirəm ki, baş nazir kimi də o, çox işlər görəcək.

Qurban Yaquboğlu: Hazırda mütaliə etdiyiniz bədii əsər hansıdır?

- Açığı, bu saat oxuduqlarımın bəzilərini bir daha oxumağa üstünlük verirəm, nə isə o mənə ləzzət verir. Yeni kitaba girişmək bir az mənə çətin gəlir.

Qurban Yaquboğlu: Niyə, səbəb nədir?

- Vallah, adam özünü yeni dünyaya girmiş kimi hiss edir. Mən bədii ədəbiyyat oxuyanda onu yarımçıq qoymağı sevmirəm. Amma bir də görürsən, getmir, bəlkə də bu qorxu adamı saxlayır. Oxuduqlarımı ləzzətlə yenidən oxuyuram. Məsələn, Ekonun “Qızılgülün adı” əsərini, sevdiyim yazıçı Haqverdiyevi, Borxesi, Kortasarı dönə-dönə oxuyuram. Bu yazıçılar mənim yazıçılarımdır.

Mənsur Rəğbətoğlu: Eko ilə görüşünüz olmuşdu, bu, necə baş tutdu?

- İtaliyada “Yarımçıq əlyazma” romanım iki dəfə çap olunub, “Sehirbazlar dərəsi” də bir dəfə nəşr edilib. “Yarımçıq əlyazma”nın ilk nəşrində ön sözü Franko Kardini adlı çox məşhur şərqşünas alim, filosof, semiotik, kulturoloq yazmışdı. Bundan sonra biz dostlaşdıq. Kardini həm də Ekonun dostu idi. O, ön sözdə məni Eko ilə müqayisə eləmişdi, nəticəni də belə çıxarmışdı ki, bu kitab Ekonun xoşuna gələn kitab olacaq.

Eko İtaliyada çox məşhurdur, mənim naşirim də bizim görüşümüzü təşkil etməkdə maraqlı idi. Mənə elə gəlir ki, naşir Kardininin ön sözündən istifadə edərək kitabı Ekoya göndərmişdi. Birinci olaraq Ekodan kitabı ona göndərdiyimizə görə üç cümlədən ibarət təşəkkür məktubu gəldi. Bir müddət sonra daha bir məktub gəldi ki, çox istərdim, İtaliyada olduğunuz zaman Milana, evimə gələsiniz. Təbii, belə təklifdən qaçmaq mümkün deyildi.

İtaliyada olanda naşirimlə bir yerdə xüsusi olaraq Milana getdik, 15 dəqiqəlik görüş güman edirdim, saat yarımdan çox çəkdi. Birinci sualı belə oldu ki, məndən burada bizim kretinlər soruşur ki, bu əlyazma var, ya yoxdur, səndən də orada sizin kretinlər bu barədə soruşdular? Məndən burada soruşmuşdular... (Gülür).

Mənsur Rəğbətoğlu: Ekonun Azərbaycan ədəbiyyatı barədə bir təəssüratı var idi?

- Heç bir təəssüratı yox idi. O, Azərbaycana bir Şərq ölkəsi kimi baxırdı və onu daha çox ölkəmizin kulturoloji keçmişi maraqlandırırdı, İpək yolu, Atəşgah və sair barədə çox danışdım, heç kimin gözləmədiyi halda Azərbaycana gəlmək barədə də qərara gəldi. Görüşümüz zamanı onun həyat yoldaşı da söhbətimizə qoşuldu, Azərbaycana səfərin mexanizmini də danışmışdıq, ancaq əcəl imkan vermədi.

Mənsur Rəğbətoğlu: Nə əcəb Nizamini tanımırdı?

- Nizamini heç bizimkilər tanımır, adını eşidiblər. Eko yəqin Nizamini tanıyırdı, ən azı Hötenin “Şərq-Qərb divanı”nı oxuyub, amma deyim ki, Azərbaycan ədəbiyyatının 1960-70-ci illərdəki yazıçıları tanıyır, yox...

