“British Airways” aviaşirkəti Azərbaycan əhalisi üçün Böyük Britaniya, Avropa, ABŞ və Kanada istiqamətində uçuşlara xüsusi tarifləri təqdim edir. Bu barədə Trend-ə aviaşirkətdən deyiblər.
“British Airways” aviaşirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzis bildirib: “Biz 2015-ci ildə insanlara ildə bir dəfədən artıq səyahət etmək və müxtəlif ölkələrdə olmaq imkanını təklif etmək istəyirik. Səyahət etməyi xoşlayanlar üçün “British Airways” aviaşirkəti 2015-ci ildə ziyarət üçün ən yaxşı yerlərin siyahısını tərtib edib ki, bura uzaq yerlərlə yanaşı, azərbaycanlı turistlərin sevdiyi cəlbedici Avropa və Şimali Amerika ölkələri də daxildir”.
“British Airways” ilə uçan sərnişinlər aviaşirkətin şəbəkəsindən 179 istiqamət seçib səmada Britaniya qonaqpərvərliyindən həzz ala bilərlər. Bundan başqa, görməli yerləri və dünya şöhrətli mağazaları ilə tanınan London şəhəri sərnişinlərə burada dayanmaq imkanını yaradır və ideal transfer məntəqəsi hesab olunur.
P.Renzis əlavə edib: “Bizim 2015-ci il üçün olan TOP məntəqələr siyahısına Belçika, Braziliya, Böyük Britaniya və Xorvatiya kimi ölkələr daxildir. Belə ki, bu ölkələr səyahətçilərə unikal və maraqlı əyləncələr təklif edir”.
Yeni il tətillərini Avropa və ya Şimali Amerika şəhərlərində keçirmək istəyənlər üçün “British Airways” Nyu York və Paris istiqamətləri ilə yanaşı, Berlin, Sietl və Sevilya kimi şəhərləri təklif edir. Çimərlikdə istirahət etmək və serfinqdən həzz almaq istəyənlər üçün isə “British Airways” Barbados və Yunanıstanın çimərliklərini təklif edir.
Cari il yanvarın 5-dən iyunun 30-dək səyahət imkanı verən “British Airways”ın bütün kabinlərinə biletlərin satışı yanvarın 11-dək davam edəcək. “World Traveller” salonu üçün Azərbaycandan Böyük Britaniya və Avropa istiqamətində tariflər 474 avrodan, ABŞ və Kanadaya 694 avrodan, “Club World” salonu üçün isə Azərbaycandan Avropa istiqamətində biletlərin qiyməti 1 823 avrodan başlayır. “British Airways”ın London və digər şəhərlərə uçuş cədvəli ilə ba.com saytında tanış olmaq mümkündür.
Burada sərnişinlər ən ucuz qiymətləri tapıb, eyni zamanda onlayn şəkildə aviareysi bron edib, biletin qiymətini ödəyib və reysə qeydiyyatdan keçə bilərlər.
- “British Airways” 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir.
-Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir.
- Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir.
-Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır.
-“British Airways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir.
- “British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır.
-“British Airways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb.