22 Sentyabr 2021 10:27
3 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyatda əsas məsələ... Nədi, hansıdı o? Bilmirsən. Əsas məsələyə, bir az da dəqiq desək, əsas mətləb üstünə gəlib çıxanacan cızdığın trayektoriya sənin həyat hekayətindi. Onu başqalarına ötürməyə dəyər. Sənət elə odu – həyat hekayətinin bəzən birbaşa, bəzən də dolayı yolla başqalarına ötürülməsi.

Həmsöhbətim rəssam Aynur Aydın Goranboyun Qızılhacılı qəsəbəsində anadan olub. Əvvəlcə anasının sahəsinə yönəlmək istəyib, rus dili müəlliməsi olmağı arzulayıb.

Maraqlıdı, arzular necə yaranır və nə vaxt, yaxud hansı şəraitdə yox olur? Bu suala bəlkə də belə cavab vermək mümkündü – arzular məhv olmur, daha cazibədarıyla əvəzlənir.

Yeddi il musiqi məktəbində piano üzrə təhsil alan balaca Aynur xorda da oxuyub: “Qızılhacılı qəsəbə Mehman Nazarov adına Uşaq Musiqi Məktəbinin piano sinfinə yönəldim. Tədbirlərdə, yarışlarda iştirak eləyirdim, lap yer də tutmuşdum, birinciliyim də vardı... Konservatoriyaya qəbul alınmayanda Azərbaycan Dillər Universitetinin fransız dili üzrə regionşünaslıq fakültəsinə qəbul oldum. Dörd il də universitetdə oxudum”.

Dəyişikliklər, canatımlar davam eləyir, növbədə fırça var. Bu da uşaqlıqla bağlıdı; ümumiyyətlə, nə uşaqlıqla bağlı deyil ki?..

“Uşaqlıqdan ağ kağızı qaralayırdım, yəni nəsə çəkməyə çalışırdım”, - Aynur söhbətə davam edir: “Universitetdə oxuyanda tədricən rəssamlığa keçid başladı. 2000-ci ilidi...”

Əlbəttə, hər hadisənin bir tarixi, tarixçəsi var. Bu dəfə təkanverici qüvvə kimi sevginin də rolu qeydə alınıb: “Hə, gələcək həyat yoldaşımla tanış olandan sonra – əslində biz tanışıdıq, qohumuduq, sadəcə münasibətlərimiz ciddiləşdi – rəssamlığa meylim də ciddi məcraya yönəldi”.

Hər şey bir az artıq sürət götürür. Aynur Aydın müəllim yanına gedir, rəsmlər yaranır, ilk sərgisi 2013-cü ildə, ikincisi (bu sərgiyə “Sandıq” adı verir) 2016-2017-ci ildə keçirilir. Ola bilsin, pandemiya adlı heybətli qonaq özünü çatdırmasaydı, daha bir sərgi təşkil olunardı, indi dəqiq bir söz demək çətindi...

Bu qədər dəyişikliyin mənbəyini Aynur Aydın genetikada axtarır, deyir, mərhum bibimdə də rəssamlıq vardı. Beləcə yavaş-yavaş geriyə dönür: keçmişə, xatirələrə...

Keçmiş neçə il sonra xatirələrə, anılara çevrilib bizi məşğul eləməyə başlayır, bunu ayırd edəsi deyilik, amma Aynur Aydının rəsm dünyasında, yaşantılarında, hətta nitqindəki ifadə çalarlarında da keçmişin izləri duyulur; xəstə bibisindən, qonşuluqda yaşayan nənəsindən söz açır: “Uşaqlığım nənəmin təsiri altında keçib.

Mən ümumiyyətlə nostalgiyaya aludəyəm. Tikiş maşınındanı bir rəsmim var, onu nənəmə həsr eləmişəm. Qəribə bir yaddaş oyunudu. Daha doğrusu, yaddaşla təxəyyülün sintezidi... İşlərimin arasında radio da var. Bunlar da keçmişə bağlıdı. Məni musiqi məktəbində kamança sinfinə qoymaq istəyirdilər, qardaşım da tarçalanıdı. Amma ağladım, pianonu seçdim. Pianoya həvəsim radiodan yaranmışdı – radiomuzun da ağ klavişləri vardı...”

Aynur radiodan ütüyə keçir, bu nə deməkdi, əşyalar ona bu qədərmi təsirdə saxlayıb? Ütünü gəmiyə oxşadıb Aynur: “Rəsmdə ütünü gəmi kimi çəkmişəm. Coşqun, dalğalı dənizi ütüləyən, hamarlayan, qaydaya salan, sakitləşdirən gəmiyə...”

Aynur əl fənərini kitabxanaya, qrammafonu binaya bənzədib. Deyir, “Sandıq” sərgisində 10 əşyanın rəsmini təqdim edib. Bəli, bizimlə bir yerdə olmuş əşyaların da xatirələrdə, sənət əsərlərində yaşamaq haqqı var.

Əşyalar – aydındı. Bəs insanlar?.. Deyir, insanları çox rəssam çəkir: “Düzünə qalsa, mən insanları da əşyalara kombinə eləməyi xoşlayıram. Uşaqlıqda qapalıydım. İnsanlarla ünsiyyətə girməzdim, uşaqlarla oynamazdım. Mən əşyalara sığınırdım, əşyalarla təmas qururdum”.

Düzdü, Aynur Aydın insanları da çəkir, amma daha çox sifariş alanda: “Gördüyünü çəkmək bir şeydi, beynindəkini çəkmək başqa bir şey... Bəlkə portret onun sahibinə və ya başqa tamaşaçıya xoş gələr. Mənsə beynimdəkiləri çəkməyi sevirəm”.

Aynurun kitaba marağında da kiçik bir qəribəlik var: “Müntəzəm kitab oxuduğumu deyə bilmərəm. Əşyaların ən qəribəsi yəqin ki, kitablardı. Ona qapılıram və ondan qopa bilmirəm. Ona görə kitablara yaxınlaşmağa ehtiyat edirəm. Köhnəliyə bağlılığım var, kitabın da köhnəsini sevirəm –kirildə olanı...”

Bəs musiqi – kaman, piano, radio, xor? Aynur deyir: “Pianom yanımdadı, səsim qalır, hərdən özümçün zümzümə edirəm. Amma oxuyub səsimi paylaşım, yox... İndi mənimçün əsas məsələ rəssamlığı daha dərindən öyrənməkdi”.


Müəllif: Qurban Yaquboğlu

Oxşar xəbərlər