4 İyul 2017 13:21
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündən sonra dünyanın ən güclü iyirmi iqtisadiyyatına malik olan dövlətlərin liderləri Hamburqda bir araya gələcək, qlobal problemlərin həllinə dair müzakirələr aparacaq. Çoxları Hamburq müzakirələri zamanı super güclər arasında razılaşma və yeni balans mexanizminin yaradılacağını, dünyada müşahidə edilən gərginliyin nisbətən azalacağını hesab edir.

Teleqraf.com bu mövzuda politoloq Mehman Əliyevlə müsahibəni təqdim edir.

- Mehman bəy, dünyanın diqqəti Hamburqda keçiriləcək G-20 zirvəsinə yönəlir. Siz, dünya liderlərinin bu müzakirəsindən nə gözləyirsiniz?

- Əslində əsas məsələ Amerika ilə Avropa Birliyi ölkələri arasında olan problemlərdir. Sözsüz ki, dünyada cürbəcür təhlükələr mövcuddur. Ekoloji, terrorizm, iqtisadi, kasıbçılıq problemləri var. Vaşinqton istəyir ki, Avropa ölkələri bu problemlərin həllinə daha çox töhfə versin. Başqa sözlə, ABŞ öz üzərində olan yükün bir hissəsini atmaq istəyir. Bu məqsədlə onları qorxudur ki, hansısa sazişlərdən çıxa bilər və s. Bu mənada ziddiyyətlər var. Odur ki, ABŞ praktiki olaraq ölkələri qeyd edilən problemlərin həlli üçün daha çox töhfələr verməyə çağırır. O cümlədən Yaxın Şərqdə olan vəziyyət, Qətər problemi də bununla bağlıdır. Mənim qənaətimcə, artıq Yaxın Şərqdə terrorla bağlı proses yekunlaşmaq üzrədir. Burada daha prinsipial mövqe tutmaq və ardıcıl siyasət aparmaq məsələsi var. Həm də iqtisadi, enerji məsələləri olduqca vacib və əhəmiyyətlidir. Xüsusilə, neftin qiyməti. Yəqin ki, neftin qiymətini konkret həddə saxlamaq, dünya iqtisadiyyatının inkişafını irəli aparmaq planları var. Dünya iqtisadiyyatı indi az da olsa inkişaf edir, neftin qiyməti isə bu məsələdə əhəmiyyətə malikdir. Çalışılacaq ki, həm də neftin qiyməti indiki həddə, bəlkə də bir qədər ucuz səviyyədə saxlanılsın. Hamburqda gündəlikdə olan məsələlərdən biri də Şimali Koreya olacaq. Əsasən bu məsələlər müzakirə ediləcək.

- Hamburqda Trampla- Putin arasında görüş keçiriləcək, tərəflər Ukrayna və Suriya məsələsini müzakirə edəcək. Sizcə, dünyanın iki nəhəng dövlətinin liderləri arasında razılaşma əldə oluna bilərmi?

- Bəllidir ki, gündəmdə Rusiya məsələsi də var. Nəzərə alın ki, Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları davam etdirir. Yəni bəlli siyasət müşahidə edirik. Amma açığını deyim ki, Rusiya məsələsinə mənim baxışlarım bir qədər fərqlidir.

- Söhbət hansı baxışlardan gedir?

- Əslində mən Rusiya ilə ABŞ arasında konfrontasiya görmürəm. Rusiya və ABŞ-ın Suriyada açıq əməkdaşlığı var və biz bunu görürük. Ukrayna məsələsi isə tamam başqa məsələdir. Ukrayna, Suriya və müəyyən qədər də Türkiyə məsələsi Rusiyanın daxili stabilliyini təmin etmək baxımdan əhəmiyyətlidir. Rusiya uzun illərdir ki, dərin böhran yaşayır və bu, faktiki olaraq daxildə narahatlıq və qeyri-stabillik yarada bilərdi. Buna görə də xarici amillər işə salınıb ki, onlardan biri də Ukrayna məsələsidir. Ukrayna məsələsi də ikibaşlıdır. Ukrayna məsələsi bir tərəfdən Rusiya daxili ictimai fikrini yayındırmaq məqsədi güdürsə, ikincisi, Ukraynanın Avropa Birliyinə doğru getməsini sürətləndirir. Kiyevə bir tərəfdən Rusiya təzyiq edir, digər tərəfdən də Qərb. Rusların təzyiqi səbəbindən Ukrayna Avropaya üz tutur, ikincisi, Qərb təzyiq edir ki, islahatlar aparmasan, ortada tək qalacaqsan. Hər iki təzyiq mexanizmi Ukraynanı sürətlə Qərbə doğru dartır. Bu mənada hesab edirəm ki, ziddiyyətlər olsa da, Ukrayna və Suriya məsələsində pərdəarxası razılaşma var. Ziddiyyətləri isə mən oyun kimi qəbul edirəm.

