Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, beynəlxalq münasibətlərin müasir inkişaf mərhələsi dünyanın geosiyasi mənzərəsini dəyişən mürəkkəb və ziddiyyətli proseslərlə müşahidə olunur: “Çoxqütblü sistemin formalaşması meyilləri sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərin dərinləşməsinə mühüm təsir göstərən inklüziv dialoqun əhəmiyyətini artırr. Müşahidələr göstərir ki, regional və beynəlxalq təhlükəsizliklə bağlı problemlər yalnız hərbi-siyasi xarakterli məsələlərlə məhdudlaşmır, eyni zamanda sosial-iqtisadi və mədəniyyətlərarası münasibətlər sahəsini də əhatə edir.
Humanizm, tolerantlıq, hüququn aliliyi və ümumbəşəri dəyərlərin prioritetliyi kimi prinsiplərə malik olan inklüziv dialoqa dünya ictimaiyyətini narahat edən qlobal problemlərin və münaqişələrin aradan qaldırılması vasitələrindən biri kimi baxılır. Son 25 ilin təcrübəsi göstərir ki, “soyuq müharibə” başa çatdıqdan sonra yeni dünya nizamının tərkib hissəsi kimi meydana gələn qloballaşmanın müsbət cəhətləri ilə yanaşı, sülhün və sabitliyin təmin olunması məsələsinə münasibətdə onun müəyyən çatışmazlıqları da vardır.
Qloballaşma bir tərəfdən beynəlxalq inteqrasiya proseslərinə təkan verir, digər tərəfdən isə mədəniyyət və sivilizasiyalararası qarşıdurmaların meydana gəlməsi üçün sanki münbit şərait yaradır.
Sözsüz ki, burada mənfi meyillərin qarşısını almağın ən səmərəli yolu dövlətlərarası siyasi, sosial-iqtisadi, elmi və texnoloji sahələrdə qarşılıqlı əlaqələri möhkəmləndirməklə bərabər, inklüziv cəmiyyətin inkişafına nail olmaqdan ibarədir”.
Əli Həsənov qeyd edib ki, müxtəlif ölkələrdə millətçilik, separatizm və etnomədəni terrorizm hallarının baş verməsi harada yaşamasından asılı olmayaraq, bütün insanlardan dini inancların və milli mədəniyyətlərin yanaşı mövcud olması perspektivləri haqqında daha dərindən fikirləşməyi tələb edir:
“Dünya xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşaması üçün inklüziv dialoqun vacib olmasına baxmayaraq, təəssüf ki, hazırda onun mahiyyətini obyektiv şəkildə qiymətləndirə bilməyən yanaşmalar da var. Onların tərəfdarları hesab edirlər ki, guya inklüziv cəmiyyət və yaxud mədəniyyətlərarası dialoq dövlətin vahid mədəni məkanına, milli identikliyinə xələl gətirən dağıdıcı hadisə və proseslərə rəvac verə, etnik qruplar və miqrantlar isə ictimai-siyasi, kulturoloji problemlər yaratmaqla milli harmoniya və bütövlüyü poza bilər.
Lakin danılmaz həqiqətdir ki, bəşəriyyətin mütərəqqi inkişafının əsasında sivilizasiyalararası dialoq dayanır və onun sayəsində dünya mədəniyyəti zənginləşərək bugünkü inkişaf səviyyəsinə çatmışdır. Ona görə də ünvanına tənqidi fikirlər söylənilməsinə baxmayaraq, sivilizasiyalar və mədəniyyətlərarası dialoq müasir dövrdə cəmiyyətin sabit və dayanıqlı inkişafını, dini, etnik və mədəni müxtəlifliyini təmin edən mühüm faktorlardan biri olaraq qalır”.
Prezident köməkçisinin sözlərinə görə, Azərbaycan dünyada zəngin multikultural dəyərlərə və tolerant ənənələrə malik olan çoxmillətli dövlət kimi tanınır: "Ölkənin qədim dövlətçilik tarixində multikulturalizmin özünə xüsusi yer tutması milli-etnik dəyərlərin zənginləşməsinə böyük tövhələr verir. Azsaylı xalqların öz adət-ənənələrini, dini dəyərlərini qoruyub saxlaması polietnik birliyi möhkəmləndirən mühüm amillərdən biri kimi çıxış edir. Bu sahədə aparılan siyasətin nəticəsində dini, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının hüquqi bərabərliyi təmin olunur.
Təəssüf ki, bu gün dünyada dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir.
Qeyd edək ki, bu sahədə mövcud olan problemlərin çətinliyini və ağrı-acısını Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinin nəticəsində bir milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycan daha yaxından anlayır. Ona görə də bu qəbildən olan insanların öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi inklüziv dialoqun tərkib hissələrindən biri olmalıdır”.
Əli Həsənov qeyd edib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən müsəlman və qeyri-islam dini icmalarının milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmə işlərini yüksək səviyyədə aparmaları üçün dövlət tərəfindən onlara maliyyə yardımı göstərilir. İnklüziv cəmiyyətin inkişafından və multikultural dəyərlərin elmi-nəzəri baxımdan təhlil edilməsi zərurətindən irəli gələrək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.
Dini ekstremizmə qarşı mübarizənin hüquqi-təşkilati əsaslarının müəyyənləşməsi, bununla bağlı olaraq dövlət orqanlarının, vətəndaşların hüquq və vəzifələrinin təsbit olunması məqsədilə Azərbaycan Prezidenti 2015-ci ildə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunu təsdiq edib".
İlhamə ƏBÜLFƏT