10 May 2017 17:23
6 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar SSRİ Nazirlər Soveti Sədri Katibliyinin sabiq müdir müavini Vladimir Uxov "Report"un Rusiya bürosuna müsahibə verib.

- Heydər Əliyevlə 5 il birlikdə işləmisiniz. Onunla işləmək çətin idi?

- İş fəaliyyəti ərzində yaxşı qarşılıqlı anlaşma qurmuşduq. Onun idarəetmə təcrübəsi həddindən artıq çox idi və mənə sadəcə, bundan faydalanmaq, özüm üçün nə isə öyrənmək və öhdəmə düşən işi yerinə yetirmək qalırdı.

Hökumət sədri Nikolay Rıjkov məzuniyyət, xəstəlik zamanı və ya şəxsi istəyi işdən ayrıldığı zaman Heydər Əliyev onu tez-tez əvəz edərdi. Bir dəfə o, Siyasi Büronun iclasında Heydər Əliyevdən güc və hüquqi strukturların idarə olunmasındakı islahatlar layihəsini oxumağı xahiş etmişdi. Bu sahə Heydər Əliyevə heç tanış deyildi, çünki o başqa strukturları kurasiya edirdi. Mövzu hüquqi məsələlər haqqında olduğundan, çıxış üçün materialları hüquqşünaslar hazırlmalı idi. Ancaq onlar işlərinin öhdəsindən bərbad gəlmişdi.

Xoşbəxtlikdən işimi ehtiyatlı tutub özüm də hesabat hazırlamışdım. Yekunda bir qədər düzəliş edildikdən sonra məhz o, oxundu. O zamana qədər artıq Heydər Əliyevin özünə və ətrafındakılara qarşı yüksək tələblər qoyduğunu gözəl başa düşürdüm.

- Onun fəaliyyəti ilə bağlı hansı epizodları xatırlayırsınız?

- O, fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Komissiyaya rəhbərlik edəndən sonra yaşanmış iki hadisəni xatırlayıram. Hər iki halda dəniz qəzası baş vermişdi: 1983-cü ildə "Aleksandr Suvorov" teploxodu Ulyanovskda körpüyə dəyərək qəza törətmişdi, 1986-cı ildə isə "Admiral Naximov" buxar gəmisi "Pyotr Vasev" yük gəmisi ilə toqquşmuşdu. Son qəzanın faciəvi nəticələri oldu, çox sayda insan öldü və yaralandı. İnsan ölümü və "Admiral Naximov" gəmisinin qəzaya uğraması ona yaman pis təsir etdi. Orada olduğumuz üç həftə ərzində Heydər Əliyev keçirdiyi narahatlıqdan ciddi şəkildə arıqladı. Daim istidə olduğuna görə yaxşıca qaraldı. Onu nə buna qədər, nə də bundan sonra belə görməmişdim.

Anlamaq lazımdır ki, belə qəzalar onun nəticələrini aradan qaldıranlar üçün çox çətindir. Axı həlak olanların yaxınları, qohumları ilə danışmaq, kompleks çətin məsələləri yerində həll etmək lazımdır. Heydər Əliyevin əsas vəzifəsi məhz insanlar sakitləşdirmək idi. O, ölən və yaralananların qohumlarının görüş istəyinin heç birini yerə salmır, hamıya kömək edəcəyini söz verir və özü dövlətin qəbul etdiyi qərarların vaxtında yerinə yetirilməsinə nəzarət edirdi.

Günlərin birində qəzaya uğramış gəminin kapitanının oğlu ona yaxınlaşaraq atasının günahkar olmadığını, onu mühakimə etməməyimizi istədi. Heydər Əliyev ona insani formada cavab verdi: "Baş verən hadisədə sənin günahın yoxdur. Amma, oğlum, sən buralardan qaç, yoxsa səni tikə-tikə edərlər".

Novorossiyskdə Heydər Əliyev hər gecə Dənizçilər Evində görüş keçirir, dənizçilərin qohumlarının sullarını cavablandırırdı. Dəhşətli isti olduğundan təşkilatçılarda da müəyyən axsamalar olurdu.

Heydər Əliyev dəniz donanması nazirinin müavinini Komissiyada işdən azad edib və nazirdən başqa adanm göndərməsini xahiş edib. Komissiyanın heyətini Siyasi Büro müəyyənləşdirdiyindən, bu, çox cəsarətli addım idi.

Ümumiyyətlə, o, qətiyyətliliyi ilə fərqlənib, heç vaxt düşünülməmiş qərar qəbul etməyib. Çoxları elə bilir ki, qətiyyətli olmaq dərhal sözü üzə demək, nəyisə kəsmək və s. formada olur. Amma, bu, belə deyil. Heydər Əliyev qulaq asır, sual-cavab edir və yalnız bundan sonra qərar qəbul edirdi. O, yalnız qərar qəbul etməkdə yox, həm də onun sona qədər həyata keçirilməsində qətiyyətli idi.