- Ortada Türkiyə məsələsi də var. Ankara Moskva ilə yaxınlaşır, sanki Qərblə məsafə saxlayır. Hamburqda Türkiyə hansı üstünlük əldə edə bilər? Və ya onun mövqeyi daha da zəifləyə bilərmi?

- Türkiyədə də eyni proses gedir. Prezident Ərdoğan da xarici faktorlardan məharətlə istifadə edir. Türkiyə daxilində ciddi problemlər var idi və bundan çıxış üçün Suriyaya daxil olmaq, Rusiya ilə münasibətlər, Avropa ilə bəlli münasibətlər, islam faktoru ilə oynamaq müşahidə edildi. Əslində ABŞ və başqa ölkələrin Türkiyəyə dəstəyi var. Sadəcə Ərdoğan da Putin kimi bu amillərdən, xüsusilə xarici faktorlardan istifadə edir. Nəzərə alın ki, daxili faktor yalnız bir istiqamətlidir - iqtisadiyyatın inkişafını və artımını təmin etmək. Bu da hələlik çətindir.

- Hamburqda böyük qüvvələr arasında kompromis, razılaşma əldə ediləcək, yoxsa hər kəs üçün öz maraqları əsas təşkil edəcək?

- Böyük qüvvələr arasında razılaşma var, həmişə də olub. Hamburq görüşü bəlkə də yeni addımların, planların təsdiqi məsələsidir. Hamburqda ikitərəfli və çoxtərəfli müzakirələr olacaq. Məncə, vacibi ikitərəfli müzakirələrdir. Mən Hamburqda ciddi bir hadisə gözləmirəm.

- Şimali Koreya ilə bağlı hansı qərar verilə bilər?

- Şimali Koreya ilə bağlı daha çox sanksiyalar məsələsi müzakirə edilə bilər. Xüsusilə, çalışılacaq ki, Pxenyana qarşı sanksiyalar vahid formada həyata keçirilsin. Burada xüsusi rolu Çin oynayır. Bəllidir ki, buna qədər Vaşinqton-Pekin danışıqları aparılıb və razılaşma əldə olunub. Başqa sözlə, Çin prosesə qoşulub. İndiki mərhələdə Rusiyanın ciddi təsiri var. Bu mənada hesab edirəm ki, Şimali Koreya ilə bağlı Hamburqda daha ciddi razılaşma əldə oluna bilər.

- Körfəz böhranına dair hansısa qərar və ya çağırış edilə bilərmi?

- Nəzərə alın ki, Amerika Qətər Əmirliyinə müraciətində bildirdi ki, danışıqlar vasitəsilə problemin həlli yollarını tapmaq lazımdır. Bu o deməkdir ki, orada hansısa qərarlar, razılaşma və kompromislər var. Əks halda Vaşinqton Qətərə belə müraciət etməzdi. Mümkündür ki, Hamburqda G-20 zirvəsi Körfəzdə tərəfləri bir araya gəlməyə, problemi danışıqlar yolu ilə həll etməyə dair çağırış etsin.

- ABŞ-İran münasibətlərində də gərginlik hökm sürür. Bu gərginlik hansı mərhələyə qədər davam edəcək?

- Hər hansı bir gərginlik yoxdur, əvəzində maraqlar məsələsi var. ABŞ deyir ki, görüşmək, müzakirələr aparmaq, nələrisə yoluna qoymaq lazımdır. Baxın, ABŞ Avropa ölkələrinə deyir ki, təhlükəsizlik məsələlərinə vəsait ayırmaq lazımdır. Bəzi ölkələr də hesab edir ki, bu vəsaitin ayrılması onlara sərf etmir və buna ehtiyac da yoxdur. Bunun ardınca Ukrayna böhranı yaranır, rus qırıcıları Qara dəniz üzərində təhlükəli uçuşlar həyata keçirir. Sanki bəlli olur ki, ciddi təhlükə var. Dərhal Latviya, Litvada NATO-nun hərbi hissələrinin yerləşdirilməsi məsələsi ortaya çıxır və s. Yəni bu formada proses gedir və Avropadan bu istiqamətdə ciddi iştirakçılıq tələb edilir. Əslində isə orada ciddi problem yoxdur. Demək istəyirəm ki, Rusiyanın da öz maraqları var, bunu qoruyur və s. Amma ciddi ziddiyyət yoxdur.

- Bəzi ekspertlər deyirlər ki, yaxın gələcəkdə nüvə müharibəsi təhlükəsi real olacaq...

- Mən o ekspertlərin fikrini ciddi qarşılamıram. Rusiyaya qarşı sanksiyalar tətbiq olunsa da, həm də dəstək verirlər. Dəstəyi ona görə verirlər ki, Rusiyada problemlər yaranar, qeyri-stabillik olar, nüvə silahı başqasının əlinə düşər və s. Ona görə də ruslara Putin lazımdır. Bax bu səbəbdən də Putinin müqavimət göstərməsi, mübarizə aparması təbliğ olunur. Demək istəyirəm ki, həmin ekspertlərin fikirləri ciddi deyil.


Müəllif: Cavad

Oxşar xəbərlər