Tailandın şimal-şərqindəki Ley əyalətində yerləşən “Pxu Luanq” milli parkının əməkdaşları sübut ediblər ki, arı pətəklərinin düyü sahələrinin ətrafında yerləşdirilməsi məhsulun vəhşi fillər tərəfindən məhv edilməsinin qarşısını almağın ən effektiv üsuludur.
Tailand meşələrində otlayan ev heyvanları tərəfindən tədricən sıxışdırılan vəhşi fillər bir çox halda düyü sahələrində qidalanaraq məhsula hədsiz zərər vururlar. Bu barədə Tailandın Milli Parklar Departamenti məlumat verib.
Ölkənin bir çox rayonlarında məhsulu vəhşi heyvanlardan qorumaq üçün “elektrik çobanı”ndan - sahənin perimetri boyu çəkilmiş yüksək gərginlikli elektrik naqilindən istifadə edirlər. Lakin fillər çox zaman bu naqilləri qıraraq sahələrə daxil ola bilir. Naqildəki gərginliyin artırılması isə Tailandda xüsusi münasibət bəslənən nəhəng heyvanların tələf olmasına gətirib çıxarır.
Artıq bu problemin çarəsi tapılıb. Hər birində təxminən 20 min arının yaşadığı və kəndir vasitəsilə biri-birindən eyni məsafədə asılan pətəklər fil basqınlarına qarşı 74 faiz təminat verir. Milli parklar departamentinin xüsusi proqramının tətbiq olunduğu “Pxu Luanq” milli parkının əməkdaşlarının hesablamalarına görə, “elektrik çobanlar” bu göstəriciyə görə arılardan xeyli geri qalır.
Kəndirin azacıq tərpənməsi nəticəsində pətəklərin ağzı avtomatik olaraq açılır və arılar “sərhəd pozucusu”nun üstünə cumur. Təxminən 50 pətəkdən ibarət “mühafizə sistemi” əkin sahələrini fillərdən qorumaqla yanaşı, həmçinin ildə 300 kiloqrama qədər bal verir.