18 İyul 2017 16:33
658

13:53

Azərbaycan prezidenti İlham Əliyev iyulun 18-də Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmas ölkəmizə səfərinin uğurlu olduğunu, nazirliklərdə və təşkilatlarda keçirilən çoxsaylı məhsuldar görüşləri və onlara göstərilən qonaqpərvərliyi məmnunluqla qeyd edib. Azərbaycanın çox maraqlı və əməkdaşlıq üçün açıq ölkə olduğunu vurğulayan avstriyalı nazir ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib. Sofi Karmas deyib ki, ölkəsi Azərbaycana müvafiq nou-hauların həyata keçirilməsi işində dəstək verməyə hazırdır.

O, iyulun 17-də Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olarkən ona ölkəmizdə elektron hökumətlə bağlı maraqlı layihələr barədə məlumat verildiyini deyib. Qonaq bu layihələrin Avstriya üçün çox böyük maraq doğurduğunu və gələcəkdə həmin layihələrin öyrənilməsində və tətbiq edilməsində maraqlı olduqlarını bildirib.

Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmas SOCAR-da keçirdiyi görüşlərdən də məmnunluq ifadə edərək orada da ətraf mühitin qorunması ilə bağlı maraqlı layihələrlə tanış olduqlarını diqqətə çatdırıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Avstriya arasında tərəfdaşlıq əlaqələrinin yeni sahələri əhatə etmək məqsədilə əməkdaşlıq formatının genişləndirilməsinin vacibliyini bildirib. Dövlət başçısı Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasın Azərbaycana səfərinin məhsuldar olacağına və yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək bu səfərin əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsinə öz töhfəsinin verəcəyinə ümidvar olduğunu deyib.

***

14:37

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

Prezident İlham Əliyev Rəşid Meredovun ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Türkmənistan ilə bərqərar olmuş qardaşlıq münasibətlərinə böyük önəm verir və bütün sahələrdə əlaqələrimizin genişləndirilməsində maraqlıdır. Prezident İlham Əliyev qeyd edib ki, bunu həm xalqlarımız arasında mövcud olan tarixi əlaqələr, həm də bugünkü reallıqlar zəruri edir və biz bu cür münasibəti Türkmənistan tərəfindən də görürük. Dövlət başçısı bu baxımdan qarşıdakı illərdə əməkdaşlığımızın və tərəfdaşlıq əlaqələrimizin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə fəal əməkdaşlıq həyata keçirildiyini deyən Prezident İlham Əliyev qardaş və qonşu ölkələrimiz arasında qarşılıqlı fəaliyyət üçün yeni imkanların yaradılması, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səyləri əsirgəməyəcəyini bildirib. İyulun 19-da ölkəmizdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri arasında keçiriləcək görüşə toxunan Prezident İlham Əliyev bunun yaxşı əməkdaşlıq formatı olduğunu vurğulayaraq bu formatın üçtərəfli əlaqələr və regional məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov deyib:

“İlk növbədə icazə verin qardaşınız, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından səmimi salamları və dərin ehtiramı Sizə çatdırım. Mən Bakıya gələrkən o bildirib ki, Türkmənistan ilə Azərbaycan arasında əlaqələr bu gün fəal şəkildə yüksələn xətlə inkişaf edir və bu inkişaf dinamikası ilk növbədə iki dövlət başçısı arasında mövcud olan açıq, səmimi və dostluq xarakteri daşıyan siyasi təmaslara əsaslanır”. Rəşid Meredov qeyd edib ki, Türkmənistan və Azərbaycan prezidentlərinin görüşləri və təmasları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsi işinə güclü təkan verir. Bu münasibətlər siyasi, diplomatik dəyərləndirmə baxımından nümunəvi xarakter daşıyır. O, vurğulayıb ki, əlaqələrimizin gündəliyində duran məsələlər həm ikitərəfli münasibətlər baxımından, həm də regional və qlobal baxımdan aktualdır.

Dövlət başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.


Müəllif: Teleqraf.com