Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Deyvid Ormsbi-Qorun Con Kennedinin həyat yoldaşı Jaklin Kennediyə yazdığı sevgi məktubu hərracda 123 min dollara satılıb.
60-cı illərdə ABŞ-da səfir olan Deyvid Ormsbi-Qorla Amerikanın o vaxtki prezidenti Con Kennedi ailəlikcə dost olublar. Con Kennedi və səfirin həyat yoldaşı öldükdən sonra isə Deyvid Ormsbi-Qorla Jaklin Kennedinin münasibətləri daha da yaxınlaşıb.
Hərracda satılan məktubda diplomat keçmiş birinci xanıma evlənməyi təklif edir. Lakin Jaklin ona rədd cavabı verir. Xanım Kennnedinin diplomata sonrakı məktubu yunan milyarderi Aristotel Onassislə evlilikdən sonra yazılıb və burda ona "sevimli qardaşım" kimi müraciət edilir.
Qeyd edək ki, məktublar bu ilin əvvəlində tapılıb.
/Trend/