Avstraliyada baş verən güclü meşə yanğını böyük fəsadlara səbəb olub.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, Cənubi Avstraliya ştatında, Adelaida şəhəri yaxınlığında yanğın 11 hektar meşə sahəsini külə çevirib.
Bundan başqa, müvafiq ərazidə artıq 30 ev tamamilə yanaraq, yararsız vəziyyətə düşüb. Adelaida ətrafındakı yaşayış məntəqələrinin minlərlə sakini xüsusi sığınacaqlarda gecələməli olur.
Alovla mübarizəyə 2 min yanğınsöndürən, 14 təyyarə və helikopterlər cəlb olunub. Bölgədə külək əsdiyindən, yanğını nəzarət altına almaq hələ də mümkün olmayıb. Havaların həddindən artıq isti keçməsi də vəziyyətə təsir edir. Yanvarın 3-də Adelaida şəhərində havanın hərarəti 40 dərəcəyə çatıb.
Hesablamalara əsasən, bu, Cənubi Avstraliya ştatında son 30 ildə qeydə alınan ən məhvedici yanğındır.