Mənsur Rəğbətoğlu: Uzun illər şeir yazıb, niyə üzə çıxarmırdınız. Şair dostlarınızın soyuq qarşılayacağından ehtiyat edirdiniz?

- Niyə ortaya çıxarmamışam ki?! İlk şeirim “Bakı” qəzetində 8-ci sinifdə oxuyanda çıxıb, Cəlil Məmmədquluzadəyə həsr eləmişdim. Filologiya fakültəsinə daxil olmuşdum, o zaman 4-5-ci kursda artıq püxtələşmiş şairlər təhsil alırdı, məsələn, Ramiz Rövşən, Sabir Rüstəmxanlı... Onların hər birinin bir dəstəsi vardı.

Qurban Yaquboğlu: Neçənci illər idi?

- Mən 1968-ci ildə universitetə daxil olmuşam. Onda Ramiz 5-ci kursda oxuyurdu, onun qrup yoldaşı vardı, adı Hacı idi, sonra dostlaşdıq, ondan soruşanda saat neçədir? Deyirdi, Ramizdən böyük şair yoxdur, sonra əlavə edirdi: saat 3-ün yarısıdır (gülür). Yəni, bu adamları cəmiyyətə daxil edən qüvvələr vardı. Məndə elə şeylər yoxudu.

Bir də adım alim kimi çıxmışdı, məqalələr, elmi iş yazırdım. O vaxt şairlər, ədəbiyyatçılar öz aralarına alimləri, alimlər də öz aralarına bunları buraxmırdılar. Onlar kimi olmasa da, hərdən şeirlərim çap olunurdu. Tanrıça Afina Zevsin başından əlbisədə doğulub çıxdığı kimi bunlar da, elə bil, şair kimi doğulmuşdular, ancaq yaxşı şeirlər yazmışdılar. Ona görə də mənim şeirlərim rəqabətədavamlı deyildi. Rəqabətədavamlı şeirləri bir az sonra yazdım. Sonra tərcümələr elədim, tərcümə şeir mexanizminə daha dərindən baxmağıma gətirib çıxardı, rus poeziyasının gümüş dövr şairlərindən Azərbaycan dilinə tərcümələr etdim.

Mənsur Rəğbətoğlu: Hamı sizi emosional adam kimi səciyyələndirir. Emosionallıq və elmi fəaliyyət bir araya necə sığır?

- Vallah, bilmirəm. Ola bilər emosionalam, kim kimi nə cür görmək istəyirsə, elə də deyir.

“Altını cızaraq demək istəyirəm ki...”

Səxavət Həmid: Dövlət müşaviri işlədiyiniz dövrdə də yeni dəst-xətt gətirmişdiniz, Nazirlər Kabinetinin iclasında qeyri-standart çıxışınız vardı...

- O istiqamətdə görülən işlər ona görə uğurlu oldu ki, bunun altını cızaraq demək istəyirəm, cənab prezident qarşımızda çox dəqiq, dərin mahiyyətli məsələlər qoymuşdu və istiqamətləri də göstərmişdi. Bizim prezidentimiz çox müdrik adamdır, biz, sadəcə, onun bizim qarşımıza qoyduğu yollarla getdik, ona görə də uğurlu alındı.

Nərgiz Ehlamqızı: “Teleqraf” əməkdaşları ilə görüşdən istifadə edərək mərhum Mövludla bağlı soruşmaq istərdim. Onun faciəvi ölümündən sonra bir yazı da yazmışdınız. Mövludla son görüşünüzü necə xatırlayırsınız?