- Onun nə vaxtsa özündən çıxdığını, emosiyalarını cilovlaya bilmədiyini görmüsünüzmü?

- Mən belə halı heç vaxt görməmişəm. Çox güclü təmkini var idi. Yalnız onun şiddətli töhmət verdiyini görmüşəm. Onun kabinetində tabeçiliyində olan qurumların rəhbərlərinin iclasları keçirilərdi. İclasların birində nəqliyyat naziri iştirak etmirdi, o, öz yerinə birinci müavinini göndərmişdi. Heydər Əliyevin nazirin niyə gəlməməsi ilə bağlı təəccüblə verdiyi suala nazir müavini rəhbərinin Mərkəzi Komitənin mühüm görüşündə olduğunu deməklə cavab vermişdi. Heydər Əliyev bunu eşidən kimi üz cizgiləri dəyişdi və ciddi şəkildə bildirdi: "Bilirsiniz, bizdə də ciddi məsələlər müzakirə olunur. Nazirə çatdırın ki, hansısa səbəbdən gələ bilməyəndə bunu xəbər verməli bə yerinə kimin iştiak edəcəyini dəqiqləşdirməlidir". Bu xəbərdarlığı hamı eşitdi və gələcək fəaliyyətləi üçün dərs olaraq aldı.

Bir gün ticarət naziri Qriqori Vaşenko mənə zəng etdi və Heydər Əliyevin iclasına gələ bilməyəcəyini, yerinə müavinini göndərəcəyini dedi. Ona xahişini qeyd edəcəyimi, amma özünün də Heydər Əliyevə xəbər verməsinin zəruriliyini bildirdim. Lakin Vaşenko zəng etmədi və iclasa özü gəldi.

Heydər Əliyevin məni də yüngülcə danladığı anlar olub. Amma onun özündən çıxmasını, səsini yüksəltməsini heç vaxt görməmişəm. O, özü ətrafında qarşılıqlı hörmət münasibətləri sistemini qoruyub saxlayırdı.

Ömrümdə yalnız 1 dəfə onun insan içində emosiyalarını büruzə verdiyinə şahidlik etmişəm. Bu, onun sevimli həyat yoldaşı Zərifə xanımın tabutu önündə olub. Hətta onda da o, özünü toparlayıb insanlarla ünsiyyət qurur, sonra isə yenidən tabutun olduğu məkana girib hönkür-hönkür ağlayırdı. O, həyat yoldaşının ölümündən bir həftə sonra Leninin növbəti yubileyi münasibətilə məruzə ilə çıxış etməli idi. Ona əvəzləmə təklif edilən zaman bundan imtina etdi və heç nəyə baxmayaraq özü çıxış etdi.

- O, Moskvadan Azərbaycan ilə necə əlaqə saxlayırdı?

- Ona bütün ölkələrdən, xüsusən də Azərbaycandan məktublar yazılırdı. O vaxt birinci katib Kamran Bağırov idi və respublikanın rəhbərliyindəki müxtəlif qruplar bir-biri barədə məlumat ötürürdü. Mən ona məktublardan çıxarışları icmal şəklində hazırlayırdım. Maraqlandığı məktubları sonra tam oxuyardı. O, həmişə respublikada baş verənlərlə maraqlanıb.

Amma əks əlaqə də var idi. O, qısamüddətli məzuniyyətləri vətənində keçirməyi xoşlayardı. Heydər Əliyev Azərbaycanın müxtəlif regionlarında qonaq olub, amma hər zaman Kremldə baş verənlərlə maraqlanıb. Mənə zəng edərdi və biz gizli hökumət kanalları ilə əlaqə qururduq. O, daha çox işlə, verdiyi tapşırıqların gedişatı ilə maraqlanardı.

- Heydər Əliyevin kurasiyasında olan sahələrdən biri də mədəniyyət olub. Onun mədəniyyət xadimləri ilə görüşlərini xatırlayırsınızmı?

- O, mədəniyyət xadimlərinə çox kömək edib. Onun kabinetində mədəniyyət xadimləri ilə müxtəlif məsələlərin müzakirə olunduğu bir çox görüşlər keçirilib. Bəziləri ad, bəziləri əmək haqqının artırılmasını istəyirdi. Bir dəfə Heydər Əliyev SSRİ Bəstəkarlar İttifaqının sədri Tixon Xrennikovla İosif Kabzonun qastrol səfəri ilə bağlı müzakirə aparıb. Xrennikov Kabzonun getməsinin əleyhinə idi, amma Heydər Əliyev məsələni müsbət şəkildə həll etdi.


Müəllif:

Oxşar xəbərlər