- Heç zaman deyə bilməzdim ki, Mövlud belə bir hərəkəti edə bilər, yaxud düşünər. Görünür, bizim bilmədiyimiz nə isə varıdı. Gərək olmayaydı...Yazmışdım. Mövludla bir neçə dəfə görüşmüşdüm, heç hansının birinci, yaxud axırıncı olduğunu xatırlamıram. Bir-birimizə böyük hörmətimiz yaranmışdı. Olur, bir dəfə görüşürsən, deyirlər, həmin adama quşum qondu. Mövlud son dərəcə mütəvazi və özünə qəribə cəlbetmə xüsusiyyəti vardı. Məni aldadan insanları o saat tanıyıram, bilirəm, məni aldadır, amma yenə aldanıram, deyirəm, bununla xoşbəxt olacaqsa, qoy olsun. Mövludda belə şey yox idi, son dərəcə təmiz oğlan idi.

Nərgiz Ehlamqızı: Maraqlı fikir də yazmışdınız, məni anlayan kişilərdən biri də azaldı...

- Hə, bir neçə yerdə Mövlud mənim haqqımda yazmışdı və demişdi, mənə bu barədə söyləmişdilər. Həqiqətən, məni anlayan kişilərdən biri də azaldı. Mən onun yoxluğunu bəzilərinin diriliyinə dəyişmərəm.

Qurban Yaquboğlu: Yaradıcı gənclərdən kimi oxuyursunuz, bəlkə onlarla bağlı rəğbətiniz, yaxud tənqidiniz var?

- Deyim ki, bunu mütəmadi şəkildə edə bilmirəm, gərək gənclər də məni başa düşsün. Kitablarını, hekayələrini gətirənlər var. Mir Cəlal Paşayevin xatirəsi ilə bağlı “Ədibin evi” adlı müsabiqə keçirilirdi, nə qədər yazıçı iştirak edirdi, bizim Şahin adlı bir tələbəmiz birinci yerə çıxdı. Onu oxuyuram, mən də münsiflərin üzvü idim, çox gənclərin yazısını oxudum.

Gənc deyəndə adam bilmir, kimi nəzərdə tutur. Bir qrup adam nə isə yazır və deyirlər, gəncik, baxırsan, yaşları 40 ətrafındadır, bunlardır gənc, yoxsa Müşfiq? 27 yaşlı Mikayıl Müşfiqə gənc deməyə bilirik? Yox, elə bilirsən, püxtələşmiş, yetişmiş şairdir. İndi 40 yaşında adamla necə müqayisə edəsən? Şair və yazıçıları gənc və yaşlı, yaxşı və ya pis kateqoriyalarına bölmək düzgün deyil.

Yaxşı misra, hekayə, alınmayan misra, hekayə var. Belə böləndə bizim üçün ədəbiyyatın qaranlığında getmək asanlaşır, kimlərisə tanımaq, bir-birindən fərqləndirmək daha asan olur. Bütövlükdə bir yazıçı o birindən yaxşı ola bilməz. Bu misra o birindən yaxşı ola bilər. Bəyəm bizim bəh-bəhlə qəbul etdiyimiz bütün şairlərin şeirləri ən yüksək səviyyədə yazılıb?

Deməli, yaxşı, pis şeir var, alınmış, tutan misra var, alınmayanı var. Bu istiqamətdə işləsək, həm jurnalistlərin, həm də ədəbiyyatçıların qarşısına çox maraqlı perspektivlər çıxar.

Qurban Yaquboğlu: Zaman keçdikcə, imzalara münasibətiniz dəyişibmi, əvvəl bəyənmisiz, sonra fikriniz dəyişib, yaxud öncə heç bəyənməmisiniz, indi əksinədir?

- Olur, bəyənməmək deməzdim, ad çəkməyək, bəzən qəbul etmədiyim adamın elə yazısını oxuyuram ki, deyirəm istedadlıdır. Yaxud da çoxunun qəbul etmədiyi adamlar var ki, görürsən, çox istedadlıdır. Məsələn, Kəramət, Ömər Xəyyam, Ruzbeh Məmməd, Fəridə Məmmədova...

Deyir, insan dəyişir, gündəlik informasiya səni bədii əsəri də qəbul etməyin bu və ya başqa rejiminə sala bilir.


Müəllif: Nərgiz Ehlamqızı, Foto: Elnur Muxtar

Oxşar xəbərlər